Laləni unutmayın
Son günlər Azərbaycanda fəaliyyət göstərən, öz kriptovalyutasını yaradacağını elan edən piramida sistemli şirkətlərdən birinin fırıldaqçı olub-olmaması ilə bağlı müzakirələr getməkdədir. Dünya isə kriptovalyutaları müzakirə edir.
“Bitcoin 60 min dolları keçdi”, “Etheriumun potensialı böyükdür”, “Dogecoin 1000% artış göstərdi”…
Bu tipli xəbərlər son dönəmlər dünya iqtisadi gündəminin əsas trendlərindən birinə çevrilməkdədir. Xüsusilə “Tesla”-nın sahibi İlon Maskın Bitcoin və Dogecoinlə bağlı tvitləri dünyanın diqqətini kripyovalyuta bazarına yönəltdi.
Arxasında heç bir real iqtisadi və ya siyasi gücün dayanmadığı, virtual mədənçiliklə istehsal olunan bu valyutaların etibarlılığı nə qədərdir? Nə qədər yüksələcək? Bu etibarlı investisiyadırmı? Bu kimi suallara bu gün dünyanın nüfuzlu analitik mərkəzləri və iqtisadi gücləri cavab axtarırlar.
Tarixdə bu cür köpüklər bir neçə dəfə olub və hamısının sonu fiaskoyla bitib. Bu dəfə də elə olacağını iddia etmirəm, amma, tarixə nəzər salmaqla mövcud versiyalardan ən güclüsü haqqında bilgi sahibi ola bilərik.
Arxasında heç bir infrastrukturun, maddi rezervin dayanmadığı kriptovalyutalar bu gün ödəniş vasitəsi kimi qəbul olunur, birjada alınıb-satılır, investisiya aləti kimi rəğbət görür. 17-ci əsrin əvvəllərində Amsterdamda lalənin etdiklərini bu gün Bitcoin edir. Lalə? Bəli, lalə! Tarixin ilk kriptovalyutası!
…1554-cü il, And Dağları, müasir Çili əraziləri. Amerikanın ağası olan İspaniya, adı gümüş mənası verən And dağlarındakı gümüşü çıxarmaqda acizdir. Daha doğrusu, çıxarılan gümüşü istifadə etməkdə. Gümüş çoxlu metallarla qatışıqdır və bu halda ondan pul kəsimində istifadə etmək mümkün deyil. Mövcud texnologiya isə gümüşü ayırmağa imkan vermir.
Meksikada işləyən ispan tacir və kimyagər Bartolomeo Medina çox ucuz qiymətə, yararsız hesab olunan bu mədənlərdən birini satın alır. Və dərhal təcrübələrə başlayır. Uğursuz, faydasız təcrübələr və mədənin xərcləri Medinanı müflis olmanın eşiyinə gətirir…
Və anidən… Buum! 1555-cı ilin yazı… Medina dostu Gaspar Lomanın tövsiyəsi ilə civədən istifadə edərək gümüşü ayırmağı bacarır.
Ertəsi il metod iki şəxsin adına patenləşdirilir və ispan hökuməti bu üsulla And dağlarındakı gümüşü istismar etməyə başlayır.
Medinanın gətirdiyi yenilik bütün dünyanı və tarixin gedişini dəyişdirir. Bir ilin içində İspaniya dünyanın ən zəngin və ən güclü dövlətinə çevrilir, dünyada mövcud olan puldan 10 dəfə artıq dəyərdə “ispan gümüşü“(dollar, işarəsini bu valyutadan götürüb) istehsal olunur, dərhal qlobal valyutaya çevrilir. İspan gümüşü qlobal ticarətin həcmini 10 dəfə(!) artırır. İspan bankları dünya banklarına çevrilir.
İspan gümüşü İspaniya ilə bərabər Avropanı da zənginləşdirir (İspaniya o qədər zəngin olur ki, təsəvvür edin, o dövrdə borclar və aclıq içində çabalayan İngiltərə, məşhur dəniz qulduru Dreykin kraliça I Elizabethin əmriylə ispan gümüşü dolu bir ispan gəmisini ələ keçirməsiylə bütün borclarından qurtulur və 5 illik dövlət xərclərini ödəyir).
1556-cı ildə İspan donanması Hollandiyanı işğal edir. İspan investisiyası Hollandiyaya axır.
