Kipr Lukaşenkonu necə xilas edib?

Belarus məmurlarına qarşı sanksiyaların qəbul olunması ləngiyir

Source: ria

Material

"Novaya qazeta"

saytında dərc olunub



Belarus məmurlarına qarşı sanksiyaların qəbul olunması ləngiyir

Qırxa yaxın Belarus məmuru və güc strukturu əməkdaşına qarşı sanksiyaların taleyi Belarusa heç bir dəxli olmayan səbəbdən balaca Kiprin girovuna çevrilib. Bundan Avropa İttifaqının Belarus inqilabına olan münasibətləri ilə bağlı heç bir siyasi nəticə çıxarmaq lazım deyil. Məsələ sadəcə Avropa mətbəxinin “şıltaqlığındadır”.

Aİ Şurası ötən həftə boyu səfirlər səviyyəsində Belarusda seçkiləri saxtalaşdırdığına və etiraz aksiyalarını boğduğuna görə məsuliyyət daşıyanların sanksiya siyahısını tutub. Lakin bu siyahının qəbul edilməsi üçün konsensus olmayıb.

Belə ki, Kipr – 27 Aİ ölkəsindən biri – qərarı bloklayıb. Kipr Minskə qarşı sanksiyaları Ankaraya qarşı sanksiyalarla əlaqələndirərək, bir şərtlə imza atacağına razılıq verib: “Türkiyəni Aralıq dənizində qazın çıxarılmasına və kəşfiyyat işlərinə son qoymağa məcbur etmək üçün ölçü götürülsün”.

Kipr fikrindən dönməyib, odur ki, “Belarus siyahısı”nı bazar günü bir araya gəlmiş Xarici işlər nazirləri səviyyəsində qəbul etmək mümkün olmayıb. “Aİ-nin bizim fundamental dəyər və prinsiplərimizin istənilən şəkildə pozulmasına reaksiyası seçici ola bilməz. O, ardıcıl olmalıdır”, – Brüsselə gələn Kiprin Xarici işlər naziri Nikos Xristodulidis jurnalistlərə söyləyib.

Onu anlamaq olar. Aİ-nin bir çox üzvü, o cümlədən Almaniya kimi ağırçəkili ölkə Türkiyəni cəzalandırmağa tələsmir. Ankara ilə əməkdaşlıq arzusu və ya arzuolunmazlığında xeyli maraq bir-birinə düyünlənib. Bunların arasında milyonlarla qaçqın, o cümlədən “xilaskarlar”ın ucbatından öz ölkəsini tərk etmək məcburiyyətində qalmış suriyalılar məsələsi də var.

Kipr öz mövqeyindən dönməmək üçün “tankın altına uzanıb”. Həftə sonu Brüsseldə toplaşacaq dövlət başçıları türk düyününü çözməyə çalışacaq. O zaman Belarusla bağlı sanksiya siyahısı da blokdan çıxarılacaq.

Aİ diplomatiyasının rəhbəri Jozel Borrel Xarici işlər nazirlərinin iclasının yekunu ilə bağlı mətbuat konfransında jurnalistlərə cavab verərkən bu vəziyyəti Aİ-nin ümumi xarici siyasətinin uğursuzluğu adlandırıb. O deyib ki, Belarus üzrə siyahı artıq onun şəxsi məqsədidir və and içib ki, Şuranın oktyabrda keçiriləcək növbəti iclasında buna nail olacaq.

O, liderlərin yüksək səviyyədə siyasi qərar qəbul edəcəyinə ümid bəslədiyini də qeyd edib. Bundan Belarusla bağlı siyasi nəticələr çıxarmaq lazım deyil, hərçənd siyasi effekt doğurduğu göz qabağındadır.

Öz qazının olmasını arzulayan Kiprin gözlənilməz vetosunu Lukaşenkonun işgəncə verdiyi, məhbəsə atdığı, mühacirətə qovduğu belarusların anlayışla qarşılaması qeyri-mümkündür.

Avropa Parlamentinin dəvəti ilə bazar ertəsi Brüsselə gələn Svetlana Tixanovskaya, şübhəsiz ki, Aİ Şurasından dəqiq siyasi qərar gözləyirdi. Üstəlik bu siyahının hansı tərkiblə qəbul ediləcəyi, ora Lukaşenkonun daxil olunub-olunmayacağı belə mühüm deyildi. Borrel səhər Tixanovskayanı Xarici işlər nazirləri ilə qeyri-rəsmi səhər yeməyinə dəvət edib. Belə ki Xarici işlər nazirləri vəziyyəti ondan öyrənmək istəyiblər. İndi isə belə çıxır ki, Tixanovskaya geri əliboş qayıdır. Halbuki əslində belə deyil.

