Səyyad Əlizadənin vəziyyətinin ağır olduğu bildirilir
Müğənni Səyyad Əlizadənin vəziyyəti yenidən pisləşib.
Kürəkəni Razim Qasımov Meydan TV-yə açıqlamasında bildirib ki, ECMO – ekstrakorporal membran oksigenlənmə cihazına qoşulan ifaçının səhhəti son iki gündə ağırlaşıb.
ECMO aparatı müvəqqəti olaraq ağ ciyərlərin funksiyasını yerinə yetirməklə, qanı oksigenlə təmin edir. Həmin avadanlıqdan ağır sətəlcəm şəraitində nəfəs almağa çətinlik çəkən xəstələri müalicə üçün istifadə olunur.
“Müğənni hələ də komadadır, vəziyyəti ağır, stabil olaraq qalır. Həkimlər əlindən gələni etsə də, irəliləyiş yoxdur”, – Razim Qasımov deyib.
COVİD-19 virusuna yoluxan müğənninin müalicəsi öncə Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada aparılıb. Daha sonra ailəsinin istəyi ilə müğənni Mərkəzi Gömrük Hospitalına köçürülüb.
Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonu Babı kəndində doğulub.
1987-ci ildə ilk “Təbrizim” albomu çıxıb.
Sonralar “Azərbaycanım”, “Gözlə, gələcəyəm”, “Xallı qız”, “Gözlərimin yaşı”, “Saçlarım bəyaz oldu”, “Dünya gözəl dünyadır”, “Bizim uşaq dünyamız” albomlarını buraxıb.
Müğənni “Bəyaz gecələr” mahnısı ilə məşhurlaşıb.