Əli Kərimli: “Önəmlisi odur ki, xalq özündə güc tapsın və toparlanıb meydanlara çıxsın”
Oktyabrın 10-da Meydan TV Demokratik Qüvvələrin Milli Şurasının 12 oktyabr aksiyasıyla bağlı AXCP sədri Əli Kərimliyə müraciət etdi. Partiya sədri vaxtının sıx olduğunu nəzərə almağımızı xahiş edərək ATƏT-in binasının yaxınlığında görüşməyi münasib bildi. Beləliklə, deyilən vaxtda həmin məkanda olduq. Lendmark Hotelin həyətindəki masaların birində oturub kameraları quraşdırmaq istəyirdik ki, mühafizəçilər rəhbərliyin ərazidə çəkilişlərə qadağa qoyduğunu deyərək icazə vermədi. Bir qədər kənara çəkilərək binanın külək keçməyən küncündə kameraları yenidən quraşdırdıq. Ancaq ikinci sualdan sonra 3-4 mühafizəçi yaxınlaşaraq hotel rəhbərliyinin çəkilişlərə icazə vermədiyini və təcili olaraq ərazini tərk etməyimizi təkid etdilər. Təəssüf ki, qarşı tərəf hansı qaydalara əsasən müsahibəyə imkan verilməməsi barədə suallarımızı cavablandırmadı.
Meydan TV-in oxucuları müsahibənin obyektiv səbəblərdən yarımçıq qaldığına görə bizləri üzrlü hesab edəcəklərinə inanırıq.
–
Əli bəy, hansı amillər oktyabrın 12-də mitinq keçirilməsini zəruri etdi?
– Son 21 ildə hər zaman siyasi məhbuslar olub. Ancaq son bir neçə ayda Azərbaycanda siyasi repressiyalar çox güclənib. Tanınmış ictimai-siyasi xadimləri, hüquq müdafiəçiləri, bloggerləri, vəkilləri, inanclı insanları bir-birinin ardınca həbs edirlər. Heç şübhəsiz ki, Azərbaycan cəmiyyəti bu vəziyyətə biganə qala bilməzdi. Düşündük ki, belə bir vəziyyətdə ictimaiyyətin etirazını meydanlarda ifadə etməyə ehtiyac var. Artıq bütün dünya ictimaiyyəti Azərbaycanda baş verənlərə öz münasibətini bildirir, Avropa Birliyi, ABŞ, ATƏT, BMT səviyyəsində ölkədəki repressiyalara etiraz var. Ona görə də Azərbaycan xalqının da münasibəti olmalıdır. Repressiyalar elə vəziyyətə çatıb ki, yalnız ictimai-siyasi fəalların deyil, bütövlükdə Azərbaycan xalqının münasibət bildirməsi zərurəti yaranıb. Bir sözlə, Azərbaycan xalqının etiraz etməsinə zəmin yaranıb və 12 oktyabr mitinqi yalnız Milli Şuranın, müxalifətin deyil, bütövlükdə xalqın mitinqidir. Yəni haqqı pozulan, qanunsuz olaraq həbs edilən hər bir şəxsi müdafiə edənlər aksiyaya qatılacaq.
–
Hansı təşkilatlara aksiyaya qatılmaq üçün müraciət etmisiniz?
– Hər hansı təşkilatlara müraciət etməmişik. Hər bir azərbaycanlı indiki vəziyyətin və siyasi məhbuslara azadlıq istəyirsə, mitinqdə iştirak edə bilər.
–
Adətən, Azərbaycan müxalifətinin aksiyalarından sonra adamların az qatılması müzakirə predmeti olur. Bu dəfə həmin narahatçılığı yaşayacaqsınızmı?
– 12 oktyabr aksiyası ümummilli məsələylə bağlı mitinqdir, ona görə kifayət qədər adam gələcək. Amma kütləvilik ən önəmli məsələ deyil. Çünki mitinq nə siyasi hakimiyyət dəyişikliyinə yönəlməyib, nə də bir siyasi qüvvənin mitinqidir. Aksiya bütövlükdə Azərbaycan xalqının ölkədəki ədalətsizliyə, haqsızlığa etirazıdır. Ən önəmlisi odur ki, xalq özündə güc tapsın və toparlanıb meydanlara çıxsın. Mən minlərlə insanın meydanlara çıxacağına inanıram.