Kütləvi mitinqlərin müzakirəsinə başlanır

Əli Kərimli: ”Konstitusiyanı müdafiə etmək üçün hüquqi yollar tükəndi”

Arif Hacılı: ”Müsbət rəy verilən dəyişikliklər ölkədə demokratik dövlət quruculuğu istiqamətində çox böyük əngəllər yaradır”

Source:


Əli Kərimli: ”Konstitusiyanı müdafiə etmək üçün hüquqi yollar tükəndi”


Arif Hacılı: ”Müsbət rəy verilən dəyişikliklər ölkədə demokratik dövlət quruculuğu istiqamətində çox böyük əngəllər yaradır”

“Konstitusiya Məhkəməsinin Referendum Aktı layihəsinə müsbət rəy verəcəyi gözlənilən idi”.

Bunu Meydan TV-yə açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Müsavat başqanı hesab edir ki, Azərbaycanda real hakimiyyət bölgüsü  aparılmadığından Konstitusiya Məhkəməsi sədri də daxil olmaqla qurumun bütün üzvləri təyinatlarına və fəaliyyətlərinə görə icra hakimiyyətindən asılıdır:

“Ona görə də Konstitusiya Məhkəməsinin başqa qərar qəbul edəcəyi gözlənilmirdi”.

O, Müsavat Partiyasının məhkəməyə müraciətində prezidentin təkliflərinin Konstitusiyaya zidd olduğunu göstərdiklərini xatırladıb, bildirib ki, ən azı iki oxunuşdan sonra layihə parlamentdən keçməli idi:

“Görünür, referendumun sifarişini verənlər tələsir. Ona görə sənədin başlığında mahiyyətinə uyğun olmayaraq “əlavələr” sözünü yazmamaqla guya bu məsələnin ekspertlərin diqqətindən yayınacağını düşünürdülər. Ancaq bununla belə, Konstitusiya Məhkəməsinin Referendum Aktı layihəsinə müsbət rəy verməsi, ölkədə hüquqi nihilizmin hökm sürdüyünü təsdiqləyir”.

Arif Hacılı

Arif Hacılı hesab edir ki, bütövlükdə prezidentin təqdim etdiyi layihə Azərbaycanın dövlət quruluşunun fəlsəfəsinə ziddir:

“Azərbaycanda respublikaçı dövlət qurulması barədə 1918-ci ildə İstiqlal Bəyannaməsi qəbul edilib. 1991-ci ildə respublikanı bərpa edərkən cümhuriyyətçilik prinsiplərinə əsaslanmışıq. Eyni zamanda, hazırki Ana Yasanın əsasını Azərbaycanın respublika tipli hakimiyyət bölgüsünü nəzərdə tutan müddəalar təşkil edir. Müsbət rəy verilən dəyişikliklər ölkədə demokratik dövlət quruculuğu istiqamətində çox böyük əngəllər yaradır, həm də ailə hakimiyyətinin formalaşması və möhkəmlənməsinə xidmət edir”.

Müsavat başqanı referenduma qarşı çıxmalarının formaları barədə suala belə cavab verib: “Müxtəlif formalar ola bilər, referendum qruplarının yaradılması, yaxud boykot taktikası da seçilə bilər. Ümumi fikirlər formalaşmadığından biz hələ mövqeyimizi cəmiyyətə diktə etmək istəmirik. Çünki bu, cəmiyyətdə birliyin yaranmasına maneçilik törədə bilər. Ancaq müəyyən təkliflərimizi ictimaiyyətə müzakirə üçün təqdim edəcəyik”.

Əli Kərimli

AXCP sədri Əli Kərimli də Konstitusiya Məhkəməsinin qərarından təəccüblənmədiklərini öz Facebook səhifəsində qeyd edib: «Konstitusiyanın mətninə və ruhuna zidd dəyişikliyə müsbət rəy verildi. Konstitusiya Məhkəməsinə müraciət etmişdim ki, maraqlı tərəf kimi bizim də müzakirələrdə iştirakımıza şərait yaradılsın. Qanunvericilik bizə bu hüququ verir. Konstitusiya Məhkəməsi də hüququmuzu pozdu, biz müzakirələrdə iştirak edə bilmədik. Növbəti dəfə sübut olundu ki, bu ölkədə heç bir müstəqil məhkəmə hakimiyyəti yoxdur. Konstitusiya Məhkəməsi də siyasi sifariş yerinə yetirdi, anti-konstitusiya dəyişikliklərinə yaşıl işıq yandırdı». Əli Kərimli hesab edir ki, Konstitusiyanı müdafiə etmək üçün hüquqi yollar tükəndi: «Artıq bu ölkədə hüququ, respublika prinsiplərini bərpa etməyin tək bir yolu qaldı: hüquqlarımız uğrunda yeni və kütləvi Xalq Hərəkatı! AXCP və Milli Şura olaraq kütləvi, dinc mitinqlərin təşkilinin müzakirəsinə başlayırıq!»

İyulun 25-də Konstitusiya Məhkəməsi prezident İlham Əliyevin təklif etdiyi Referendum Aktını təsdiqləyib.

Ana səhifəXəbərlərKütləvi mitinqlərin müzakirəsinə başlanır