Küçədə qalan: ”Əlim-qolum qırılardı, bu dağılmışa gələndə”

İllərdir başı daşa, bədəni betona öyrəşib Akif Əliyevin. Küçələrə pənah gətirib. Gedəcək bir yeri yoxdur. Elə bu yastığı, yeyəcəkləri də yoldan ötənlər verib.

“Buna heç kim dözə bilməzdi. Qışı, yayı… Amma mən dözdüm”, – deyir.

61 yaşlı Akif Əliyev işini itirəndən sonra küçələrə düşüb. O, Rusiya Federasiyasında əks-kəşfiyyatda, Goranboy Rayon İcra Hakimiyyətində, Mingəçevirdə müxtəlif vəzifələrdə çalışıb:

“Əlim-qolum qırılardı mənim, bu dağılmışa gələndə. Əks-kəşfiyyatda çalışırdım, vəzifəm, ev-eşiyim var idi. Azərbaycana gəlməklə böyük səhvə yol verdim. Atdılar, aldatdılar məni”.

Gecəsi-gündüzü küçədə keçən Akif Əliyev Moskvada iki universitet bitirib, ərəb və yunan dillərini bilir. Aldığı diplomlar indi ona yastıq əvəzidir. Yaşadığı o gözəl günləri, xatirələrini gözbəbəyi kimi qoruyur. Dediyinə görə, gəncliyində yunan xanımla evlənib. 9 uşağı, 7 nəvəsi var. Övladları ilə əlaqəsi kəsilib.

Akif Əliyevin illərdir sürdüyü küçə həyatı onu taqətdən salıb. Ayağa durub yeriyə bilmir. Vəziyyəti pisləşəndən sonra onu 1 saylı Klinik Tibbi Mərkəzdə aparıblar.

27 gün xəstəxanada qaldıqdan sonra Akif Əliyevi yenidən küçələrə buraxıblar. Ona qoyulan diaqnozda durumunun ağır olduğu göstərilir. Qaraciyər serrosuzudur.

“Bu xəstəliklə adam küçəyə buraxmaq olar? Allah sənə lənət eləsin, Azərbaycan! İki dəfə komaya düşmüşəm”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin həyata keçirməli olduğu ahılların sosial təminatı üçün dövlət proqramları var. Nazirlikdən bildirilib ki, onlar reabilitasiya mərkəzlərinə yönləndirib, özünəməşğulluq proqramına cəlb edilir. Qurumdan deyiblər ki, Akif Əliyevin yerləşdirməsi ilə bağlı məsələni araşdırıb məlumat verəcəklər.

Keçirdiyi iztirabları, xəstəliyi gözlərindəki həyat eşqini söndürə bilməyib. Arzuları tükənməyib. Elə-hey qızları Elladanı, Afinanı səsləyir:

“Mənim bir arzum var, nəvəmi görüm. Böyük qızım Ellada 7 dil bilir. Afina…” (əlini başına vurub ağlayır)

Gecə düşüb. Akif Əliyev tənhalıqda, yolun kənarında səssiz-səssiz yatır. Nə bilmək olar, bəlkə də yuxuda nəvələrinə, övladlarına qovuşur.

Və budur, Akif Əliyev küçələrdə həyatda qalmaq üçün verdiyi uzun mücadilə başa çatır. ƏƏSMN əməkdaşları onu Zabratda yerləşən Sosial Sığınacağa aparırlar.

Ana səhifəVideoKüçədə qalan: ”Əlim-qolum qırılardı, bu dağılmışa gələndə”