Qatı katolik idarəetməsinin olduğu İspaniyadan fərqli olaraq, dünyəviliyin və inkişaf mədəniyyətinin olduğu Hollandiya çox qısa bir müddətdə dünyanın ən zəngin ölkəsinə çevrilir. Amsterdam bankları ispan banklarının yerini alır, zəngin ispanlar, böyük torpaq sahibləri, hətta bir müddətdən sonra dövlətin özü də vəsaitlərini ispan müstəmləkəsi olan Hollandiyaya yerləşdirir.
1580-ci ildə, təkcə Amsterdamda olan milyonçu (ispan gümüşü valyutası ilə) sayı dünyanın qalan hissəsində olandan daha artıq idi.
Zənginləşən Hollandiyada dəbdəbəyə və lüksə olan ehtiyac fantastik şəkildə artır. Sənət intibah dövrünü yaşayır, dəbdəbəli saraylar tikilir, holland şəhərləri orta əsrlər qaranlığının ortasından qızıl gümbəz kimi ucalmağa başlayır.
Bu sırada, 1593-cü ildə flamand botanik Şarl de Leklüz Osmanlı Sultanının hədiyyə etdiyi lalə toxumlarından istifadə edərək, ilk lalə bağını saldırır. 1598-də hazır olan bağ, holland zadəgan və zənginlərinin daimi ziyarət yerinə çevrilir.
Qısa müddət ərzində lalə zənginlik nişanəsi hesab olunmağa başlayır, zənginlər öz lalə bağlarını inşa edirlər.
Bu dövrdə Avropa dini çəkişmələrə meydan olmaqdadır. Yeni yayılan protestantlıq Fransa, Portuqaliya, Skandinaviya və cənubi İtaliyadan başqa bütün qitə Avropaya hökmranlıq edən Müqəddəs Roma İmperiyasının hakimiyyətini təhdid edir. Yaranan narahatedici atmosfer Hollandiyanın zənginliyini dəfələrlə artırır. Müharibənin ayaq səslərinin eşidildiyi 1610-cu illərin əvvəllərində bütün Avropada pulu olan Hollandiyaya qaçır (onda İsveçrə indiki kimi sakit deyildi, əksinə bütün Avropaya pullu əskər satan qanlı bir ölkəydi).
Fransanın, İngiltərənin, Bohemiyanın ən zəngin adamları Hollandiyada alına biləcək hər şeyi-evlər, şirkətlər, sənət əsərləri və s.- alırlar. Pul Hollandiyaya sözün əsl mənasında sel kimi axır (Nyu-Amsterdam (indiki Nyu-York) şəhərinin qurulma hekayəsi həm də bununla bağlıdır: Amsterdamda artıq hər şey alınmışdı, zəngin hollandlar Amerikaya köçüb özlərinə yeni şəhər saldılar).
Və anidən Avropa qan gölünə çevrilir.
1618-ci ildə Bohemiyada (Çexiya) alovlanan böhran qısa müddət ərzində tarixin o vaxtadək gördüyü ən dəhşətli müharibəyə səbəb olur. Avropanı xarabaya çevirən və bitəndə Avropada hər 5 nəfərdən 2-sinin ölmüş olduğu otuzillik müharibə başlayır.
Müharibədən uzaqda sakit bir liman olan Hollandiya daha bir sərvət seli ilə qarşı-qarşıyadır. Bu dəfə daha nəhəng miqyaslarda. Dünənə qədər dünyanın zənginlik, sənət və əyləncə paytaxtı olan Amsterdam artıq həm də Avropanın sülh paytaxtıdır.
Amsterdamda əmlak qiymətləri artan tələb nəticəsində müharibənin davam etdiyi 1618-1648-ci illər arasında tam 8 dəfə artır.
Əlbəttə ki, artan təkcə əmlak qiymətləri olmur. Hər şey! Sənət əsərləri, torpaq sahələri… Ev əşyaları belə bahalaşır. Atdan eşşəyə, geyimdən qidaya qədər hər şey bahalaşır. Lakin bu bahalaşma zəngin hollandiyalılar üçün qəpik-quruşdur.
Məşhur “Hollandiyada təkcə günəş pulsuzdur, ona görə də solğundur” ifadəsinin yarandığı bu illərdə, ən çox bahalaşan lalə olur.
Müharibədən əvvəl, onsuz da pulun çoxluğu və alınacaq şeylərin məhdud olması, yetişməsi uzun zaman alan və uzun müddət sağ qala bilən lalənin qiymətlərini kəskin artırmışdı. Müharibə və gələn böyük məbləğlərdə pul, artım yanğının üstünə benzin tökür.
