Sülhəddin Əkbər: ”Status-kvo Rusiyanı qane etmir”
Hikmət Hacızadə: ”Lavrov hakimiyyəti razı salmağa gəlib”
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri və səsləndirdiyi fikirlər bir sıra suallara yol açıb.
Meydan TV-nin suallarını cavablandıran siyasi şərhçi Sülhəddin Əkbər hesab edir ki, dünyada, xüsusilə Cənubi Qafqaz regionunda geosiyasi qarşıdurma həlledici mərhələyə daxil olduğundan Kreml Ermənistan-Azərbaycan danışıqlarında fəallaşıb:
“Bugünə qədər status-kvo Rusiyanı qane edirdi, hazırda isə münaqişə vasitəsilə Ermənistan və Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaq istəmir. Səbəb də bu asılılığın təminatlı olmamasıdır”.
Şərhçi fikrini əsaslandırmaq üçün GUAM ölkələrinin Avropa Birliyi ilə assosiativ sazişi imzaladığı zaman Ermənistanın da sənədi imzalamaq niyyətində olduğunu xatırlatdı: “Moskva o zaman anladı ki, dondurulmuş münaqişə tərəflərini, hətta öz yaxın müttəfiqini də nəzarətdə saxlaya bilmir. Əgər Ermənistanı özündən asılı vəziyyətdə saxlaya bilmirsə, deməli, əlavə “tədbirlər”ə ehtiyac var. Bu təminatı da yalnız Rusiya silahlı qüvvələri yarada bilər. Rusiya silahlı qüvvələri olmadıqda isə Azərbaycanın hansı addım atacağını təsəvvür edin. Ona görə də başlıca məqsəd rus silahlı qüvvələrini təmas xəttinə gətirməklə münaqişəni yeni səviyyəyə gətirməkdir”.
S.Əkbər Rusiyanın Bakıdakı səfiri Doroxinin iyulun 10-da ANS-ə “rus silahlı qüvvələrinin bölgəyə gətirilməsi müzakirə belə olunmur” açıqlamasını belə dəyərləndirdi: “Necə müzakirə olunmur ki, xarici işlər naziri Sergey Lavrov aprel əməliyyatlarından sonra müsahibələrinin birində Azərbaycanla Gömrük Sazişinin, Avrasiya İttifaqının diskussiya predmeti olduğunu demişdi? “Lavrov Planı”nın əsası odur ki, 5 rayon Azərbaycana qaytarılır, Ermənistanı razı salmaq üçün Dağlıq Qarabağa aralıq status verilir, təhlükəsizlik təminatı üçün sülhməramlı qüvvələr adı altında təmas xəttində rus silahlı qüvvələri yerləşdirilir. Əgər rəsmi Bakı bu planla razılaşsa, Dağlıq Qarabağ da, Azərbaycanın müstəqilliyi də itiriləcək. Ardınca Rusiyanın tələbləri daha sərt şəkildə ifadə olunacaq, rəsmi Bakının qarşısına Gömrük Sazişini imzalamaq və Avrasiya İttifaqına üzv olmaq öhdəliyi qoyulacaq. Rusiya silahlı qüvvələrinin bölgəyə gəlməsi nəticəsində Ermənistan kimi Azərbaycan da iqtisadi-siyasi və strateji sahədə imkanlarını itirəcək. Bu, o deməkdir ki, İranla sərhəd və hava məkanı rus hərbçilərinin nəzarətinə keçir. 1991-ci ildən müstəqillik istiqamətində əldə etdiyimiz bütün nailiyyətlər sıfırlanır”.
“Hakimiyyətin davranışıları “Lavrov planı”nın gerçəkləşəcəyinə əsas verirmi” sualına gəlincə, Sülhəddin Əkbər bildirdi ki, hakimiyyət iki şeyə arxayındır: “Rəsmi Bakı düşünür ki, Ermənistan bu plana razı olmayacaq, çünki o ölkədə dörd mühüm institut var: birinci, Azərbaycandan fərqli olaraq erməni müxalifəti mütəşəkkil güclüdür, ikinci, erməni kilsəsi, üçüncü, erməni diasporası və nəhayət, Fransa və ABŞ-da erməni lobbisi var. Azərbaycanda olmayan bu dörd amil rəsmi Bakını arxayın edir ki, mövcud Ermənistan hakimiyyəti Rusiya qarşısında geri çəkilməyəcək. İkinci də Azərbaycan hakimiyyəti ona arxayındır ki, müstəqillik qazanandan enerji, nəqliyyat və ticarət layihələrinin tam gerçəkləşməsindən yararlanan ABŞ, Avropa Birliyi və Türkiyə bundan vaz keçməyəcək. Hazırda geosiya qarşıdurmanın həlledici mərhələyə keçdiyi dövrdə Rusiyanın əlində iki silah var: enerji və hərbi-sənaye. Birincini Azərbaycandan istifadə etməklə Rusiyanən əlindən almaq istəyirlər. Qərb üçün bundan vaz keçmək çox dərin və strateji səhv olardı. Hakimiyyət də buna arxayındır”.
“Bəs hakimiyyətin arxayınlığı əsaslıdırmı” sualına Sülhədin Əkbər cavab verdi ki, tam əsaslı deyil, çünki Moskvanın əlavə “kartları” işə düşə bilər və rəsmi Bakı buna hazır deyil: “Əlavə kart dedikdə, aprel əməliyyatlarından fərqli olaraq bu dəfə münaqişə alovlansa, Moskva İrəvanı dəstəkləyəcək. Apreldə Rusiya Azərbaycanı dəstəkləməklə Ermənistandakı dörd qüvvəni sıradan çıxartmaq niyyəti güdürdü. Əlavə kardın ikincisi ölkədə süni separatçılıq yaratmaq, üçüncü “beşinci kolon” vasitəsilə daxildə ictimai-siyasi sabitliyi pozmaqdır, dördüncü ən təhlükəlisi terror kartını işə salmaqdır”.
Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə isə hesab edir ki, Lavrovun Bakı səfəri Rusiyanın Qarabağ planıyla bağlıdır: “Bu planın mahiyyətini Rusiya prezidentinin mətbuat katibi Peskov ifadə edib, o deyib ki, əsas problem Qarabağın təhlükəsizlik təminatıdır. Təhlükəsizlik təminatı deyəndə, təmas xəttində yerləşdirmək istədikləri rus hərbçiləri nəzərdə tutulur. Lavrov da gəlib hakimiyyəti razı salmağa. Məsələ ondadır ki, Ermənistan rayonları qaytarmaq istəmir, əsasları da Azərbaycanın bundan sonra təhlükəsizliyə təminat verməyəcəyidir. Təminatı isə Rusiya verə bilər. Azərbaycan hakimiyyəti hələ dirənib, başqa izah görmürəm”.