Konqoda köhnə nazirlərə ömürlük maaş veriləcək

Bu fərmanı bütün siyasi dairələr tənqid edib

Source:

Bu fərmanı bütün siyasi dairələr tənqid edib

Konqo Demokratik Respublikasında hökumət nazirlərə ömürlük əmək haqqı və bir sıra digər üstünlüklər verən fərman qəbul edib.

Hökumət bəyanatında maaşların “məmurları zənginləşdirmək üçün ödənilmədiyini” iddia edib.

Köhnə nazirlərə ən azı iki min dollar ödənməsini özündə ehtiva edən bu fərman tənqidlərə tuş gəlib.

Konqo Demokratik Respublikasında əksər insanlar yoxsulluq içində yaşayırlar.

Yeni seçilmiş kabinetə mandatını ötürmək istəyən hökumət, əmək haqqının nazirlərin “ərzaq, mənzil və sağlıq kimi minimum ehtiyaclarını ödəmək üçün” veriləcəyini açıqlayıb.

Bundan əlavə, hökumətin ödəmələrinin “nazirlərin səfil olmamaları üçün” olduğu vurğulanıb.

Ötən ilin noyabrından vəzifəsindən uzaqlaşmağa hazırlaşan Baş nazir Bruno Şibala (Bruno Tshibala) tərəfindən imzalanmış iki fərman son zamanlarda ortaya çıxıb.

“Reuters”in xəbərinə görə, ilk fərman köhnə baş nazirlərə hazırkı Baş nazirin maaşının 30 faizi, ildə bir dəfə biznes sinifi ilə uçuş bileti və ayda 5 min dollarlıq mənzil haqqı imkanı verəcək.

İkinci sərəncam isə köhnə nazirlərə hazırkı nazirlərin aldığı maaşın 30 faizinin ödənməsi, aylıq 1000 dollar mənzil haqqı imkanı və ildə bir biznes sinifi ilə uçmaq haqqının verilməsini tələb edir.

Fərmanları bütün siyasi dairələr tənqid edib.

Köhnə prezident Yusif Kabilanın (Joseph Kabila) məsləhətçisi bu fərmanların “ölkədəki sosial-iqtisadi vəziyyətlə uyğun gəlmədiyini” söyləyib.

Ancaq hökumət bu qərarların geridə qalanları deyil, yalnız mövcud hökuməti və gələcək hökumətləri əhatə etdiyini söyləyərək, atılan addımı müdafiə edib.

“Transparency İnternational”ın son korrupsiyaya dair qəbul etdiyi hesabatda, Konqo Demokratik Respublikası 180 ölkənin arasında 161-ci yeri tutur.

Ana səhifəXəbərlərKonqoda köhnə nazirlərə ömürlük maaş veriləcək