“Körpünün qəzalı olması barədə rəy vardı, amma gediş-gəliş dayandırılmadı”
“Körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı rəy vardı. Qüdyalçay illərdir ki, daş karxanaları tərəfindən istismar olunur. Körpünün sütunları gilin üzərində qalıb. Amma sütunları, özülü bərkitmək əvəzinə, üzərinə asfalt çəkməklə təmir görüntüsü yaratdılar”.
Bunu Meydan TV-yə adının mətbuatda açıqlanmasını istəməyən Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşlarından biri deyib.
Onun sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bu barədə rəsmi məktubla müraciət ediblər.
Təxminən 2 il əvvəl körpünün yenilənməsi ilə bağlı agentlik tərəfindən layihə hazırlandığı bildirilib:
“Körpü 1974-cü ildə inşa olunub. Amma qəzalı vəziyyətə düşməsinin səbəbi sel suları deyil, çayın daş karxanaları tərəfindən mütəmadi istismar olunmasıdır. Həmin karxanalar yüksək rütbəli məmurlardan birinə məxsusdur. Çay o qədər istismar olunub ki, dərinləşib. Körpünün üstünə asfalt çəkilməsi də yanlış addım olub, sütunlar daha da yüklənib”.
İcra hakimiyyəti əməkdaşı deyib ki, hadisədən bir neçə gün əvvəl rayon rəhbərliyi həmin ərazidə baxış keçirib, amma körpüdən gediş-gəliş dayandırılmayıb:
“Hazırda həmin yol bağlıdır, alternativ yoldan istifadə edilir. Hansı ki həmin yol bərbad vəziyyətdədir, asfalt örtüyü yoxdur. Hətta vəziyyət elədir ki, tozdan-dumandan maşınların hərəkəti çətindir. Təmir bir neçə ay yubanarsa, yağışlı və qışlı havalarda avtomobillərin hərəkəti daha da çətinləşəcək”.
“Körpünün vəziyyətinə dair məlumatların hazırlanmasında iştirak edənlərin biriyəm. Agentlik bu məsələyə olduqca laqeyd yanaşdı. Həmin vaxtı ölüm və ya daha ağır nəticələr baş verə bilərdi. Biz bunu 2-3 il əvvəldən xəbərdarlıq etmişdik. Nə icra hakimiyyətinin tabe olduğumuz rəsmiləri, nə də agentlik vaxtında tədbir gördü. Əvəzinə təbiət günahlandırılır”, – deyə o qeyd edib.
Rəsmi məlumata görə, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sentyabrın 14-də respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhəd avtomobil yolunun 27-ci kilometrliyində, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş körpünü uçurub, xəsarət alanlar var.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, körpünün söküntüsünə başlanılıb. Yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Lakin inşa işlərinin nə zaman bitəcəyi ilə bağlı məlumat verilmir.
Agentlik sürücülərdən alternativ yoldan istifadə etməyi tövsiyə edib.