Kimdir “orientalist”?

Bizə orientalist, kosmopolit, nihilist kimi yarlıqlar asmaq lazım deyil…

Source:

Mənə elə gəlir ki, cənab Kerry Cosby və Murad Həsənli Elmir Mirzəyevin “Bir daha “öz yolumuz var” tezisi haqda” məqaləsindəki “orientalizm” ifadəsini bir qədər kontekstdən çıxararaq münasibət bildiriblər. Daha doğrusu Mirzəyevin “Mahiyyətdən xəbəri olmadan, kənardan baxış – əsl orientalizm budur” təsbitinə, Edward Saidin həyat və yaradıcılığına ekskurs edərək cavab veriblər. Bernard Lewis kimi aydınların tənqidlərinə dözməyən “Said orientalizmi” zatən bu günün informasiya dünyasında aktual deyil, köhnəlmiş hesab olunur.

Məndə belə bir qənaət yarandı ki, “mahiyyətdən xəbəri olmadan, kənardan baxış” duzağına Mirzəyevin opponentləri də düşüblər. Səhvim varsa, bağışlasınlar. Cənab Cosby`ni başa düşmək çətin deyil, Murad Həsənli isə görünür uzun illərin London təcrübəsinin təsirindədir. Hərçənd, bunda mənfi heç nə görmürəm. Meydan TV olaraq buradakı üstünlüyümüz və qazancımız çox maraqlı, maarifləndirici bir diskussiyaya rəvac verməyimizdir. Bu baxımdan cənab Cosby`yə də, Murad bəyə də təşəkkür düşür.

Emin Millinin hər kəsi diskussiyaya dəvətini qəbul edərək, oxucularla öz qeydlərimi paylaşmaq istəyirəm. Yazılan tənqidlərə Elmirin nə cavab verəcəyi mənə də maraqlıdır. Çox böyük məmnuniyyətlə Rəhman Bədəlovun da fikirləri ilə tanış olardım. Professor Bədəlov, hazırkı diskussiyaya Zərdabi təcrübəsi ilə qoşula bilərdi.

Rail Səfiyev imzalı “Orientalistlərə cavab” yazısını isə bu diskussiya çərçivəsində görə bilmirəm. Başlıq təbəssüm doğurur, çünki xeyli iddialıdır amma ünvan bəlli deyil. Kimdir orientalist? Tarix boyunca orientalistlərin və orientalizmin tənqidçiləri olub və onların arqumentləri mənə tanışdır. Bütün hallarda, Orientalizm bir ekol kimi kolonial gerçəklikdə labüd idi. Bununla çox güman hamımız razıyıq. Demək istədiyim odur ki, orientalistlərlə heç bir problemim yoxdur və onları öz zamanları çərçivəsində zəruri, faydalı hesab edirəm. Hətta yadımdadır ki, 90-cı illərdə Ignac Goldziher mənə islamı, xüsusən şiə-sünni diskursunu anlamaqda daha çox kömək etmişdi, nəinki çağdaş ya da klassik ortodoks islam üləması.

Lakin biz orientalist deyilik, baxışımız da orientalist deyil. Ona görə də, müraciətin kimə ünvanlanması sualı havadan asılı qalıb. Üstəlik, “orientalist” deyilən adamlardan ziyadə, siyasi iradənin kompetensiyasında olan suallar qaldırılıb. Doğrudur, siyasilər bu günün gerçəkliyində mentalitetdən tam imtina, dinə küfr, gay`ləri müdafiə edə bilməzlər. Bu, onların fiaskosu olar. Amma müəllifin “siz cəmiyyətin heç bir faizi də deyilsiniz” dediyi çevrənin politkorrekt olmaq, doğru “şüar”lar seçmək kimi bir öhdəliyi də yoxdur. Bu sualları köhnə şüarlardan əl çəkməyən siyasi müxalifətə ünvanlaya bilərsiniz. Biz şüarçı deyilik və “çörək pulu”, “hüquqsuzluq” dərdinə çarəni də biz tapa bilmərik.

