Hesablama Palatası
rayonlara ayrılan vəsaitin aidiyyatı üzrə xərclənib-xərclənmədiyini yoxlayacaq
Hesablama Palatası Kollegiyasının toplantısı keçirilib. Toplantıda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 2011-2013-cü illər və 2014-cü ilin birinci yarısı üzrə Masallı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrasına dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunub. Həmçinin dövlət rüsumlarının hesablanılması və ödənilməsi, Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi üzrə gəlir və xərclərin, o cümlədən, şöbənin saxlanılması xərclərinin proqnozlaşdırılması və icrasına dair keçirilmiş auditin nətiələrinə baxılıb, müvafiq qərarlar qəbul edilib.
APA-nın məlumatına görə, nəticələr barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri haqda məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında dövlət büdcəsindən Qazax Mərkəzi Rayon Xəstəxanası üzrə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, Kürdəmir Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından, Ağdaş rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları müzakirə edilərək təsdiq olunub.