Argentinada 1853-cü il Konstitusiyası ilə Ali Məhkəmə yaradılmış, 1875-ci ildə isə ona ABŞ Ali Məhkəməsi kimi hakimiyyətin digər qollarına nəzarət funksiyası həvalə edilmişdi. O vaxtdan Argentina Ali Məhkəməsi ölkədə demokratiyanın inkişafını təmin edən institutlardan biri olmuşdu.
Ta ki, Xuan Dominqo Peron hakimiyyətə gələnə qədər. Peron demokratik seçki yolu ilə hakimiyyətə gələndən (1946) qısa müddət sonra onun parlamentdəki tərəfdarları Ali Məhkəmənin 5 hakimindən dördünün impiçmentə göndərilməsi (vəzifədən kənarlaşdırılması) barədə məsələ qaldırdılar.
Bu barədə mübahisələr və inkluziv institutların tərəfdarlarının müqavimətləri çox oldu, lakin Peron istəyinə nail oldu. Bu “nailiyyət” Argentina üçün tarixi fəlakət idi. Peron 1955-ci ildə hərbi çevrilişlə devrildi, bundan sonra həbi və mülki hakimiyyətlər Argentinada bir-birini əvəz etdi və onların hər biri Ali Məhkəməyə öz hakimlərini yerləşdirdi. Ali Məhkəmə hər yeni hakimiyyət qurulanda dəyişilən və əlbəttə ki, hər bir mövcud hakimiyyətə nökər olan oyuncaq orqana çevrildi.
Nəticədə Argentinanın inkluziv institutları süqut etdi, siyasi və iqtisadi böhranlar baş verdi. Hələ də bu böhranların altından çıxa bilməyiblər. Bir təşkilatda (dövlət də siyasi təşkilatdır) vəzifəli şəxslərə hücum edərkən, anlamaq lazımdır ki, sən ora öz adamını yerləşdirəndə artıq o orqanın nüfuzu, müstəqilliyi itir, o, sənin nökərinə çevrilir, bu isə Argentinadakı kimi tarixi fiaskoya gətirib çıxarır.
Hüquqi seçilmiş və ya təyin olunmuş adam məhz hüquqi (qanuni yox, hüquqi) və ədalətli yolla vəzifəsindən kənarlaşdırıla bilər, hüquqi yol qanunvericilikdən daha ali bir şey olmaqla ədaləti də ehtiva edir və ya etməlidir. Şəxsi qərəz, fərdi mənafe toqquşması burada istisna olunur.
“Kösem” adlı serial gedirmiş türk kanalından, onun bir neçə dəqiqəsinə baxanda xatırladım bunu. Osmanlı sarayında hər yeni gələn köhnələri və onların dəstəkçilərini, eyni zamanda ehtimali davamçılarını – qardaş, uşaq, şahzadə demədən məhv edirdi.
Nəticədə heç bir institut formalaşmır, formalaşanlar da ekstraktiv institutlar olur – sui-istifadəyə açıq, oliqarxlara xidmət edən. İnkluziv institutların dağıdılması təşkilatın məhvinə aparan ən əsas yoldur, qalan vasitələr bu yolda küçə fənəri, səki ola bilər. Osmanlı elə buna görə Qərbin inkişaf etmiş dövlətlərinin nökəri oldu və sonda dağıldı.
Ekstraktiv institutların, ənənənin yaradılmasının bir əsas ziyanı da odur ki, bunlar bir dəfə yaradılandan sonra “Oliqarxiyanın dəmir qanunu” işə düşür. “Oliqarxiyanın dəmir qanunu” Azərbaycan xalqının anlayacağı dildə o deməkdir ki, “bu getsə, yerinə yaxşısı gəlməyəcək”.
Yəni hakimiyyətdəki oliqarx dəyişəndə yeni hakimiyyətə gələn də artıq oturuşmuş institutlara müvafiq olaraq, korrupsiyaya qurşanır, hüquq və azadlıqları boğur, inkluziv (hakimiyyət bölgüsünə, demokratiyaya, insan hüquq və azadlıqlarına əsaslanan) institutların qurulmasına mane olur.
Əlbəttə, “Oliqarxiyanın dəmir qanunu” adı qədər möhkəm deyil. Tarixdə xeyli nümunə var ki, oliqarxiyanı yıxa bilib. Amma bu, asan deyil. Hər halda bu “dəmir qanun”u sındıra bilmiş xalqlar bunu bacarmayanlardan dəfələrlə azdır.
Bir sözlə, əsas məsələ institutlaşmadır. Hansısa təşkilatda – fərqi yoxdur, bu, dövlətdir, partiyadır, hərəkatdır, ya nədir – inkluziv institutlar formalaşmayıbsa, hələ də “Oliqarxiyanın dəmir qanunu” davam edirsə, deməli, o təşkilat fəlakəti yaşamaqdadır.
Məsələn, Qırğızıstanda hazırda azad seçki var. Amma hakimiyyətdə eyni adamlar bir-birlərini əvəz edirlər, çünki sistem dəyişmir, ad və soyadlar dəyişir. Lap Putinlə Medvedev, Erdoğanla Davutoğlu, Yıldırım kimi.
Yaxud kimsə öz partiyasında rəhbər vəzifədəki adamı dəyişib, amma özü faktiki idarə edən kimi qalırsa, deməli, onun argentinalı Perondan bu sahədə fərqi yoxdur. Həmin adam üçün dəyərlər fərdi mənafedən aşağıdadır, Ali Məhkəmə daxil olmaqla müstəqil məhkəmə, azad mətbuat bu adam üçün düşmən anlayışlardır.
Bəli, əsərlə müəllif yalnız ədəbiyyatda fərqlənir. Şəxsiyyətcə rəzil müəllifin əsəri gözəl ola bilir. Amma institutlarda belə deyil. Bir adam təşkilatında, partiyasında, evində, məclisdə inkluziv dəyərlərə, prinsiplərə hörmət etmirsə, o, inkluziv, insan hüquq və azadlıqlarının təmin edildiyi dövlət, sistem qura bilməz. Onun qurduğu hər şey özünün fərdi marağına – KORRUPSİYAya hesablanıb.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.