“Bu kitab biznesində bəlkə 10 dəfə məni cərimələyiblər. Mən nəinki qazanc əldə elədim, 8 il müddətində 10-15 min manat ziyanına işlədim, amma fikirləşirdim ki, xidmət edirəm də”.
61 yaşlı Xan Rəsuloğlu 90-cı illərdən başlayaraq kitab satışı ilə məşğuldur.
“Azərbaycanda Avropadakı maaşlar alınmır ki, oradakı qiymətlər də burada tətbiq olunsun. Birinci bu qiymət sarıdan problemlərimiz var. Nəşriyyatlarda da peşəkarlar demək olar ki, çox azdır. Bizdə korrektə, redaktə işi çox acınacaqlı səviyyədədir”, – kitabçı deyir.
Bakıdakı kitab dükanı zərərlə işlədiyi üçün, o, Sumqayıta üz tutub.
“Azərbaycanda bu sahədə az-çox hörmətim var, amma 20 kvadrat metrlik yerdə işləyirəm. Bilənlər bilir ki, 8 il mən Bakıda “Xan xəzinəsi” kitab dükanını işlətdim, qazancdan çox ziyan elədim. Bir az yersiz çıxmasın, hərdən bunu deyəndə mənə deyirlər ki, bəs ağlamağa ehtiyac yoxdur, amma fakt faktlığındadır ki, 61 yaşındayam və hələ də evim yoxdur, kirayədə qalıram. Bu, nə vaxta qədər belə olacaq?”, – Xan Rəsuloğlu deyir.
Kitabçı onu da deyir ki, dövlətdən heç nə istəmir, heç vaxt umacağı olmayıb:
“Heç olmasa bizi cərimələməyin, bizə şans yaradın, imkan yaradın. Hətta belə də deyirəm, bizə də yaratmayın, xalq üçün edin. Əgər xalqın həyat səviyyəsi yüksələrsə, xalqın alıcılıq qabiliyyəti də yüksələr”.
Kitabçı dərsliklərin də keyfiyyətindən narazıdır:
“Bütün dünyaya bəyan eləmişik ki, dərsliklər pulsuzdur, amma bir dərsliklə iş bitmir. Testlər, əlavə kitablar var, onları almağa da məcbursan. Çünki dərsliklərdə o informasiya tam verilmir. Təhsil sistemində elə şərait yaratmaq lazımdır ki, valdeynlərin, şagirdlərin cibinə girilməsin”.
10 ildir ki kitabçı kimi fəaliyyət göstərən İlkin Tomar isə “kitabal” mağazasının və “kosmo” nəşriyyatının təsisçisidir.
“Azərbaycanda kitab bazarının bəlkə də 70-80 faizini digər dillərdə olan kitablar təşkil edir, əslində bu, bir “SOS” siqnalıdır. Çünki bu, indi hiss olunmur, amma 10-15 il sonra bunun problemləri üzə çıxacaq. Problemlərdən biri dil məsələsidir. Belə deyim, türkcə olan kitabları əgər oxuyuruqsa, bir az keçəndən sonra artıq biz fikrimizi azərbaycanca ifadə eləyə bilmirik. Getdikcə, 10-15 il sonra Azərbaycan dilində səlis danışan və düzgün yazmağı bacaran insanların sayı barmaqla sayılacaq qədər olacaq”, – İlkin Tomar deyir.
“Səhv eləmirəmsə, bir 10 il bundan qabaq Seymur Baycanın yazısında oxumuşdum, region üzrə kitab oxuma faizi statistikası var idi. Birinci yerdə səhv eləmirəmsə, gürcülər idi, ikinci yerdə ermənilər, üçüncü yerdə biz. Bizdə ümumi kitab mütaliə faizi 9 faiz idi, o 9 faizin də yarısı yazıçı, şairlərin özləridi, yəni belə deyim də, biabırçı bir vəziyyət idi. Halbuki ermənilərdə və gürcülərdə, bu, 30 faizin üzərində idi. Yəni bizdən 3 dəfə çox”, – kitabçı vurğulayır.
Onun sözlərinə görə, digər bir problem pirat çaplarla bağlıdır:
“Məsələn, kitabdır, o kitabın götürüb piratını çap edib satırlar. Müştəri də, hamısı yox, bir çoxu ucuzdu deyə gedib pirat çap alır. Pirat çap alındığına görə məhsulun orjinalı satılmır və o nəşriyyata böyük zərər vurur, bu tərəfi də var. Bilmirəm bizdə piratçılığa qarşı, müəllif hüquqları ilə bağlı qanun var, ya yox. Qarşıma çıxmayıb. Bunun qarşısı alınmalıdır. Ən əsası kitab qıtlığı var, tərcümə baxımından azərbaycanca istədiyin kitabları əldə edə bilmirsən”.
İlkin Tomar deyir ki, bədii və fərdi inkişaf kitabları çoxdur, amma psixologiya, fəlsəfə, sosiologiya, biologiya, astronomiya ilə bağlı kitabların qıtlığından əziyyət çəkirlər.