Lavrov Ukrayna ilə görüş üçün məkan kimi Vatikanın seçilməsini “uyğunsuz”  adlandırıb

Lavrov. Foto: Meydan TV

Onun fikrincə, bu, Vatikan üçün də “çox da komfortlu” olmaz

Rusiya ilə Ukrayna arasında danışıqların Vatikanda keçirilməsi real deyil, görüşün vaxtı və yeri hələ müəyyənləşdirilməyib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Çox adam xəyal qurur – görüş nə vaxt, harada olacaq. Hazırda bu barədə konkret ideyalarımız yoxdur”, – deyə Lavrov bildirib.

“Demək istəyirəm ki, o qədər də real olmayan variantlar üzərində beyin yorulmasın. Vatikanı danışıqların keçiriləcəyi məkan kimi təsəvvür edin – bu, bir az uyğun deyil”.

Lavrov əlavə edib ki, söhbət iki pravoslav ölkənin “katolik platformasında” görüşündən gedir və bu, onun fikrincə, Vatikan üçün də “çox da komfortlu” olmaz.

Əvvəlcə “The Wall Street Journal” mənbələrinə istinadən yazıb ki, Moskva və Kiyev arasında növbəti danışıqlar raundu iyunun ortalarında Vatikanda baş tuta bilər.

“Bloomberg”in mənbələri isə bildirib ki, əgər Moskva Vatikanı vasitəçi kimi qəbul etsə, görüş artıq gələn həftə keçirilə bilər. Yeni Roma Papası XIV Lev bu rolu oynamağa hazır olduğunu bəyan edib.

Kreml isə bu məsələdə konkret razılaşmaların olmadığını bildirib.

2022-ci ildən bəri ilk birbaşa Rusiya–Ukrayna danışıqları bu il mayın 16-da İstanbulda baş tutub. Tərəflər “1000-ə 1000” hərbi əsir mübadiləsi və atəşkəsin şərtlərinin hazırlanması barədə razılığa gəliblər.

“Bloomberg” yazır ki, Rusiya danışıqları Türkiyədə davam etdirməyi planlaşdırır.

Ana səhifəDünyaLavrov Ukrayna ilə görüş üçün məkan kimi Vatikanın seçilməsini “uyğunsuz”  adlandırıb