Yeri gəlmişkən, diskussiyada adları hallanan 19-20 əsrin maarifçilərinə bizim cəmiyyətdə də münasibət birmənalı deyil. Elmir Mirzəyevin dediyi “kor-koranə sevib, “klassiklərimiz” deyən adamlar” çoxluq təşkil edə bilərlər. Amma onları ucaldanlardan başqa, cəmiyyətdə elələri də var ki, Axundovu, Mirzə Cəlili xalqın naqislik kompleksini dərinləşdirdiklərinə görə tənqid edirlər. Hələ dini motivlərlə qarşıdurmada olanları demirəm.

John Stuart Mill’in təsirində olan Axundov hələ nə görmüşdü ki? Dünya müharibələrini, bəşəri ideya və dəyərlərin Avropada, Qərb məkanında necə ayaqlar altına alındığını, insanlığın necə ciddi imtahan verdiyini gördümü? Axundov hindulara aşağı varlıq gözü ilə baxdığını gizlətməyən, eyni zamanda da nasizm virusu ilə vuruşan Churchill`i tanıdımı? Rene Geunon təcrübəsindən də xəbəri olmadı. Axundovdan sonra dünya ədəbiyyatına, fəlsəfəyə nə adlar gəldi, nə əsərlər yazıldı.

Maarifçilər, çox zaman onları şüursuz şəkildə bütləşdirənlərə qarşı bir əks-arqument kimi zaman-zaman gündəmə gəlirlər. Onlar daim proqressin yanında olmağa səsləyən ilk ziyalılar, nəhayət bir relikviya kimi dəyərlidirlər. Nəzərə alaq ki, Orta Asiya respublikalarında belə ziyalılar yetişmədi. Cənubi Qafqaz isə iki əsrdir axtarışdadır, çalxantıdadır. Bunun da müxtəlif təzahürləri olub və var.

Murad Həsənliyə isə xatırlatmaq istəyirəm ki, Azərbaycan maarifçilərinin dünyaya açılmaq kimi bir missiyaları yox idi. Onlar öz xalqına orientalist kimi də baxmırdılar. Əksinə, əllərindən gəldiyincə daxili auditoriya ilə kommunikasiya halındaydılar. Dünyanın o qarışıq vaxtında, Qərbin bütün sahələrdəki (elm, incəsənət, texnologiyalar, mətbuat) sıçrayışını görən, bu inkişaf səviyyəsini öz cəmiyyətləri üçün arzulayan bu insanlar öz ana dillərində yazırdılar. Rusca, fransızca yazmaq imkanları olduğu halda bunu etmirdilər. Bu yaxınlarda, başqa bir yazımda adını çəkdiyim Seneqal yazıçısı Bubakar Boris Diopa uzun illər romanlarını fransızca yazıb. Bir gün ayılıb ki, mən doğma dilimdə yazmalıyam. “Axı mən Fransada, Belçikada oxunmaq üçün kitab yazmıram. Mən romanlarımda yazıram ki, Afrikada işlər çox pisdir. Mən bunu xaricilərə yox, öz xalqıma deməliyəm. Xaricilər belə şeyləri oxuyanda, bizim işlərimizə müdaxilə etmək üçün bəhanə tapırlar”.

