Əli Əhmədov: ”Lapşinin gətirilməsi Azərbaycanın siyasi iradəsini ortaya qoyub”
Mehman Əliyev: ”Rusiya və İsrail bu oyunda İlham Əliyevin gücünün göstərilməsində maraqlıdırlar”
Ələsgər Məmmədli: ”Bu proses Azərbaycanın ərazilərində qondarma ”dövlət” qurduğunu düşünən tərəfə də, bu saxta rejimlə əməkdaşlıq edən tərəflərə də, fərdlərə də bir xəbərdarlıqdır”
Fevralın 7-də ermənilərə dəstək verməkdə günahlandırılan bloqqer Aleksandr Lapşin Azərbaycana ekstradisiya olunub.
Bir gün əvvəl Belarus Ali Məhkəməsi 2016-cı ilin dekabrında rəsmi Bakının sorğusu əsasında saxlanmış A.Lapşinlə bağlı yekun qərarı elan edib.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyib ki, Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsinin Qarabağ probleminin həllinə hər hansı təsiri olmayacaq. Ancaq bu hadisə Azərbaycanın suverenliyinə daha hörmətlə yanaşmasına xidmət edir:
“Beynəlxalq mediada bu olay olunla nəticələnəcək ki, Azərbaycanın suverenliyi, qanunları Dağlıq Qarabağa da şamil olunur və xarici ictimaiyyət buna hörmətlə yanaşmalıdır”.
Sabiq Rusiyanın sənət adamları Soso Pavliaşvili, Filip Kirkorov və digərlərinin işğal olunmuş ərazilərdə olub, sonra Azərbaycana gəlməsi barədə suala sabiq nazir belə cavab verdi:
“Bu məsələdə iki məqam var: birinci, icazəsiz işğal olunmuş əraziləri ziyarət edənlər var və onlar “qara siyahı”ya salınıblar. Əgər sonradan kimlərsə, səhvini etiraf edib üzr istəyirsə, onlar siyahıdan çıxarılır. Adlarını çəkdiyiniz adamların bu addımı atdığını istisna etmirəm. Mənim səfir işlədiyim zaman belə hallar olub. Aleksandr Lapşin isə “qara siyahıya” düşəndən sonra yenidən hərəkətinin davam etdirib və bloqunda “istənilən vaxt Azərbaycan sərhədlərini poza bilərəm” deyə yazıb”.
Baş nazirin müavini Əli Əhmədov Lapşinin gətirilməsini Azərbaycanın siyasi iradəsini ortaya qoyması kimi qiymətləndirib:
“Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın milli maraqlarını qorumaq əzmində olduğunu sübut edən çoxsaylı faktlardan biridir”.
O, hesab edir ki, Azərbaycan dövlət müstəqilliyinə, dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericiliyini, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub:
“Bu mövqe nəticəsində cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə nail ola biləcəyik. Azərbaycan dövləti kifayət qədər qətiyyətli siyasi iradə nümayiş etdirə bilir. Lapşinin Azərbaycana gətirilməsi Azərbaycanın siyasi iradəsini, dövlət maraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq iradəsini ortaya qoyub”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, əslində, jurnalistləri müdafiə edən beynəlxalq təşkilatlar Aleksandr Lapşin Belarusda saxlandığı zaman söz azadlığı baxımından etiraz etməliydilər. Əgər olmayıbsa, bundan sonra nəsə gözləmək olar:
“Ancaq Azərbaycan Xarici İşlər Nazirliyinin işğal olunan əraziləri ziyarətlə bağlı “qara siyahı”sı var və ora getmək qanun pozuntusu hesab olunur. İndi sual yaranır; bəs niyə başqalarına qarşı cinayət işi qaldırılmır, niyə onların təhvil verilməsi tələb olunmur? Məsələn, Rusiyanın opera ifaçısı Kazanovskaya. Bu adam Qarabağa gedib və Rusiya mətbuatında Azərbaycana qarşı bəyanatlarla çıxış edib. Məncə, Aleksandr Lapşin məsələsində bir şou yaradılıb və hakimiyyət problemi bu cür qabartmaqla Qarabağa qeyri-qanuni axının qarşısını almaq istəyir. İkinci, hakimiyyət gücünü, diplomatik bacarığını nümayiş etdirir. Baxın, üçtərəfli vətəndaş – İsrail, Ukrayna və Rusiya vətəndaşını ala bildi, təbliğat da bunun üzərində qurulub. Amma İsrail və Rusiya da bu oyunu oynayır, Təl-Əviv və Moskva hay-küy qaldırıb Lapşini müdafiə edəcəklərini dedilər. Rusiya və İsrail bu oyunda İlham Əliyevin gücünün göstərilməsində maraqlıdırlar. Bu razılaşma ondan ibarətdir ki, Lapşin günahını etiraf edəcək və Bakı humanist addım atıb onu İsrailə, yaxud Rusiyaya təhvil verəcək. Nəticədə hamı razı qalacaq. Əslində, bu, İlham Əliyevinin nüfuzunun artırılmasına xidmət edən bir şoudur”.
