Kim Ki Duk və qəhrəmanları

Çox sevinirəm ki, film kimi incəsənət nümunəsi mövcuddur

Source:
Orxan Adıgözəl
Orxan Adıgözəl


“Film bizə imkan verir ki, heç bir təhlükə yaşamadan sevinc, ehtiras və müxtəlif hisslər yaşayaq, hansı ki, adi həyatda, yəni reallıqda bunlar təzyiqverici və zərərli ola bilər”.


Karl Qustav Yunq

Çox sevinirəm ki, film kimi incəsənət nümunəsi mövcuddur. Məhz kitablar kimi yaxşı filmlər də çətin günlərimdə mənə həmdəm olur. Şişirdib eləmirəm.

Şekspirin “Yay gecəsində yuxu” pyesində yazıldığı kimi, könlünüzdən keçəni dilinizə gətirməyə çəkinməyin”. İndi mən də könlümdən keçənləri yazı şəkilində dilə gətirir, oxucularla bölüşürəm.

Etiraf edirəm ki, elə filmlər var ki, onları izlədiyim müddətdə böyük sevinc hissi yaşayır, həmin təsirdən xoşbəxt oluram. Özünü kiçik hadisələrlə xoşbəxt edə bilən biri üçün bu əla avantajdır.

Filmlərə olan sevgim mənə həm də valideynlərimdən keçib. Atamla anam incəsənət təhsili alıblar və hər ikisi film həvəskarıdılar. Uşaqlıqdan onların birgə film izləmələrinin və həmin filmləri saatlarla müzakirə etmələrinin şahidi olmuşam. Həmçinin atam illərlə Azərbaycan Kinostudiyasında rekvizitlərlə bağlı assisent vəzifəsində çalışıb.

Günü bu gün də maraqlı film izləyəndən sonra bir-birimizə həmin filmləri izləməyi məsləhət görürük. Düzdür, əvvəl tez-tez filmlərə bir arada baxırdıqsa, indi ara-sıra birlikdə film izləmək imkanımız olur. İstənilən halda əsas odur ki, filmlərə baxırıq və öz təəssüratlarımızı bir-birimizlə mütləq bölüşürük.

Bəli, filmlərdə öyrədici çox şeylər var. Bəzən elə bir film, ya kitab, ya da hansısa teatr tamaşasından aldığımız mesaj həyatımıza elə müsbət təsir edir ki, biz dəyişirik. Bu dəyişiklik, əlbəttə, müsbət dəyişiklik olur. Ordan götürdüyümüz çağırışa pozitiv cavab verir və həmin nümunələri həyat normamıza çeviririk.

Bu yazımda isə ən sevdiyim kinorejisor Kim Ki Duk və onun filmlərinin təsirindən bəhs edəcəyəm.

Cənubi koreyalı rejissor Kim Ki Dukun ilk izlədiyim filmi “Bad Guy”(“Pis oğlan”) olub. Həmin filmə baxandan sonra bir həftə özümə gələ bilməmişdim. Emosiyalarım bir-birinə qarışmışdı. Filmdəki qəddar səhnələr məni yerlə-bir etmişdi. Sanki gözləmədiyim anda möhkəm bir şillə yemişdim. Şokda idim.

Film bildiyimiz horror, yəni dəhşət filmi deyildi. Heç kimin ətini doğram-doğram edən, gözünü çıxarıb yeyən yox idi. Filmin janrı dram idi. Ancaq bu sıradan dramlardan deyildi. Ortada sevgi vardı. Yenə də qeyd edirəm, həmin sevgi də ənənəvi sevgilərdən sayılmırdı.

Təsəvvür edin, yolla gedən gənc bir oğlan parkın yanından keçərkən sevgili cütlük görür və ordakı qıza aşiq olur. Heç bir söz demədən gəlib həmin qızı sevgilisinin yanında vəhşi kimi dodağından öpür. Qırğın qopur, polis gəlib oğlanı aparır. Sonra xəbərdarlıq edilərək, azadlığa buraxılan oğlan yenidən həmin qızı izləyir, ona yaxınlaşır. Qızın rədd cavablarından sonra elə bir təxribat qurur ki, qız külli miqdarda borca düşür. Pulu ödəyə bilmədiyi üçün də qız seks işçiliyinə başlayır. Onu buna təhrik edən də məhz həmin oğlan olur. Və ən dəhşətlisi bu olur ki, həmin oğlan sevdiyi qızı hər gün müştərilərlə görüşərkən yan otaqdan, canlı şəkildə izləməklə əzab çəkir.

