Konslagerlərin qapısı açılacaq…

Fukuyamanı görən olsa…

Source:

Paris hadisələrindən çox deyildi, çox yazıldı. Müxtəlif rəylər oldu, profildəki “bayraq” davası da öz yerində, cəmiyyətimizin real sifətlərini bir də gördük, bunlar öz yerində. Təhlillər oldu, “niyə məhz Paris” sualına yüzlərlə cavab gəldi, “bəs niyə məhz Parisdəki terakt diqqəti maksimal cəlb edir?” kimi sualları yağdıranlar oldu, “əcccəb olub!” deyənləri bir də gördük. Bu hadisələr sanki bir lakmus kağızı idi, yenidən əmin olduq ki, cəmiyyətimizin “gül-çiçəkləri” hamısı öz yerindədir ki, durub. Bunlar bəlli.

Parisdən sonra baş verən başqa ilginc hadisələrdən (G20 sammiti, Suriyadakı müharibə, türkmənlərin qətliamı və s.) bəhs etməyəcəm – bunlar da hamısı bəlli.

Yaxşı, bütün bunlar bir təfərə, indi başlıca sual budur – ardı nə olacaq? Nə gözləməliyik bu hadisələrdən?

Əlbəttə, bəlkə qəribə gələ bilər, lakin başlıca hadisələr müharibə gedən Suriyada yox, Avropada baş verəcək. “Köhnə dünya” indi öz yeni aktuallığına gəlib. Çünki, müharibə öz yerində, lakin Avropa Parisdə baş vermiş öz 9/11-nə hansısa adekvat addımını atmalı olacaq nəhayətdə.

Bunun isə yeganə addımı Avropada onsuz da son illər bir tendensiyaya dönmüş sağların qalxınışını daha da sürətli edəcək. Əgər politkorrekt danışsaq təbii ki… Əslində isə, “loru”, xalq dilində bu işlərin açılımı çox sadədir – Avropada faşistlərin legitim siyasəti qayıdışı üçün yol açılıb, bəli xanımlar və cənablar, acı həqiqət bundan ibarətdir. Bunun necə ağır bir reallıq olduğunu anlamaq üçün kiçik bir tarixi ekskurs etməliyik.

Avropada XX əsrin ikinci yarısı tarixə həqiqi sosial rifahlar dövrü kimi yazıldı. 1945-də radikal sağın, ümumiyyətlə, konservatizmin bir fəlsəfə kimi kökündən ağır zərbə alması bunu nəticələndirmişdi. Əgər Şərqi Avropada bu sovetlərin təsiri nəticəsində qarşısıalınmaz bir proses idisə, Qərbi Avropada bu sadəcə zərurətə çevrilmişdi. Çünki „Köhnə dünya”da, yəni kontinental Avropada, konkret Fransada 1945-ci ildən sonra sağların obrazı çox birmənalı idi.

Əgər Almaniya və onun müttəfiqlərinin ölkələrində (Avstriya, İtaliya, Finlandiya, Macarıstan, Rumıniya və s.) bu obraz məğlubların və ölkəni fəlakətə sürükləmiş cinayətkarların obrazı idisə, tutalım Fransa (marşal Peten və onun Vişi [Vichy] rejimi), Belçika (bu ölkənin faşist partiyası Parti Rexiste və onun lideri Léon Degrelle) və ya Norveçdə (1940-cı ildə almanların işğalı ilə bərqərar olmuş „Milli Birlik” [Nasjonal Samling] partiyasının føreri [norveç dilində bu elə führer deməkdir], bədnam Vidkun Quisling hakimiyyəti) çox sadəcə – satqın adlanırdı. Çünki bu ölkələrdəki bütün millətçilər alman nasistlərində siyasi tərəfdarlarını taparaq, onlarla iş birliyinə – kollaborasionizmə getmişdilər və bu zaman öz ölkələrinin işğalı onların vecinə deyildi.

Nəticə qanunauyğun oldu – bu ölkələrdə sağlar (təbii olaraq, bir satqın kimi) bütün XX əsr boyu çox-çox zəif mövqelərdə durdular, toplumda onların böyük siyasətə gəlişinə sanki qeyri-rəsmi qadağa qoyuldu.

O zamandan davam edən bu siyasi balans indi son olaraq pozulmuşdur və radikal sağlar onlara bu iş üçün gözəl pas verərək, legitimləşdirmiş islamçılara vicdan burclusudur. İllərlə Avropada məskən salmış, bu kontinentin vergi ödəyicilərinin hesabına sosial müavinət alaraq əvəzində Avropa üçün şəriət dövləti tələb edənlər yalnız bu ölkələrdəki bərqərar olmuş liberal dəyərləri məhv edərək, oturduqları budaqları mişarlamaqla məşğul idilər.

Onlar Avropanı, onun dəyərlərini sadəcə istehlak bucağından qiymətləndirərək, bu kontinentdəki ölüm düşərgələrinin, oradakı qaz kameralarının qapılarının cəmi-cümlətanı 70 il öncə bağlandığını tamam unutmuş kimi görünürdülər. Fransızların hələ 50-ci illərdə Əlcəzairdə nələr etdiyini sanki unutmuş bu şəriət tərəfdarları, nəhayət ki, bu kabusları oyatmağa nail oldular. Avropada radikal sağlar, faşistlər artıq siyasi həyatın bir hissəsi olmuş, televiziyalarda çox rahatca fikir bildirir, meydanlara çıxır, belə gedişlə ardını çox da uzun gözləmək lazım gəlməyəcək, buna əmin ola bilərsiniz. Bu gedişlərin hansı gələcəyə gətirəcəyi isə bir kimsəyə sirr olmayacaq.

Amma zatən hər şey qanunauyğundur, Avropa üçün şəriaət idarəsi tələb edənlər bu gələcəyi haqq etmişlər – deyə bilərsiniz. Əlbəttə, mübahisə etməyəcəyəm, amma konslagerlərin qapısı açılanda, ora ilk Hitler rejiminin əleyhdarları, kommunistlər, sonra yəhudilər, sonra homoseksuallar, sonra sovet hərbi əsirləri, sonra qalan hərbi əsirlər, sonra müharibədən yayınan fərarilər, nəhayətdə “düzgün olmayan” almanların özü salındı. İndi də bu sıralama bir qədər fərqli olsa da, öz düzənini saxlayacaq – bundan da əmin ola bilərik.

Doğrudan da, bəşər tarixi spiralvari inkişaf edir, əgər Frensis Fukuyamanı görüb-eləyən olsa, lütfən ona çatdırsın, xanımlar və cənablar…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəKonslagerlərin qapısı açılacaq…