Vəkil apelyasiyaya onun Hollandiyadan siyasi sığınacaq alması barədə sənədləri təqdim edəcək
Ukraynanın Borispol Məhkəməsi oktyabrın 17-də jurnalist Fikrət Hüseynli haqda 18 sutka həbs qərarı qəbul edib.
Jurnalisti vəkil Dmitri Mazurok (Ukrayna Helsinki İnsan Haqları Birliyi) müdafiə edir.
Vəkil “Turan” agentliyinə qərarla razılaşmadıqlarını və qısa zamanda apelyasiya şikayəti verəcəklərini deyib. F.Hüseynlinin Hollandiyadan siyasi sığınacaq alması barədə sənədləri apelyasiyada təqdim ediləcək. Vəkil deyib ki, əgər rəsmi Kiyev jurnalist Fikrət Hüseynlini Azərbaycana verərsə, onu təhlükə gözləyir.
O, bildirib ki, jurnalist məcburi mühacir olduğundan Azərbaycana verilə bilməz və buna görə Niderlandda vətəndaşlıq alıb. Çünki Fikrət Hüseynlini siyasi motivlərlə izləyiblər və bu səbəbdən jurnalisti Azərbaycana vermək təhlükəlidir.
Jurnalist Fikrət Hüseynli oktyabrın 14-də Ukraynanın Borispiol hava limanında sərhədçilər tərəfindən saxlanılıb.
Ukrayna mətbuatı yazır ki, jurnalist fırıldaqçılıq, saxta sənədlər və qanunsuz miqrasiya ittihamları ilə İnterpolun axtarışında olub.
“Turan”TV-nin baş redaktoru Qənimət Zahid deyib ki, hakimiyyət Fikrət Hüseynlini siyasi fəallığına və baxışlarına görə təqib edirdi.
Fikrət Hüseynli ötən əsrin 90-cı illərindən Azərbaycanda jurnalist kimi fəaliyyət göstərib. Ölkədə sonuncu iş yeri “Azadlıq” qəzeti olub.
Onun 2006-cı il martın 5-dən 6-na keçən gecə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində maskalı şəxslər tərəfindən oğurlanaraq işgəncələrə məruz qaldığı, bıçaqlandığı bildirilir. 2008-ci ilin əvvəlində davamlı təzyiqlərə məruz qalması, jurnalist fəaliyyətinə görə həyatına real ölüm təhlükəsi olması səbəbindən Azərbaycanı tərk etdiyi deyilir. Həmin ildən Niderland Krallığında siyasi mühacir kimi yaşayır və Avropada fəaliyyət göstərən “Turan TV”-də çalışır.