Mehman Əliyev hesab edir ki, 2003-cü ildən sonra başda Amerika olmaqla Qərb, İsrail və Rusiya Əliyevin nüfuzunun artması üçün bu cür müxtəlifsəpkili siyasi şoular qurublar. Məqsəd İlham Əliyev vasitəsilə Heydər Əliyevdən miras qalmış komandanın demontaj olunmasıdır:
“2005-ci ildə bir sıra məmurlar sıradan çıxarıldı. 2008-ci il prezident, 2015-ci il parlament seçkiləri, 2009-2016-cı il referendumları Əliyevin komandaya nəzarəti gücləndirmək məqsədi daşıyıb.
Biz də daxil olmaqla cəmiyyət həmişə çaşqınlıq işində sual veririk, necə olur, Qərb Əliyevi tənqid edir, amma qəti addımlar atmır və onunla işləyir. Son olaraq Əliyevin Avropaya səfərini götürək, həm görüşürlər, həm də dinləmələr təşkil edirlər. Çoxvariantlı və mürəkkəb oyun oynanılır, fikir verin, görüşün birindən imtina etdi, amma o birilərilə görüşdü, bunlar hamısı onun nüfuzunu gücləndirmək məqsədi daşıyır ki, komandanı demontaj etsin, apreldə bu proses başlamalıdır və 26 sentyabr referendumu da bunlar üçün idi. Gördünüzmü, Qərb sonuncu referenduma o qədər də tənqidi yanaşma sərgiləmədi”.
Mehman Əliyev düşünür ki, İlham Əliyev bundan sonra müxalif düşərgədə, vətəndaş cəmiyyətində və mediada hansısa repressiyaları gücləndirə bilər:
“Amma bu, mənasız bir işdir. Çünki Azərbaycanda yaranmış böhranın arxasında vətəndaş cəmiyyəti, müxalifət, yaxud barmaqla sayılacaq azad media dayanmayıb. Problem sistemli böhrandır, çıxış yolu da sistemin özünü dəyişməkdir. Ötən ilin oktyabrında prezident 6 aydan sonra institusional dəyişikliklərə gedəcəyini demişdi, həmin vaxt apreldə bitir və komandayla vidalaşma mərhələsi olmalıdır. Bax, yuxarıda dediklərim də budur, Əliyevin nüfuzunu qaldırırlar ki, hər şeyi o edir. Məsələ ondadır ki, indiki komanda böhran komandası deyil, əksinə böhran yaradan komandadır. Ona görə sistemin dəyişilməsi, komandanın dəyişməsi qaçılmazdır. Məmurların da heç biri vəzifədən getmək istəmir, əksəriyyətinin xüsusi qrupları, maliyyə imkanları var, təsir edə bilirlər. Bu mənada dövlət başçısının nüfuzunu gücləndirirlər. Nəhayət, burda məqsəd avtoritarizmi gücləndirmək yox, demokratiya gətirməkdir”.
Hüquqşünas Ələsgər Məmmədli “Facebook” səhifəsində yazıb ki, yerli və beynəlxalq qanunvericiliyə əsasən məsləyindən asılı olmayaraq, hər kəs bu pozuntuya görə məsuliyyət daşıya bilər.
‘İfadə azadlığı mütləq azadlıq deyil və müəyyən legitim mənafelər baxımından məhdudlaşdırıla bilər. Bu legitim mənafelərdən biri də “ərazi bütövlüyü” anlayışıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci hissəsi ifadə azadlığını qoruyur, 2-ci hissəsi isə ifadə azadlığının konkret hansı hallarda qanunla legitim mənafelər üçün məhdudlaşdırıla biləcəyini göstərir. Bu mənafelərdən biri də “Milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş”- çərçivəsidir”.
“Mən Lapşının Azərbaycana iadəsini hüquqi baxımdan mübahisəli məsələ kimi görmürəm. Çünki o bir neçə dəfə Azərbaycanın rəsmi ərazisinə rəsmi Bakıya xəbər vermədən və razılıq almadan daxil olub. Azərbaycanın ərazi bütövlüyünü davranış və deyimləri ilə şübhə altına alıb, bir sözlə qanunvericiliyə görə suç işləyib. Suç işləyən bunu bilərəkdən, qsədən işlədiyinə görə məsuliyyətini dərk etməli və daşımalıdır. Yəqin ki, bu qərarın qəbul olunmasında siyasi münasibətlərin də rolu olub. Amma bu rol, qanunun işləməsi lehinə oynanan roldur. Bu proses Azərbaycanın ərazilərində qondarma “dövlət” qurduğunu düşünən tərəfə də, bu saxta rejimlə əməkdaşlıq edən tərəflərə də, fərdlərə də bir xəbərdarlıqdır”,-deyə Məmmədli bildirib.
Ancaq hüquqşünas təəssüflənir ki, Rusiyanın rəsmi TV kanalları, onların jurnalistləri tez-tez icazəsiz olaraq Azərbaycan ərazisinə belə səfərlər edir, həmin saxta rejimi də bəh-bəhlə təqdim edir:
“Həmin jurnalistlərə, TV kanallarına qarşı nəinki cinayət işi açılır, hətta həmin kanallar Milli Televiziya və Radiosu Şurası tərəfindən kabel televiziyalarına retranslyasiya ediləcək nümunəvi efir kimi təqdim edilir. Dövləti dövlət yapan onun sistemli olmasında, hüququn aliliyinin, qanunların üstünlüyünün qorunmasında, hər kəsə bərabər davranmasındadır”.