Azərbaycanda bu gün kritika ilə məşğul olan yeni nəsil yazarlar, qələm sahibi incəsənət xadimlərinin xalqı tənqid edən hissəsi faydasız işlə məşğul olmurlar. Onların bir nümayəndəsi kimi sizi əmin edirəm ki, normal günlük yaşantımızda və tərcihlərimizdə xalqdan heç nəyimizlə fərqlənmirik, insanları qeyri-adi şeylərə də səsləmirik. Biz də hər kəs kimi vətənə, dəyərli miras qoyan şəxsiyyətlərə, ailəyə, milli mətbəxə bağlı adamlarıq. Ən yaxın dostlarımız azərbaycanlılardır, zehnimizi də məşğul edən bu ölkədir, bu xalqdır. Bizə orientalist, kosmopolit, nihilist kimi yarlıqlar asmaq lazım deyil. Kimsə bizimlə eyni həssaslıqda deyilsə, problemin duyumunda eyni diapazonlarda dayanmamışıqsa, bunu faciəyə çevirmək də lazım deyil. “Xalqın diktaturası ilə vuruşmaq, hakimiyyətin diktaturası ilə vuruşmaqdan çətindir. Birinci savaşda özünə yoldaş tapa bilərsən. Xalqa qarşı vuruşanda isə tək qalacaqsan”. Bu sözlər israilli yazıçı İdo Netanyahuya aiddir.

“Bəsdir xalqı söydünüz” söhbətinin özü də çoxdan köhnəlib. Nəzərə alın ki, toplum üçün sancılı dönəmlərdə belə üslub və məzmun sosial sifariş üzərinə yaranır. Avropa ölkələri də keçib bu mərhələdən. Türkiyə, Rusiya hələ də keçməkdə davam edirlər. Mən düşünmürəm ki, Aziz Nesin faydasız işlə məşğul olub.

Bizim yazdıqlarımızın “Qərbdə heç kəsə maraqlı olmaması” düşüncəsinin özü orientalist yanaşmadan irəli gəlir. Bizə deyilən sanki budur: “Boş-boş işlərinizi, “xalqı söyməyi” yığışdırın, gəlin “ali həqiqət” klubuna. Burada oturaq, öz söhbətlərimizi edək”. Bunun özü Orientalist yanaşmadır. Bu yanaşmanı soydaşlarımızdan görmək isə çox qəribədir.

Biz, azərbaycanlılara öz yollarının olmasını qadağan etmirik. Biz deyirik ki, bu yolu konkretləşdirmək lazımdır. Onu “Britaniya anayasası” havasından çıxarmaq lazımdır. “Öz yolumuz”u harada araşdırmaq olar, bu “yol”la hansı institutlar məşğul olur? “Bizim yolumuz”un nədən ibarət olduğunu bilmək haqqımdır. Ona qalsa “Bizim öz yolumuz var” ideyası Rusiyanın “suveren demokratiya”sının simulyakrıdır. Bu “yol”un təməl çıxış nöqtəsi siyasidir deyə, mantranın özü də siyasi sferaya aiddir. Bəli, bunun mentalitet, kültür, təhsil altqatı da var ki, AzTV timsalında siyasi hakimiyyət, bu işlə çox ciddi məşğul olur.

Kobud desək – “Bizim öz yolumuz var” Ruhnamə, Çuçxe statusu qazanmayınca ciddi görünməyəcək. Qazananda da ciddi görünməyəcək. Çünki əsaslı, oturuşmuş, bitkin bir dünyagörüşü, konsepsiya deyil, müvəqqəti baş qatmadır. Ənənəvi kodların qoruyucusu olan siyasi hakimiyyətin avtoritar və patriarxal mahiyyətindən irəli gələn, içiboş nağıllarından biridir “Bizim öz yolumuz var”.

Mən bilmirəm orientalizm məcrasına necə gəlib çıxdıq. Söhbət uzansa, (Edward Said`lə başlayıbsa) deməli John Espositolara, Oliver Roylara, Cəmaləddin Əfqanilərə qədər gedib çıxacaq. İngilislərin Misiri, Hindistanı “kəşf” etmələrindən, şimalı Afrikanın kolonial tarixinə də səyahət gözlənilir. Sufilik üzərindən İslamı Qərb insanına “fərqli” təqdim etmək cəhdlərindən; Sədi və Xəyyama olan maraqdan, hətta Qurban Səidin “Əli və Nino”sundan, “Bosforlu qız”ından da danışmaq olar.

Ana səhifəMənim FikrimcəKimdir “orientalist”?