Lavrov: Ermənistan-Türkiyə münasibətlərinin açarı Dağlıq Qarabağdadır

Rauf Mirqədirov: ”Krım və Donbas məsələsinə görə ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edib”

Source:


Rauf Mirqədirov: ”Krım və Donbas məsələsinə görə ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edib”

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər”. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Türkiyənin Dağlıq Qarabağın təcrid olunmasının aradan qaldırılmasını, regionda normal qarşılıqlı iqtisadi münasibətlərin bərqərar olunmasını təmin etməklə, prosesdə müsbət rol oynaya biləcəyini vacib faktor kimi hər zaman nəzərə alırıq. Ermənistan və Türkiyə əldə etdikləri razılaşmanın icrasına Dağlıq Qarabağ münaqişəsi nəzərə alınmadan qayıtsa, çox şad olardıq. Lakin belə hiss edirik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli açar rolunu oynayır”, – deyə o bildirib.

“Zerkalo” qəzetinin icmalçısı Rauf Mirəqədirov Meydan TV-yə deyib ki, Sergey Lavrovun açıqlamasından iki nəticəyə gəlmək mümkündür.

O, öncə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun 13 oktyabrda verdiyi

bəyanatı

xatırladıb: “Uşakov Kremlin münaqişənin həlli baxımından o qədər də nikbin olmadığını söyləmişdi. Əslində, Rusiyanın aprel döyüşlərindən sonrakı təşəbbüsləri iflasa uğrayıb. Uşakov da bunu açıq şəkildə bəyan etdi. Son dövrlər Putinin əsas dayaq nöqtəsi xarici siyasətdir, amma o, Qarabağ münaqişəsinə demək olar ki, toxunmur. Hətta Türkiyə səfərində də bu barədə danışmadı. Ancaq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun 5 rayonla bağlı əcaib səslənən bəyanatı xoş məramdan başqa bir şey deyil. Bu, masa üstündə olan variantlardan birinin səsləndirilməsidir. 5 rayonun qaytarılması rəsmi Moskvanın maraqlarına uyğun gəlir və Ankaranın İrəvanla əlaqələrini açır. Amma bu, Azərbaycanın 5 rayon variantını qəbul etməsi demək deyil, sadəcə, müzakirə olunan variantlardan biridir”.

Rauf Mirqədirov bildirib ki, Sergey Lavrovun açıqlamasından çıxan ikinci nəticə Rusiya-Türkiyə münasibətlərində kifayət qədər problemlərin olmasıdır: “Söhbət yalnız Suriyadan getmir, Lavrovun açıqlaması Ankara və Moskvanın Cənubi Qafqazda baş verən olaylara fərqli yanaşdığını göstərir. Lavrov bir neçə il əvvəl Sürixdə Ermənistanla Türkiyə arasındakı razılaşmanı xatırladır, qeyd edir ki, proseslər həmin razılaşma istiqamətində getmiş olsaydı, Dağlıq Qarabağ münaqişəsi nəzərə alınmadan Ankara-İrəvan münasibətləri qurulsaydı, bu, Moskvanı təmin edərdi. Hətta rusiyalı nazir Dağlıq Qarabağın təcriddən çıxarılmasını da vurğulayır. Lavrov demək istəyir ki, bunlar reallaşmasa, Türkiyə münaqişənin həllində müsbət rol oynaya bilməz. Lavrovun dediklərinin əsas məzmunu budur ki, Türkiyə Ermənistanın və Dağlıq Qarabağın vəziyyətinin yaxşılaşması üçün addımlar atmalıdır. Faktiki olaraq, Rusiya xarici işlər naziri Ermənistanın dediyini təkrarlayır – Türkiyə birbaşa Azərbaycanı dəstəklədiyi üçün münaqişənin həllində heç bir rol oynaya bilməz. Fikir verirsiniz, Lavrov deyir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli açar rolunu oynayır. Belə çıxır ki, Türkiyə münaqişənin həllində heç bir müsbət rol oynamır. Rəsmi Moskvanın mövqeyi bundan ibarətdir”.

Rauf Mirqədirov foto sosial şəbəkə

Rauf Mirqədirov hesab edir ki, Türkiyənin Ermənistanla münasibətləri beynəlxalq normalara uyğundur: “Bu gün beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunduğunu deyir. Bu, Avropa Birliyinin, ABŞ Dövlət Departamentinin, BMT-nin, Avropa Şurasının müxtəlif qətnamə və qərarlarına salınıb. İşğal məsələsində yalnız Rusiya susur. Bu normaların pozulmasınagörə, kollektiv və fərdi sanksiyalar tətbiq oluna bilər. Kollektiv sanksiyaları müxtəlif təşkilatlar, fərdi sanksiyaları isə dövlətlər gerçəkləşdirir. Əgər işğal faktı təstiqlənirsə, Türkiyəyə Ermənistanla əlaqələr qurmaq təklifi ən azı məntiqə ziddir. Məsələn, Krım və Donbas məsələsinə görə ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bu praktika artıq bütün dünyada var. İndi Türkiyədən ötən əsrin əvvəllərində baş verən olaylara görə işğalçıya qarşı fərqli münasibət tələb etmək absurddur. Onsuz da dünya tarixi müharibələr tarixidir. Onda Rusiya deməlidir ki, Almaniya ikinci dünya müharibəsinə görə ona qarşı sanksiyalara qoşulmamalıdır, bu, absurd olardı”.

Ana səhifəAnalitikaLavrov: Ermənistan-Türkiyə münasibətlərinin açarı Dağlıq Qarabağdadır