Səfir Azərbaycanı İstanbul Konvensiyasına qoşulmağa çağırıb
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və “EU Neighbours east” martın 6-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş brifinq keçirib.
Tədbirdə çıxış edən Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Kyastutis Yankauskas hazırda Aİ-nin gender problemləri ilə bağlı 4 illik yeni milli fəaliyyət planı hazırladığını qeyd edib:
“Azərbaycanda 100 ildən çox əvvəl qadınlar seçki hüququ əldə ediblər və bizim üçün maraqlıdır, bu yaxınlarda Azərbaycan parlamentinə keçirilmiş növbədənkənar seçkilərdə qadınlar öz hüquqlarından istifadə edə biliblər?”
Səfirin sözlərinə görə, 2019-cu ildə Azərbaycanda rəsmi olaraq rekord sayda qadınlara qarşı zorakılıq faktları qeydə alınıb. Amma bu, vəziyyətin pisləşməsi demək deyil. Bu, cəmiyyətin bu problem haqqında daha çox danışmağa başlamasının nəticəsidir.
Diplomat Aİ-nin Azərbaycandakı bütün layihələrində gender məsələsinin prioritet olduğunu vurğulayıb.
Amma səfir bildirib ki, Azərbaycan İstanbul Konvensiyasına qoşulsaydı, bu, müsbət hal olardı.
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Azərbaycanda heç vaxt feminist hərəkatının olmadığını bildirib:
“Amma həmişə alim qadınlar, ziyalı qadınlar olub, onlar özlərini qızların təhsilinin yaxşılaşdırılmasına, onların ictimai həyatda iştirakının fəallaşdırılmasına həsr ediblər”.
Taliyə İbrahimova hesab edir ki, hazırki mərhələdə qadınların iqtisadi azadlığına xüsusi diqqət yetirilməlidir:
“İqtisadi cəhətdən sərbəstlik olmadan gender bərabərhüquqluluğu məsələsi həmişə aktual olacaq. Qadınlar arasında orta və kiçik biznesə dəstək təmayülü var. Erkən nikah və 15-17 yaşında qızların övlad dünyaya gətirməsi səviyyəsinin azalması müsbət haldır. Selektiv nikahlara qarşı mübarizə tədbirləri də öz nəticəsini verir”.
Avropa Şurasının qadınlara qarşı zorakılığın və məişət zorakılığının aradan qaldırılması və ona qarşı mübarizə haqqında Konvensiyası 2011-ci il mayın 11-dən imzalanmaq üçün açıqdır. Konvensiyanı 46 ölkə və Avropa İttifaqı imzalayıb. Azərbaycan indiyədək bu sənədi imzalamayıb.