Təmirli, işıqlı dəhlizin sonundakı qaranlıqda bağlamalar yığılıb. Xətai rayonunda yerləşən 207 saylı bağçada 17 məcburi köçkün ailəsi köçməyə hazırlaşır. Sakinlər deyir ki, iyulun 1-də Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən gələrək onlara bildiriblər ki, yır-yığış etsinlər, bir-iki günə köçürüləcəklər. Amma 24 gün keçib, hələ də köçürülməyiblər.
Köçkünlərin yaşadığı bağça təmir edilir. Amma təhlükəsizlik üçün heç bir tədbir görülməyib. Sakinlər hər gün tozanağın və zibiliyyin içindən keçirlər.
Köçkünlərin sözlərinə görə, buradakı 17 ailədən yalnız bir nəfər Mehdiabad qəsəbəsində salınan binaya yerləşdirilib. Ağdərə rayon qaçqını Elməddin Niftalıyev deyir ki, Mehdiabad qəsəbəsində bütün binalar boşdur, amma onları köçürmürlər.
Qaçqınların və Məcburi Köçkünləri İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyir ki, onlar da qaçqınların nə vaxt köçürüləcəyini bilmirlər.
207 saylı bağçada 21 ildir yaşayan sakinlər isə əşyalarını qablaşdırıb, işə getməyib, köçürüləcəkləri günü gözləyirlər.