Lavrov Azərbaycana gəlir

Foto: Meydan TV

Onun Ceyhun Bayramovla müzakirələr aparacağı gözlənilir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.

O deyib ki, Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək: “İyunun 23-24-də xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək. Onun azərbaycanlı həmkarı ilə görüşü planlaşdırılır”.

“Onlar fevralın 22-də Moskvada imzalanan “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafını müzakirə edəcəklər”, – deyə Zaxarova vurğulayıb.

M.Zaxarova əlavə edib ki, nazirlər həmçinin bir sıra regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. Əsas diqqət isə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli razılaşmaların icrasına yönələcək.

İyunun 15-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi də Azərbaycana səfər edib.

Günün birinci yarısında Karen Donfridinin Prezident İlham Əliyevlə görüşdüyü bildirilib.

Məlumatı “president.az” yayıb.

“Görüşdə əlaqələrimizin gündəliyinin geniş olduğu qeyd edildi, onun enerji sahəsində əməkdaşlıq, regionda təhlükəsizlik, postmünaqişə dövrü, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması və digər məsələləri əhatə etdiyi bildirildi”, – deyə rəsmi məlumatda deyilir.

Ana səhifəSiyasətLavrov Azərbaycana gəlir