Leyla Abdullayeva: “Azərbaycan və Ermənistan gələn həftə Kişinyovda sülh sazişi imzalaya bilər”
“Mövcud şərait yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının mümkünlüyünə ümid etməyə imkan verir”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli jurnalistlərə belə deyib.
D.Peskov onu da əlavə edib ki, əsas məsələ zaman deyil, bütün məsələlərin yekun həllidir.
Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri tərəflər arasında məsələləri müzakirə etmək üçün gələn həftənin sonunda Moskvada toplaşacaqlar:
“Hər şeyi sona qədər yekunlaşdırmaq vəzifəsi yoxdur, çünki əsas yekun nəticədir, burada heç kim vaxtın dalınca qaçmır”.
“Məhz bu səbəblərə görə, çətin ki, indi kimsə sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini proqnozlaşdıra bilsin. Baxmayaraq ki, mayın 25-də deyildiyi kimi indi şərait bir çox aspektlərdə, əslində isə konseptual olaraq dəyişib. Bu dəyişmiş şərait artıq yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasına imkan verir”, – deyə Peskov vurğulayıb.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva isə Azərbaycan və Ermənistanın gələn həftə Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişini imzalaya biləcəyini söyləyib.
“Reuters“ yazır ki, Leyla Abdullayeva bunu Parisdə bir qrup jurnalistə deyib.
“Biz ümid edirik ki, iyunun 1-də Kişinyovda, nəhayət, sülh sazişi imzalana bilər. Bu itirilməməli olan tarixi an və impulsdur”, – deyə Abdullayeva əlavə edib.
İyunun 1-də 47 dövlət və hökumət başçısının iştirakı ilə Avropa Siyasi İcması sammiti keçiriləcək.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə yüksək səviyyəli görüşlər planlaşdırılır.
Mayın 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü keçirilib.
Görüşdə hər üç ölkənin Baş nazirlərinin müavinlərinin gələn həftə bir araya gələcəkləri razılaşdırılıb.
Brüssel və Vaşinqton görüşü
Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.
Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.
Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.
“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.
Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.
ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.