1610-cu ildən etibarən Amsterdam birjalarında əmtəə olaraq satılan lalənin qiyməti olduqca kuryoz bir hadisədən sonra sürətlə artır və tarixdə “lalə çılğınlığı” adını alan hadisələri körükləyir.
Müharibədən bir il əvvəl Amsterdamda anbarlardan birində saxlanılan lalə toxumlarına böcəklərdən virus bulaşır. Bulaşan virus, olduqca gözəl yeni sort lalələr yaradır. Və bu “Viceroy” adlı yeni sortun qiyməti digərlərindən əvvəlcə 2, ardınca 5 və beş il sonra 10 dəfə baha satılır.
Lakin “lalə çılğınlığı“-nı ən güclü şəkildə alovlandıran, siyasi hadisələr olur.
1636-cı ildə Fransanın 30 illik müharibəyə qoşulması ilə, Hollandiyaya gələn maliyyə axını artıq fantastik miqyaslardadır
Qısa bir müddətdən sonra Amsterdam banklarının illik faiz dərəcəsi sıfıra düşür. Hətta faizsiz depozitlər də artıq banklar üçün cəlbediciliyini itirir və banklar pulları saxlamaq üçün müştərilərdən xidmət haqqı almağa başlayırlar.
Alınacaq heç nəyin qalmadığı və əlində pulu olan və pulunu nəyəsə yatırmaq istəyən on minlərlə zənginin olduğu belə bir şəraitdə, qiyməti dayanmadan artan lalə cəlbedici investisiyaya çevrilir.
Fransanın müharibəyə girdiyi mart ayında iki həftə ərzində bazardakı bütün lalələr tükənir. Çünki Fransa, ispan qanadı vasitəsilə Müqəddəs Roma İmperiyasının tərkibində olan Hollandiya ilə müharibə vəziyyətində olmasına baxmayaraq, fransız zənginlər də digər avropalılar kimi sərvətlərini Amsterdama keçirirdilər.
İnvestorlar isə dayanmırlar və artıq həsəd zamanı yığılacaq lalələrin səhmlərini almağa başlayırlar. Ardınca bir neçə il, 3 ay sonra isə hətta 15 il sonra yığılacaq lalələrin səhm müqavilələri alınıb-satılır.
Oktyabr ayında Hollandiyada yerləşdirilən ispan ordularının Parisə hücuma hazırlaşması ilə bağlı şayiələr yayılır. Əslində tamamilə uydurma olan bu xəbər şok effekti verir.
Lalə bazarında əsl bum yaşanır. Noyabrın əvvəlində bir ədəd “Viceroy” lalə soğanının qiyməti 12 quldenə qalxır. Həmin dövrün statistikasına əsasən, 7 litr şərabın qiymətinin 1 qulden, qoyunun 10 qulden, öküzün 120 qulden olduğunu nəzərə alsaq, olduqca baha qiymətdir. 1 qram lalə 1 qram qızılın qiymətinə bərabər olur. Lakin bu, hələ başlanğıcdır!
Noyarın 12-də “Viceroy” lalə soğanının bir dənəsinin qiyməti 20 qulden olur. Noyabrın 17-də 100, 25-də 1250 qulden! 1 dekabrda 1400 qulden, 12 dekabrda 2000 qulden olan qiymətlər cüzi artım tempinə keçir və fevralın 3-də artıq 1 ədəd “Viceroy” lalə soğanı 2500 qulden idi! Qızıldan 200 dəfə qiymətli; 10 il sonra hansısa tarladan dəriləcək 5 qramlıq bir lalə soğanının səhm sənədi 1 kiloqram qızıl qiymətinə!
Bu dövrdə olan ən məşhur faktlardan birinə görə, ailə başçısını itirən, ana ilə 6 atasız uşaqdan ibarət olan Herzingen ailəsi, ailə başçısı Herzingenin 5 il əvvəl evinin arxasında yarım hektar əraziyə əkdiyi lalələri satır və ailənin 7 fərdinin hər biri milyonçu olur.
Lalə səhmləri hər yerdə ödəniş vasitəsinə çevrilir. 15 il sonra X ərazidəki tarladan yığılacaq lalələrin səhm sənədləriylə evlər, tarlalar alınır. Hətta gəmi inşa edən məşhur şirkətlərdən biri, lalə səhmləri ilə ödəniş qəbul edəcəyini açıqlayır. Bir müddət sonra Amsterdam bankları kredit ödənişləri zamanı lalə səhmlərini qəbul etməyə başlayır. Reallıqda mövcud olmayan, yalnız sənəd üzərində var olan lalə bütün parametrləri ilə o dövrün bitcoinidir!
