Kreditlər real məzənnəyə uyğun ödəniləcək

Mərkəzi Bank qanunda boşluğun olduğu qənaətindədir

Source:


Mərkəzi Bank qanunda boşluğun olduğu qənaətindədir

Fevralın 21-də Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən, manat ABŞ dolları və avroya nisbətdə ucuzlaşdırıldı. 1 dolların məzənnəsi 1,05, 1 avronun qiyməti isə 1,19 manat müəyyən edildi.

Xarici valyutanın qəflətən bu qədər bahalaşması banklardan dollarla kredit götürənləri də təşvişə salıb. İndi onlar krediti hansı məzənnə ilə qaytaracaqlarını bilmirlər.

Mərkəzi Bankdan Meydan TV-yə verilən məlumata görə, kredit götürənlər real olaraq dolların manata qarşı məzənnəsinə uyğun borclarını qaytarmalıdırlar.

Deməli, kredit götürənlər əlavə xərcə düşəcəklər.


Qanun isə deyir ki…

Hüquqşünas Anar Qasınlının sözlərinə görə, Mülki Məcəllənin 439.7-ci maddəsinə uyğun olaraq, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış, azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir:

“Bu, o deməkdir ki, tərəflər arasında bağlanan müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borclu kredit müqaviləsi üzrə dollarla ödəməli olduğu kredit borcunu dolların bahalaşdığı gündən əvvəlki günün rəsmi məzənnəsi ilə manatla ödənilməlidir”.


Müqavilədə başqa qayda nəzərdə tutulubsa?

Ekspert bildirir ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından biri də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir:

“Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Bu halda kreditorla borclu razılığa gələrək, öz aralarındakı müqaviləni dəyişmiş şəraitə uyğunlaşdırmalıdırlar”.


Tərəflər razılığa gəlməzlərsə?

Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər:

1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;

2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;

3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;

4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

Anar Qasımlı bildirir ki, əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirməlidir:

“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə isə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Göründüyü kimi, qanunvericilik hazırkı situasiyaya dair tərəflər arasındakı münasibətləri dəqiq tənzimləyir. Hər şey tərəflərin vicdanlılıq prinsipi ilə davranmasına bağlıdır. İndiki halda vicdanlılıq yükü daha çox kreditorların üzərinə düşür. Kreditorlar (banklar) qanunvericiliyin tələblərinə dəqiq riayət etməli, müştəri ilə konfliktə getməməli, müqavilə şərtlərinə yenidən baxmalıdırlar. Bu, olmazsa, söz üçüncü hakimiyyətin – məhkəmələrindir”.

Hüquqşünas onu da bildirir ki, bir çox banklar öz hüquqşünaslarını təlimatlandırıb sosial şəbəkələrdə əks təbliğata başlayıblar. Dollarla götürülmüş kreditlərin taleyi barədə müstəqil hüquqşünasların qanuna söykənən və banklara deyil, müştərilərə sərf edən hüquqi rəyləri banklarda qıcıq yaradıb:

“Bizi müştəri toplamaqda, şou yaratmaqda, əhaliyə dezinformasiya verməkdə, yaranmış vəziyyətdən istifadə edib varlanmaq istəyən işbazlardan fərqlənməməkdə, bilərəkdən və ya bilməyərəkdən qanunu səhv təfsir etməkdə suçlayırlar”.

Mərkəzi Bank qanunda boşluqların olduğu qənaətindədir. Əhalinin daha çox istehlak krediti götürdüyü “Unibank” və “Bank of Baku”dan isə hələlik bu barədə mətbuata açıqlama vermək istəmədiklərini bildiriblər.

Ana səhifəXəbərlərKreditlər real məzənnəyə uyğun ödəniləcək