“Lavrov demək istəyir ki, iştirakım olmadan heç kəsə xəritə verməyəcəm”

Sergey Lavrov, Alexandros Michailidis/shutterstock

Siyasi şərhçilər rusiyalı nazirin çıxışına münasibət bildirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Brüsseldə Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası ilə bağlı komissiyanın iclasının keçirilməsini təəccüblə qarşılayıb. Rusiyalı nazir bu barədə dekabrın 1-də keçirdiyi mətbuat konfransında danışıb.

S.Lavrovun sözlərinə görə, ona təsəvvür etmək çətindir ki, Rusiyanın Baş Qərargahında mövcud olan keçmiş sovet respublikalarının xəritəsi olmadan, delimitasiya məsələsini və eyni ilə sülh müqaviləsini necə müzakirə edirlər.

“Alma-Ata bəyannaməsində açıq şəkildə göstərilir ki, yeni dövlətlərin sərhədləri SSR-in tərkibində olduğu keçmiş SSRİ respublikaları arasındakı inzibati sərhədlərə əsaslanacaq və bu zaman Dağlıq Qarabağ Muxtar Vilayətinin birmənalı olaraq Azərbaycanın tərkib hissəsi olması göstərilir. Soçidə Əliyev və Paşinyan Praqadan BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsi əsasında imzalamaq niyyətində olduqları sülh müqaviləsini sənəd kimi gətiriblər”,- deyə Lavrov fikrini yekunlaşdırıb.

Sergey Lavrovun söylədiklərini şərh etməyin çətin olduğunu Meydan TV-yə söyləyən Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, sual həmin iclasda iştirak edənlərə ünvanlamalıdır:

Elmar Məmmədyarov
Mənbə: arxiv

“Çünki hansı xəritə ilə və necə işlədikləri haqda məlumat olmalıdır. Ümumiyyətlə, kim işin içindədir, ondan soruşmaq lazımdır. Mən isə bu məsələnin detallarını bilmirəm. Yeganə onu deyə bilərəm ki, Praqa bəyanatında əsas vurğu BMT Nizamnaməsi və 1991-ci ilin Alma-Ata deklarasiyasına yönəlib. Bu, o deməkdir ki, SSRİ dağılanda keçmiş respublikaların hansı sərhədləri var idi, yəqin ki, onun əsasında olmalıdır. Amma suala daha dəqiq cavabı işin içində olanlar cavab verə bilər”.

Siyasətçi Azər Qasımlı Lavrovun açıqlamasını “çox biabırçı bəyanat” adlandırıb:

“Lavrov demək istəyir ki, baxın, xəritə məndədir, iştirakım olmadan bu iş olsa, heç kəsə xəritə verməyəcəm. Əgər Rusiya Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəyirsə, niyə xəritəni gizlətməlisən, verməməlisən, əlində “kozır” kimi saxlamalısan?! Lavrovun bəyanatı Rusiyanın bölgədə sülh istəyinin olmadığını və bütün gedişatın nəzarəti altında davam etməsini göstərir”.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Azər Qasımlı hesab edir ki, ADR dövründən də xəritələr qalıb və delimitasiya məsələlərini bu cür mürəkkəbləşdirməyə ehtiyac yoxdur:


“Yəni Azərbaycanla Ermənistan sülh şəraitində yaşamaq istəsələr, problemi aradan qaldırmaq üçün xəritə lazım olmayacaq. Əsas istək və siyasi iradədir. Çünki məsələ aşağı-yuxarı bəllidir. Düzdür, demarkasiya, delimitasiya məsələləri dəqiqlik tələb edir, amma sülh şəraitində yaşamaq istəyən hökumətlər, xalqlar bu mərhələni də aşa bilər”.

Ana səhifəSiyasət“Lavrov demək istəyir ki, iştirakım olmadan heç kəsə xəritə verməyəcəm”