Komada olan hüquq müdafiəçisinin ailəsi həkimlərin cəzalanmasında israrlıdır

Foto: Meydan TV

Bakı Apelyasiya Məhkəməsi Gülalıyevlərin şikayətini təmin etməyib

2019-cu ilin oktyabrında avtomobillə vurulandan sonra komaya düşən və indiyədək sağalmayan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailə üzvləri onun bu durumuna görə həm də həkimləri ittiham edir. Ailə ötən müddətdə həkimlərin də cəzalandırılması üçün hüquqi müstəvidə mübarizə aparıb. Hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva həkim heyətinin haqqında cinayət işi başlanması üçün şikayətçi olsa da, prokurorluq bundan imtina edib. Gülalıyeva prokurorluğun həmin qərarının ləğvi üçün məhkəməyə üz tutmuşdu. Lakin Nəsimi Rayon Məhkəməsi onun şikayətini təmin etməmişdi.

Bu qərarla razılaşmayan Firuzə Gülalıyeva apelyasiya şikayəti vermişdi. Dekabrın 6-da Bakı Apelyasiya Məhkəməsində həmin şikayətə baxılıb. Lakin bu instansiya da şikayəti təmin etməyib – aşağı instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Firuzə Gülalıyeva hesab edir ki, vaxtında lazımi tibbi müdaxilələr edilsəydi, cərrahiyyə əməliyyatı gecikdirilməsəydi, Oqtay Gülalıyev komaya düşməzdi.

Sözügedən avtomobil qəzası 2019-cu il oktyabrın 29-da paytaxtın 28 May və Puşkin küçələrinin kəsişməsindəki işıqforda baş verib. Hüquq müdafiəçisi piyadalar üçün yaşıl işıqda yolu keçərkən Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onu vurub. Sürücü dərhal onu Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıb. Kənan Abdullayevin sözlərinə görə, Oqtay Gülalıyev yolda gedərkən də, xəstəxanada da danışırmış. Hətta ciddi xəsarəti olmadığını bildirərək, xəstəxanaya aparılmasına ehtiyac olmadığını da söyləyib.

Bakı Apelyasiya Məhkəməsi. Mənbə: axar.az

Sonradan yaxınlarının istəyilə onu Kliniki Tibbi Mərkəzdən “Baku City Hospital”a köçürüblər, orada beyin əməliyyatı keçirib. Oradan da Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Bir neçə gün sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün İstanbuldakı klinikaya yerləşdirilib. Bir ilə yaxın orada müalicə olunduqdan sonra 2020-ci il noyabrın 7-dən 8-nə keçən gecə Bakıya gətirilib.

Kənan Abdullayev Cinayət Məcəlləsinin 263.1.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsilə təqsirli bilinərək, 2 il 3 ay azadlıqdan məhrum edilib. Lakin bu, ehtiyatsızlıqdan baş vermiş cinayət olduğuna görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bu kateqoriyadan olan cinayətlərdə cəza 5 ilə qədər olduqda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.

Ana səhifəSiyasətKomada olan hüquq müdafiəçisinin ailəsi həkimlərin cəzalanmasında israrlıdır