1958-ci ilin binası. İstilik sistemi yoxdur. Qışda qızınmağın ən əlverişli yolu – qaz qızdırıcıları.
Bu, həmin binadır ki, iki gün öncə zirzəmisində yaşayan ailənin 6 üzvü həlak olub. İlkin ehtimala görə, onları hamamdakı qaz qızdırıcısından yayılan dəm qazı zəhərləyib.
Sumqayıt şəhərində 5-ci məhəllədə binanın zirzəmisində yaşayan ailəni tanıdım deyən olmadı. Binada yaşayanların dediyinə görə, 1 ay olardı ki, bu zirzəmiyə sığınıblar.
“Heç tanımırdım. Deyirlər ki, təzə köçüb. Çoxdan köçən ailə deyil”.
Üzvləri ölən ailə kimsəyə tanıdıq gəlməsə də, onların ölümünə səbəb son vaxtların gündəmidir.
Dəm qazı cinayəti Azərbaycanda birinci dəfə deyil. Təkcə 2017-2018-ci il mediada gedən məlumatlara əsasən dəm qazından 24 nəfər həyatını itirib. Bu, hələ rəsmi statistika deyil.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirir ki, nə qədər Fövqəladə Hallar Nazirliyi və “Azəriqaz” real açıqlamalar verməyəcək, kimsə cəzalanmayacaq, ölüm xəbərlərinin sayı artacaq.
Mirvari Qəhrəmanlı əlavə edir ki, vətəndaşların mənzillərinə gedib təhlükəsizlik qaydaları yoxlanılmır.
FHN dəm qazından qorunmaq üçün vətəndaşları bilgiləndirən sosial çarxlar hazırlayıb media vasitəsilə, ya da ictimai yerlərdə reklam edir. Bəs hadisə baş verən binadakı kimi istilik sistemi yoxdursa, əhali nə etsin?
“Qazdan istifadə etməyə məcburuq. Neyləməliyik? Təhlükəlidir. Bir balaca qazı buraxsaq, hamımız boğulub öləcəyik. Qaza nəsə qatılır indi”.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuata açıqlamasında bildirilir ki, dəm qazından zəhərlənmə daha çox vanna otağında baş verir. Bunun da səbəbi təhlükəsizlik qaydalarına əməl olunmamasıdır. Qazın tərkibinə gəldikdə isə əhaliyə satılan qaz dövlət standartlarına uyğun tənzimlənir və tərkibi təmizdir.