Film haqqında geniş məlumat yazmaq fikirim yoxdur. İstəyən, maraqlanan internetdə axtarış verib, tapıb izləyə bilər. Ancaq emosiya “bum”u ilə qarşılaşmağa hazır olun. Əsəbləri zəif olanların ehtiyatlı olmalarında fayda var.

Ümumiyyətlə, Kim Ki Dukun filmlərinin əksəriyyəti ağır və qəddardır. Orda çoxlu ağrı, iztirab var. Fiziki zorakılıqlarla bərabər, həm də psixoloji qəddarlıqlarla dolu olan filmlərdə Kim öz fərqli üslubunu nümayiş etdirir.

Kim Ki Dukun filmləri nüfuzlu kinofestivallarda cürbəcür mükafatlar alıb. Rejissorun 2004-cü ildə çəkdiyi “Samariya”(“Samaria”) filmi Berlin festivalında “Ən yaxşı rejissor işinə görə”, “Boş ev”(“3-iron”) Venetsiya Beynəlxalq Kino Festivalında 4 nominasiyada mükafatlar qazanıb. “Boş ev” hətta 2005-ci ildə San-Sebastiyan kinofestivalında da prizə layiq görülüb.

Hər rejissor bir ildə iki film çəkib, hər iki filmə görə kinofestivallarda mükafat qazana bilmir. Kim üçün isə bu adi hala çevirilib.

Onun ən çox mükafat qazanan filmi isə “Yaz, yay, payız, qış və yaz”(“Spring, summer, fall, winter… and spring’’) olub. 56-cı Lokarno Beynəlxalq Film Festivalında həmin fəlsəfi pritça 4 nominasiyada mükafata layiq görülüb.

Bənzərsiz filmlərlə daim tamaşaçı yaddaşında qalmaq üçün rejissora təhsil və bacarıqla yanaşı, həyat təcrübəsi də lazımdır. Heç bir yüksək təhsili olmayan Kim Ki Duk məhz öz filmlərinə həyat təcrübəsi qatan rejissordur. Çox qəribə də olsa, o, birinci dəfə filmə 32 yaşında baxıb və dörd il sonra öz filmini çəkib.

1960-cı il təvəllüdlü rejissor uşaq ikən bir müddət kənd təsərrüfatı məktəbində oxuyur. Təhsil onu heç də maraqlandırmayıb. 17 yaşında zavodda işləyir. 20 yaşında hərbi xidmətə çağırılan Ki Duk 5 ildən sonra serjant rütbəsində ordudan tərxis olunur. O, bir müddət görmə məhdudiyyətli insanlar üçün yaradılmış kilsədə çalışır. 30 yaşında cibindəki bütün pulları biletə verərək, Parisə yollanır. Gələcək rejissor orada rəssamlıqdan dərs alır. Az sonra şəkil çəkib küçələrdə satmağa başlayır.

Yeri gəlmişkən, Ki Duk ömründə ilk dəfə kinoteatrda filmə məhz tabloları satıb, qazandığı xırda pulla bilet alaraq baxır. O vaxt baxdığı “Quzuların səssizliyi”(“The sielence of the Lambs”) və “Körpü üstündəki sevgililər” filmləri ona güclü təsir edir.

Bu faktı ilk dəfə öyrənəndə, çox heyrətlənmişdim. Belə hallar bir tərəfdən də insana stimul verir ki, “həyatda ciddi və səmərəli addımlar atmaq, gözəl işlər yaratmaq heç vaxt gec deyil” qənaətinə inansın. Əsas odur niyyət və güclü həvəs olsun.

Ki Duk 1993-cü ildə vətəninə geri döndükdən sonra, ssenarilər yazmağa başlayır.

