Lalə Əmirli məhkəməyə üz tutub

”Mənə aid avtomobil müsadirə olunub, qaytarılmır”

Source:


”Mənə aid avtomobil müsadirə olunub, qaytarılmır”

“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirli məhkəməyə üz tutub. O, Faiq Əmirli həbs olunan vaxt polisin müsadirə etdiyi avtomobili hələ də ala bilməməkdən şikayətçidir.

Lalə Əmirli Meydan TV-yə bildirib ki, avtomobil onun adınadır və bugünədək qaytarılmayıb:

“Dəfələrlə müraciət etdim, ancaq nəticəsi olmadı. Buna görə də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini məhkəməyə veririk”.

Faiq Əmirli həbs olunarkən onun evində və ailəyə məxsus avtomobildə axtarış aparılıb. Əməliyyatçılar avtomobili də özləri ilə aparıblar. Lalə Əmirli deyir ki, dəfələrlə məhkəməyə müraciət etsə də, avtomobil geri ala bilməyib:

“Faiq həbs olunandan bəri mənə məxsus avtomobil bu günə kimi tutarlı əsas göstərilmədən adıçəkilən idarədə saxlanılır. Buna görə Nəsimi Rayon Məhkəməsinə şikayət etmişik”.

Baş Prokurorluqdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Faiq Əmirli ötən il avqustun 20-da saxlanılıb. Ona qarşı CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi açılıb. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının “Hizmet hərəkatının imamı kimi təqdim edir.

AXCP Faiq Əmirlinin həbsini siyasi sifariş sayır.

Ana səhifəXəbərlərLalə Əmirli məhkəməyə üz tutub