13 fevralda Bakı Apellyasiya Məhkəməsində Lamiyə Quliyevanın işi ilə bağlı ilkin iclas keçirilib. İclasda qadının vəkili Fəxrəddin Mehdiyev 3 vəsatətlə çıxış edib. O, məhkəmədə jurnalistlərin video və foto çəkməsinə şərait yaradılmasını, Lamiyə Quliyeva haqqında seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsini, məhkəmə prosesinin qismən istintaqla aparılmasını istəyib. Məhkəmə sədri Qədim Babayev vəsatətlərin heç birini təmin etməyib.
Məhkəməyə uşağı ilə birgə gələn Lamiyə Quliyeva çıxışında deyib: “Mən artıq anayam. İstəyirəm uşağım azadlıqda olsun, onu azadlıqda böyüdüm. Çox peşmanam. Mənim həyatım, gəncliyim məhv oldu. Amma o cinayəti nahaqdan törətməmişdik. Onun səbəbi var idi. Uşağımla bağlı deyim ki, 17 il həbsdə yatacağımı düşünüb bunu etmişəm. Cəmiyyət məni qınamasın. Mən xahiş edirəm, məni buraxın. Mən yorulmuşam. 15 yaşından cəza çəkirəm”.
O, çıxışını göz yaşları ilə bitirib.
Lamiyə Quliyeva cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozmaqda ittiham olunur. Baş prokurorun birinci müavini Namiq Əsgərov bu qərardan Apellyasiya Məhkəməsinə etiraz verib. O, hökmün ağır olduğunu və məhkumun şəxsiyyətinə uyğun olmadığını bildirib. İşdə zərərçəkmiş şəxs olan Aysel Ağayeva bizimlə danışmaq istəmədi.