Lavaş müharibəsi

Erməni, özü də milləti ilə fəxr edən erməni olsaydım…

Source:

Tiflisdə bir gürcü qızı ilə tanış oldum. Atası rus, anası gürcü idi. Adı rus adıydı, soyadı sonluğu «ova». Kimsə ona yalan-gerçək demişdi ki, nənən ermənidi. İndi bu bacı istənilən məclisdə, istənilən söhbətdə damarlarında erməni qanı axdığını böyük qurur hissi ilə danışırdı. Damarlarında erməni qanı axmağı ilə fəxr eləyirdi.

Berlində bir rus qızı gördüm. Adı da rus adıydı, soyadı da. Qız ermənilərin tarixini öyrənirdi. Ermənilər ona maraqlı, spesifik millət kimi gəlirdi. Erməni filmlərinə baxır, tarixini, adətlərini, folklorunu öyrənir, İrəvana səfər edir, erməni boyfrend arzulayırdı. Öz hobbisi ilə bütün gecəni burnumuzdan gətirdi, bir tikə zəhərimizi yeməyə imkan vermədi, gecə uzunu rus və ingilis dilini qarışdırıb «armyanskaya aydentiti, armyanskaya aydentiti» deyə-deyə baş-beynimizi apardı. Qadın intuisiyası ilə hiss elədim ki, ortada bu qızı ermənilərin şanlı tarixi ilə tanış edən yaxşı bir qardaş söhbəti var.

Bu, göstəricidir. Ermənilər dünyaya maraqlı, spesifik millət olduqlarını göstərə biliblər. Dünya erməni adlı bir milləti tanıyır, qəbul edir və maraqlanır. Hollivud erməni soyqırımı barədə film çəkir. Ukraynalı rejissor Paracanov barədə film çəkir. Model Kim Kardaşyan (bizimkilərin bu qadını «pornoulduz» adlandırmağı çox ucuz, çox məzlum qisas aktıdır) genlərində 25 faiz ermənilik olması ilə fəxr edir.

Burda uzun bir şahiyə çıxım. İnsan toplumunun ölkə, dövlət, müxtəlif mədəniyyətləri, entik azlıqları birləşdirən  xalq kimi deyil, məhz millət olaraq dünyaya maraqlı olma arzusu mənə çatmır. Mənim dünyagörüşümə görə, insan vətəndaşı olduğu ölkəni, bu ölkənin mədəniyyətini, ovqatını, ruhunu təmsil edir. Məsələn, atam da, anam da, yeddi arxa dönənim də azərbaycanlı olduğu halda, Uqanda vətəndaşı olsaydım, kimsə maraqlansa, özümü Uqandalı kimi təqdim edərdim. Mənə maraqlı deyil, damarımda axan qan kimindir. Hansı millətdindir. Bu millət qədimdir, ya qədim deyil. Uludur, ya ulu deyil. Sazı-sözü, muğamı, dolması var, ya yoxdur. Damarda axan qanla fəxr eləməyin axırını bütün bəşəriyyət gördü. İkinci Dünya Müharibəsindən sonra hələ də damarda axan qanla fəxr etmək sadəcə cındırlıqdı. Fərqi yoxdu, fəxr edən kimdi, azərbaycanlı, yoxsa erməni.

Bir dəfə ev sahibəmizdən ərini soruşdum. Dedi ki, almandır. Ərinin görəndə yüngül bir şok keçirdim, çünki kişinin  antropoloji quruluşu və rəngi onun afroamerikalı olduğunu deyirdi. Sonra başa düşdüm ki, Almaniya vətəndaşlığını alan adam həmin andan özünü alman kimi təqdim etmək şaqqı qazanır. Afroamerikalı, asiyalı, nə bilim, latinos. Fərqi yoxdur, vətəndaşlıq aldınsa, almansan. Heç bir alman bu adamın başqa millətdən olduğuna eyham vurmaz.

Millətçilik, milli təəssübkeşlik ya ən uğursuz adamların, ya da millət söhbətini sağmal inək kimi sağanların işidi. Əlbəttə, sənin fəxr edəcək təhsilin, savadın, intellektin, maddi imkanların, çevrən, həyatın yoxdusa, məcbur qalıb, millətinlə fəxr edəcəksən. Özünü də vuracaqsan cındırlığa, millətinin ən axmaq ənənələrini görmək istəməyəcəksən. Ya da millət söhbətini alverə çevirmisən. Türkiyədə bir alababat müğənni var. Türkiyənin özündə it dəftərində adı yoxdur. Bozqurd, Turan, Göy Türklər söhbəti edir bütün gün. Azərbaycana gələndə konsertinə on min adam gedir. Güya milli təəssübkeşlik çəkən biznesmenlərin evlərində qalır. Azərbaycanda bircə qəpik xərcləmədən aylarla qalır, bir çanta pulla qayıdır Türkiyəyə. Belə adamlar, millətçilikdən pul sağanlar minlərlə, milyonlarladır.

Mövzuya qayıdaq. Bir halda ki, ermənilərə millətlərinin dünyaya maraqlı, spesifik görünməyi vacibdir, razılaşaq ki, onlar buna nail olublar. İndi bütün dünyanın tanıdığı, qəbul elədiyi, hətta çoxlarının aid olmaq istədiyi millət lavaş söhəti kimi məişət, mətbəx səviyyəsində müharibə başladı. Dolma az idi, lavaş da bu yandan çıxdı. Mən erməni, üstəlik də milləti ilə fəxr edən erməni olsaydım, Paracanovu, Motivosyanı milli irs elan edərdim, daha lavaşı yox. Ciddi xalq lavaş müharibəsi aparmaz.

Heç nə. Dolmaya düşmüşük, xaşa düşmüşük.

Ana səhifəMənim FikrimcəLavaş müharibəsi