O, rejissor debütünü 1996-cı ildə ekranlaşdırdığı “Timsah”(“Crocodile”) filmi ilə edir. Bu filmdə Han çayının sahilində yaşayan və intihar etmək istəyən qadını xilas edib qurtaran bir sakinin sonradan həmin qadına necə zorakı yanaşması təsvir olunur.

Qəribə sujet xətti ilə diqqəti çəkən filmi izləmək üçün Ki Duk özü jurnalistlərə zəng edib premyeraya dəvət etsə də, filmə qarşı o qədər də maraq görmür. Bundan sonra kiçik büdcəli bir neçə film çəkən Ki Duka əsl uğuru Venesiya Kino Festivalında nümayiş olunan “Ada”(“The İsle”) filmi gətirir. Bu film festivalda mükafat ala bilməsə də, qəzetlərin əsas xəbərləri içərisində özünə yer tapır və rejissorun şöhrəti Avropaya yayılır.

Yadıma gəlir ki, əmim qızı “Ada” filmi barədə belə fikir bildirmişdi: “filmi izlədikdə elə bil beynim yanmışdı”.

O filmi mən də izləyəndə bütün bədənim ağrımışdı.

Kim Ki Dukun ilk filmləri elə tənqidçilər tərəfindən zorakılıq səhnələrinə görə ittiham olunur. Onun ilk işlərində aqressivlik və zorakılıq hiss olunsa da, sonralar həyat təcrübəsinin təsiri ilə filmlərinin sujet xətti yumşalmağa başlayır. Sakit ruhlu sevgi filmləri çəkən Ki Duk yenə də uğurlu sənət əsərləri ilə beynəlxalq mükafatlara layiq görülür.

Ki Duk azad ruhlu və özünəməxsusluğu ilə seçilən rejissorlardandır. Heç bir kino təhsili almayan Ki Duk film çəkməyi təcrübədə öyrənir.

Kim Ki Duk həyat və ölüm arasındakı sərhədi çox yaxşı hiss edir. Onun qəhrəmanları hər zaman uçurumun kənarındadılar və ölüm daim onları izləyir. Ümumiyyətlə, onun filmləri hamı üçün deyil. Həmin filmləri öyrəşdiyiniz Hollivud filmləri ilə eyniləşdirməyin. Rejissorun ərsəyə gətirdiyi filmlərdə pontamimo çoxdur. Ancaq səssiz şəkildə hərəkət edən aktyorlar izləyiciyə o qədər informasiya ötürürlər ki, insan sirli şəkildə təsirlənir. Bu filmlərdə sakit güc, böyük istedad var və onların hər biri rəngarəng və çoxşaxəlidir.

Sevimli rejissorumun ən sevdiyim filmi isə 1998-ci ildə çəkdiyi “Quş qəfəsi oteli”(“Birdcage İnn”) kinosudur. Ki Dukun ekranlaşdırdığı üçüncü bədii film olaraq “Quş qəfəsi” sənət əsəri mənim üçün o qədər unikal və möhtəşəmdir ki, film getdiyi iki saat ərzində tam harmoniyada olmuşdum. Seks işçisinə çevrilmiş qızın həyatından bəhs edən filmdə rejissor hər şeyi elə sadə və təbii qurmuşdu ki, sanki ordakı rəngləri, hərəkət və hissləri canlı şəkildə görmüşdüm. Filmdə o qədər təbii atmosfer var ki, insan ordakı seksual xarakterli səhnələri də hadisələrin ayrı bir elementi kimi qəbul edir, nəinki həzz obyekti kimi. Düşünürəm ki, bu şəkildə ancaq Kim Ki Duk film çəkə bilər. Ancaq o, adi səhnələrə belə dərin məna və dramatiklik qata bilər.

Kim Ki Duk, maksimum sadə qəhrəmanların vasitəsi ilə izləyicilərdə geniş izlər və unudulmaz təsirlər yarada bilən az sayda kinorejissorlardandır. Fikirlər özümə məxsusdur və zövqlərin fərqli və fərdi olduğunu bilirəm. Ona görə də düşüncələrdə qasırğa yaradacaq Ki Duk film kultunu hamı bəyənməyə də bilər.

Hörmətlər.

Ana səhifəMənim FikrimcəKim Ki Duk və qəhrəmanları