Lakin tarixdə misli görünməmiş bu köpük çox qısa müddətdən sonra anidən dağılır.
Fevralın 4-də müharibəni başladan Müqəddəs Roma İmperatoru II Ferdinandın ölüm döşəyinə düşməsi ilə bağlı xəbərlər yayılır. Qatı fanatik dindar (katolik) olan və hər hansı siyasi uzlaşmaya yaxın durmayan, “tanrının qəti qələbəsi”ndə israr edən Ferdinandın ölməsi müharibənin bitməsi ümidi idi.
5 fevralda qiymət 2300 quldenə düşür. 8 fevralda Amsterdam qəzetləri imperatorun ölmək üzrə olduğunu xəbər verirlər. 9 fevralda qiymət 1600 qulden olur. Fevralın 15-də Vyana sarayı imperatorun öldüyü xəbərini yayır, ertəsi gün qiymət 500 quldenə düşür. Fevralın 25-də qiymət 100 qulden olur. Martın əvvəlində ən böyük lalə tarlalarının yerləşdiyi Harlemdə şiddətli vəba yayılır və bu, qiymətləri 2 ay stabil saxlayır. Lakin mayda hər şey nəzarətdən çıxır və may sonunda, artıq “Viceroy” laləsinin 1 ədədi 1 quldendən aşağı qiymətə təklif olunur.
II Ferdinand öldükdən sonra yerinə keçən oğlu III Ferdinand müharibəni dayandırmır, əksinə daha 10 il uzadır. Lakin lalə artıq bir də qızıl dövrünə qayıda bilməyəcək!
Tarixin ən böyük köpüyünün pik dövrü cəmi 5 ay davam edir və bu dövrdə hollandiyalı fermerlərdən başqa hər kəs – qaçqınlar, investorlar, bankirlər, biznesmenlər- uduzur.
Əlbəttə, hollandiyalılar arasında da çox sayda uduzan olur. Rembrant Van Reyn soyadlı bir rəssam böyük məbləğlərdə borc götürüb laləyə investisiya edir və qiymətlər düşdükdən sonra bankrot olur; borclarını qaytarmaq üçün 10 il ərzində dayanmadan rəsmlər çəkib satır…
Lakin bu böhran, ümumilikdə Hollandiyaya çox faydalı olur və Amsterdamı növbəti 200 il ərzində dünya kapitalizminin paytaxtına çevirir…
Qayıdaq müasir dünyamıza və kriptovalyutalara.
Virtual mədənçilik yolu ilə “qazılan”, elektrik enerjisi və ekran kartları ilə istehsal olunan kriptovalyutalar hara qədər şişəcək?
ABŞ və Almaniyada pandemiya dövründə qəbul edilən böyük xilas paketləri və investorların, eləcə də əhalinin əlinə düşən böyük pul kütlələri hələlik kriptovalyuta bazarında müsbət aktivlik yaratmaqdadır. Üstəlik, İlon Maskın bitcoinlə bağlı tvitindən sonra, kriptovalyuta istehsal etməyə yararlı olan ən yaxşı ekran kartlarının qiymətləri təxminın 2 dəfə artıb! Bu isə maliyyəti artırır və qiyməti dəstəkləyir.
Məsələn, hal-hazırda, Azərbaycan şərtlərində, qiyməti 1800 dollar civarında olan Ethereum-un 1 dənəsini “qazmaq” üçün toplam 10 min manat dəyərində olan 10 ekran kartı ən azı 3 ay dayanmadan işləməlidir. Təxminən 1200 manat da elektrik enerjisi fakturası. Sərfəlidirmi? 3 ay əvvəlki kimi olmasa da, hər halda, indilik cavab “hə” kimi görünür, amma sabah Nvidia, AMD kimi dünya nəhənglərinin sırf kriptovalyuta mədənçiliyi üçün xüsusi ekran kartları istehsal etməyəcəyinə əminikmi? Və ya IBM saniyədə 10 dənə bitcoin “qaza” bilən yeni superkomputer yaratsa, bazarda yaranacaq təklif bolluğu qiymətlərə necə təsir edəcək?
Kriptovalyutalar arxasında böyük bir boşluq və elektrik enerjisindən, bir də birja spekulyasiyalarından başqa heç nə dayanmayan investisiya alətidir. Eynilə, lalə kimi…
Laləni unutmayın!