21.21
BBC-nin məlumatına görə, Ukraynanın Fövqəladə Hallar Xidməti Rusiyanın Kiyev televiziya qülləsinə hücumu nəticəsində 5 nəfərin öldüyünü bildirib. Qüllənin özünün vurulub-vurulmadığı bəlli deyil – o, ayaq üstə qalır, lakin partlayış bəzi verilişləri efirdən çıxarıb.
Ukrayna paytaxtına aviazərbələr endirildiyi bildirilir
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevi bombalaması görüntüləri yayılıb.
Məlumatı “Telegram” kanalı “Nexta Live” yayıb. Görüntülərdə Kiyevin mərkəzindəki teleqüllənin raket zərbəsinə tuş gəldiyi görünür.
Martın 1-də ukraynalıların Kiyevi təlaşla tərk etmələri görüntüləri də yayılıb. Eyni zamanda, Rusiya ordusu günlərdir Ukraynanın Xarkov vilayətini atəşə tuturdu. Bu gün isə paytaxt Kiyev aviazərbələrə tuş gəlib.
Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər. Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.