Kirilo Timoşenko istefa ərizəsini Zelenskiyə təqdim edib

Kirilo Timoşenko. Foto: “slovoidilo.ua”

Onun hansı səbəbdən istefa verdiyi açıqlanmasa da, korrupsiya ilə bağlı iddialar var

Ukrayna Prezidentinin Adminstrasiya rəhbərinin müavini Kirilo Timoşenko yanvarın 24-də Volodimir Zelenskiyə istefasını təqdim edib.

O, istefa səbəbi ilə bağlı ictimaiyyətə hər hansı bir açıqlama verməyib.

Ukraynada son zamanlar yeni korrupsiya qalmaqalı ilə bağlı deyimlər var. Bu, Ukrayna qüvvələrinin ölkənin şərqində Rusiya hücumlarına qarşı “fasiləsiz” döyüşdüyü bir vaxtda danışılır.

Bununla bağlı açıqlama verən Prezident Volodimir Zelenski korrupsiyanın kökünü kəsəcəyini deyib.

Onun bu açıqlamasından sonra hökumətdən istefa edənlər, işdən çıxarılanlar olub.

Ukrayna müdafiə nazirinin müavini də istefa verib.

O, əsgərlərin ərzaq və avadanlıqla təchizatına cavabdeh olub.

İstefasına səbəb kimi son zamanlar korrupsiyayla bağlı “medianın ittihamları” olduğunu bildirib.

Ukrayna Müdafiə Nazirliyi və nazirlik rəsmiləri korrupsiya ittihamlarını əsassız adlandırıb.

Müdafiə Nazirliyinin vebsaytında yerləşdirilmiş bəyanatda deyilir ki, Vyaçeslav Şapalovun istefası “lazımlı addımdır”, nazirliyə etimadın qalmasına kömək edəcək.

Ukrayna Baş prokurorunun müavini Oleksey Simonenko isə vəzifədən kənarlaşdırılıb.

Onunla bağlı yanvarın 24-də yayılmış bəyanatda deyilir: “Bu, Simonenkonun öz istəyilə baş verib”.

Zelenski açıqlamasında korrupsiya iddiaları fonunda yuxarı və aşağı vəzifələrdə heyət dəyişikləri edəcəyini açıqlayıb.

Yanvarın 22-də infrastruktur nazirinin müavini sentyabrda generatorların idxalına görə 400 min dollar rüşvət almaq şübhəsilə saxlanıb, özü isə ittihamı rədd edir.

Bir gün əvvəl “Ukrayna Pravda” öz mənbələrinə istinadən xəbər vermişdi ki, Prezident Aparatı rəhbərinin müavini Kirilo Timoşenko istefa ərizəsi yazıb.

Bundan əlavə, nəşrin məlumatına görə, Sumı, Dnepropetrovsk, Zaporojjya və Xerson hərbi idarələrinin rəhbərləri təqaüdə çıxacaqlar. Bu məlumat hələ ki rəsmi təsdiqini tapmayıb.

Timoşenkonun işdən çıxarılması ilə bağlı fərman artıq Prezident Aparatının saytında var.

“Timoşenko Kiril Vladlenoviç təqdim etdiyi ərizəyə uyğun olaraq Ukrayna Prezidentinin Adminstrasiya rəhbərinin müavini vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.

Dünən Volodimir Zelenski mərkəzi və yerli hakimiyyət strukturlarında, eləcə də hüquq-mühafizə sistemində bir sıra kadr dəyişiklikləri ilə bağlı qərarlarını açıqlayıb.

“Artıq bəzi kadrlarla bağlı qərarlar var. Həmin qərarlar nazirliklər və mərkəzi hökumətin digər strukturları, bölgələrdə və hüquq-mühafizə sistemində müxtəlif səviyyəli rəhbərlərlə bağlıdır”, – Zelenski yanvarın 23-də axşam çıxışı zamanı deyib.

Ana səhifəDünyaKirilo Timoşenko istefa ərizəsini Zelenskiyə təqdim edib