“Kür qaçqınları” Avropa Məhkəməsinə üz tuturlar

Ali Məhkəmə zərərçəkənlərin şikayətini təmin etmədi

Source:

Ali Məhkəmə zərərçəkənlərin şikayətini təmin etmədi 2010-cu ilin yazında baş vermiş Kür- Araz  daşqınlarından 4 ildən artıq zaman keçsə də, hələ xeyli sayda insan baş vermiş fəlakətin yaratdığı problemlərdən qurtula bilməyib. Daşqınların təsirinə məruz qalmış, bu günə qədər problemləri həll olunmayan daha 14 nəfərin Fövqəladə Hallar Nazirliyinə qarşı dəyən ziyanın ödənilməsi, fərdi yaşayış evinin tikintisi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair şikayətinə Ali Məhkəmədə baxılıb. Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçən məhkəmə prosesində iddiaçılar, onların nümayəndəsi və FHN- nin təmsilçisi iştirak edib.İddiaçılar məhkəməyə evlərinin qəzalı durumda olmasına dair foto və video çəkilişlər, baxış aktı təqdim edərək Şirvan İnzibati İqtisadi və Apellyasiya Məhkəməsinin qərarlarının ləğv edilərək iddianın təmin olunmasına dair qərar çıxarılmasını xahiş ediblər. Amma qısa sürən məhkəmədə hakimlər fasilə elan edərək müşavirə otağına gediblər. Məhkəmə zalına qayıdan hakimlər kassasiya şikayətinin təmin olunmaması ilə bağlı qərar çıxarıb. Qərarla razılaşmayan şikayətçilərlə hakimlər arasında mübahisə olub. Evinin qəzalı olmasına dair məhkəməyə fotolar və disk təqdim edən şikayətçilər “niyə obyektiv qərar çıxarmırsınız?” sualına hakim “Kür daşqınları ilə bağlı dövlət öz üzərinə hər hansı öhdəlik götürməyib” cavabını  verib. İddiaçılar hakimə dövlət başçsının 19 may 2010- cu il tarixli 908 saylı fərmanını və Nazirlər Kabinetinin 09 iyul 2010- cu il 197s saylı sərəncamını xatırladaraq, bu sənədlərin dövlətin fəlakətin təsirinə məruz qalan vətəndaşlar qarşısında həm də öhdəlik yaratdığını bildiriblər. İddiaçılar Ali Məhkəmənin qərarından Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət verəcəklərini bildiriblər. Kür daşqınları ilə bağlı bu günə qədər artıq xeyli sayda iddiaçı Azrbaycanda bütün məhkəmə instansiyalarını keçərək, AİHM- ə şikayət ediblər.2010- cu ildə baş vermiş Kür-Araz daşqınlarının fəsadlarının aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən 420 milyon manat vəsait ayrılıb. Təmir, bərpa və tikinti işlərinin aparılması, zərərçəkənlərə müvafiq kompensasiyaların verilməsi Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Vəsaitlərin xərclənməsində korrupsiya, ayrı-seçkilik, məmur özbaşınalığı və s. kimi ciddi qanun pozuntuları qeydə alınıb. Dövlət proqramından kənarda qalan sakinlərdən 119 nəfəri FHN-ə qarşı məhkəmə iddiası  qaldırıb. İddiaçıların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur.

Ana səhifəXəbərlər“Kür qaçqınları” Avropa Məhkəməsinə üz tuturlar