“Üzv dövlətin bu mövzunu girov götürməsi səbəbi ilə bu gün Belarusda insan haqlarının pozulması üzrə sanksiya çıxara bilmədiyimizə çox təəssüf edirik. Bu, belaruslara, xalqlarımıza və bütün dünyaya yanlış siqnaldır”, – Latviyanın Xarici işlər naziri Edqars Rinkeviçs deyib.

Bir çox nazir həmçinin vəziyyətin absurd olduğunu söyləyib və Kiprin mövqeyini qınayıb. Şuraya sədrlik edən Borrel məsələyə bitərəf qalıb. “Bu gün qərar qəbul etmək mümkün olmadı, çünki onun üçün yekdillik lazımdır, bu isə baş vermədi”, – o, diplomatcasına söyləyib və avropalı liderlərin cümə axşamı, ya da cümə günü bu məsələni çözəcəklərinə ümid bəslədiyini əlavə edib.

O zaman sanksiya siyahısı nazirlərin növbəti görüşündə – oktyabrın 12-də təsdqilənəcək. “Belarusdakı repressiyalar ağlasığmaz şəkildə amansızdır və günü-gündən artır, – Borrel deyib, – Biz sanksiyalar qəbul etməliyik. Mən şəxsən bu öhdəliyi öz üzərimə götürürəm. Biz əgər bunu etməsək, Aİ-nin etibarı kölgələnəcək”.

“Belarus üzrə” fiqurantlar siyahının təsdiqini oktyabradək gözləyəcəklər. Aİ-yə girişə viza qadağası və Avropa aktivlərinin dondurulması üçün bunun elə bir önəmi yoxdur.

O ki qaldı Aİ-nin Belarusda baş verənlərə münasibətinə, burda da fikir ayrılığı yoxdur. Kipr həmçinin prinsip etibarı ilə bununla razıdır. Bazar günü baş vermiş Xarici İşlər üzrə Şurada bütün nazirlər Aleksandr Lukaşenkonun prezident kimi legitimliyini tanımadıqlarını təsdiqləyiblər, deyiblər ki, avqustun 9-da keçirilmiş seçkilər saxtalaşdırılıb.

Bu o deməkdir ki, Aİ onlarla işləmək məcburiyyətindədir. Lakin bu müəyyən vaxtadək, yəni Lukaşenko saxtalaşdırılmış seçkilər əsasında vəzifə başına keçənədək belə olacaq. Aİ səfirlikləri geri çağırmır, lakin münasibətlərin səviyyəsi aşağı düşür. Aİ-nin xarici siyasi qurumu forma tapacaq. Bu, həmçinin Belarusun “Şərqi partnyorluq” proqramında iştirakına və yüksək siyasi səviyyədə görüşlərin keçirilməsinə də aid olacaq.

“Lukaşenkonun özünü sanksiya siyahısına salmaq lazımdırmı – bu detallardır”, – Aİ diplomatiyasının başçısı belə hesab edir. Bu, takt və temp məsələsidir. Sanksiyalarsa yalnız müəyyən şəxslərə və təşkilatlara qarşıdır. Belarusa qarşı heç bir sanksiya olmayacaq. Əksinə, Brüssel artıq öz büdcəsinin ehtiyatında Belarus vətəndaş cəmiyyətinə dəstək üçün 53 milyon avro saxlayıb.

Rusiya Belarusa kredit verirsə, Avropa ittifaqı niyə kömək etməsin ki? Lukaşenko çətin ki, rus pulunu Belarus müxalifəti ilə bölüşdürsün.

Aİ 53 milyon avronun Lukaşenko və onun hökumətinin möhkəmlənməsinə deyil, xalqa çatmasının qayğısına qalacaq. O, bunun üçün çözüm tapacağını vəd edir.

Aİ Şurasında Lukaşenko gedəndən sonra Belarusa kömək məsələsi hələ ki müzakirə edilməyib, lakin ”Belarusa bu olduqca çətin siyasi vəziyyətin öhdəsindən gələ bilməsi üçün dəqiq böyük maliyyə yardımı lazım olacaq”, – ali nümayəndə Borrel əmindir.

Ana səhifəDünyaKipr Lukaşenkonu necə xilas edib?