”Lavrov Azərbaycanın maraqlarına cavab verməyən mövqe sərgiləyib”

Rauf Mirqədirov: ”Yaxın vaxtlarda Rusiya tərəfdən fəallıq gözləməliyik”

Source:


Rauf Mirqədirov: ”Yaxın vaxtlarda Rusiya tərəfdən fəallıq gözləməliyik”

“Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır”.

APA-nın Moskva bürosunun məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

Nazir münaqişənin həlli ilə bağlı bir sıra sənədlərin mövcud olduğunu deyib.

S.Lavrov 2016-cı ilin aprel olaylarının dərin narahatlıq yaratdığını söyləyərək Kremlin qan tökülməsinin qarşısının alınmasında vacib rol oynadığını vurğulayıb.

“Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması məsələsi ilə bağlı ATƏT daxilində konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar”.

Rusiya baş diplomatının fikirlərini Meydan TV-yə şərh edən siyasi şərhçi Rauf Mirqədirov deyir ki, Sergey Lavrov ənənəvi Azərbaycanın maraqlarına cavab verməyən mövqe sərgiləyib:

“Əsas mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi işğal olunan ərazilərin azad olunması arasında birbaşa əlaqə var. Əslində, bu birbaşa əlaqə münaqişənin həlli istiqamətində atılması olan ən böyük maneədir. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə baxsaq, həmin sənədlərin heç birində Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların azad olunması ilə yekun statusun müəyyənləşməsi arasında birbaşa əlaqə yoxdur. Ərazilərin azad olunması və ondan sonra Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi fərqli məsələlərdir. Hətta BMT Təhlükəsizlik Şurasının qətnamələrində bir maddəyə görə ərazilərin işğalı, yaxud işğalı təhdidi hər hansı bir məqsədlərin əldə edilməsi üçün vasitə kimi istifadə oluna bilməz. Lavrovun dediklərində birbaşa vasitə kimi istifadə olunur”.

R.Mirqədirov deyib ki, Sergey Lavrovun bəyanatında fikir ayrılığının ATƏT, yoxsa Minsk Qrupu daxilində olduğu məlum olmur:

Rauf Mirqədirov

“Çünki bunlar eyni şey deyil. Hər halda ATƏT-nin geniş tərkibdə Dağlıq Qarabağda hər hansı missiyanın yerləşdirilməsi barədə müzakirələr apardığını eşitməmişdik. Lavrov fikir ayrılığının daşıyıcılarının kimlər olduğunu açıqlamadığından anlaşılmazlıq yaranır. Bəlkə Ermənistan və Azərbaycandır? İnstdentlərin tədqiqi məsələsində rəsmi Bakının fərqli mövqeyi var və bu məsələ münaqişənin hərb yoluyla həllini istisna edən bir mexanizmə çevrilməməlidir. Çünki gələcəkdə tərəflərə hansısa sanksiyaların mümkünlüyü Azərbaycanın problemin həlli istiqamətindəki manevr imkanlarını məhdudlaşdırır. Bu, həm də beynəlxalq güclər tərəfindən birmənalı qarşılanmayacaq. 90-cı illərdə Rusiya gizlətmirdi ki, bu və ya digər təşkilatın bayrağı adı altında öz qüvvələrini regionda yerləşdirmək istəyir. Beynəlxalq güclər arasında da bunun əleyhinə çıxanlar vardı, Ermənistanın özü də Moskvanın bu məsələyə birbaşa nəzarət etməsinin tərəfdarı deyildi. Düşünürəm ki, yaxın vaxtlarda ən azı Rusiya tərəfindən müəyyən bir fəallıq gözləməliyik. Bu fəallıq heç də münaqişənin həlli istiqamətində olmaya da bilər, vəziyyəti gərginləşdirmək istiqamətində də ola bilər”.

Ana səhifəAnalitika”Lavrov Azərbaycanın maraqlarına cavab verməyən mövqe sərgiləyib”