Laçınlılar aksiya keçirdi


Məcburi köçkünlər icra başçısına etiraz edirlər

Fevralın 28-də Laçın rayon sakinləri müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonundakı Taxtakörpü qəsəbəsində aksiya keçiriblər. Onlar Laçın rayon İcra Hakimiyyənin başçısı Aqil Nəzərlini özbaşınalıqda, vəzifəsindən sui-istifadədə, məcburi köçkün və qaçqınların sosial problemlərinin həllinə laqeydsizlik göstərməkdə qınayıblar.

Aksiyaçıların “Avrasiya.net”-ə verdiyi məlumata görə, Aqil Nəzərlinin icra başçısı təyin olunandan bugünədək əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində heç bir tədbir görməyib:

“Laçın rayonunun, daha doğrusu, RİH-nin başçısının “qara-qura” işlərinə Müqabil adlı qardaşı rəhbərlik edir. Rayonda ədalətsiz formada aparılan kadr islahatları laçınlıların səbr kasasını daşırıb. İcra hakimiyyətinin başçısı özünə yaxın olan bir qrup şəxsi rayonun əhəmiyyətli vəzifələrinə təyin edib, savadlı, layiqli kadrları kölgədə qoyub.

Taxtakörpü ərazisində infrastruktur da biabırçı durumdadır. Belə ki, laçınlıların Taxtakörpü ərazisində yaşadıqları elə yerlər var ki, payızın gəlməyi ilə oranın yolları bağlanır. Lil, palçıq dizə çıxır. Sakinlər burada xəstələrini at belində daşıyırlar” – narazı sakinlərdən biri sayta deyib.

Mənbə vurğulayıb ki, ötən ilin aprelində şəhid olmuş Ülvin Məmmədovun dəfni zamanı da yolların biabırçı durumu utancverici idi:

“Bu gün Taxtakörpüdə keçirilən aksiya Vağazin yatağının yol infrastrukturu, sosial vəziyyətlərinin gərginliyi ilə bağlı olub. Sakinlər etiraz edərək yaşayışlarının çox ağır olduğunu bildiriblər”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Laçın rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd göstərsə də, sualları cavablandıran olmayıb.

Ana səhifəVideoLaçınlılar aksiya keçirdi