Kiçik büdcə ilə səyahət etmənin yolları

Ucuz təyyarə bileti almaq, ucuz qalmaq və az büdcə ilə uzun səyahət planlamaq haqqında…

Source:


Ucuz təyyarə bileti almaq, ucuz qalmaq və az büdcə ilə uzun səyahət planlamaq haqqında…

Səyahət etməyi hamı sevir. Gəzmək, görmək, yeni yerlər kəşf etməyi kim istəməz ki? Hələ o səyahətə sevdiyin insanlarla birgə gedirsənsə, olur lap əla. Təəssüf ki, maddi durumun yaxşı olmaması səyahəti çoxumuzun xəyalına çevirib. Odur ki, bu yazıda sizə minimum büdcə ilə necə səyahət etməyin yollarını izah edəcəm.

Başlayaq bizi səyahətdən çəkindirən birinci əngəl AZAL-ın baha uçuşlarından. Tələsmirik, hər hansı məcburiyyətimiz yoxdursa, AZAL-ı seçmirik. Onda da sual yaranır ki, bəs, Bakıdan uçan digər hava yolları da baha aparır axı, neyləyək? O zaman Bakıdan uçmuruq.


1.

Tbilisidəki hava limanından uçmaqla ikiqat qənaət edə bilərsən;


2.

Bakıya gəlməyən bir çox ucuz aviaşirkətlər Tiflisdən uçuş təşkil edir ( Pegasus, Airbaltic);


3.

Aviaşirkətlərin Bakı reysləri ilə Tbilisi reysləri arasında 2-3 qat fərq var.

Məsələn, 20 – 27 yanvar AZAL-ın Bakı-Praqa-Bakı reysinin qiyməti 435 manatadır. Həmin tarixlərdə Ukrayna Hava Yolları Tbilisi-Praqa-Tbilisi reysini 218 avroya təklif edir.

19-26 yanvar AZAL-ın Bakı-Paris-Bakı reysinin qiyməti 462 manatdır. Həmin tarixlərdə “Pegasus”un Tbilisi-Paris-Tbilisi reysinin qiyməti isə cəmi 188 avrodur.

19-26 yanvar AZAL-ın Bakı-Milan-Bakı reysinin qiyməti 433 manatdır. Ukrayna Hava Yollarının həmin tarixlərə olan uçuşunun qiyməti isə 144 avrodur. Bakıdan Tbilisiyə gedib-gəlmək minimum 25 manat edir (avtobusla). Qiymətlərə bax və haradan uçacağına özün qərar ver. Ən azı 2 qat fərq var.


Öncədən planlaşdır

Ucuz səyahət etmək istəyənlərə ikinci tövsiyə onu yaxşı planlamaqdır. Biletlər (təyyarə, avtobus, qatar və s. ) səyahətdən 2 ay öncə alınmalı, qalacağın yer 1 ay öncədən seçilməlidir.


Ucuz təyyarə biletini necə əldə edək?

Keçdik növbəti mərhələyə – təyyarə biletini necə ucuz ala bilərik? Əlbəttə, hamımız səyahətə ayırdığımız büdcəmizin çoxunu gəzməyə, əylənməyə, istirahətə, muzeyə, hədiyyə almağa xərcləmək istəyərik. Bunun üçün bileti maksimum ucuz almaq lazım. Ucuz bileti bir neçə saytda axtara bilərsən. Bu, aviaşirkətlərin saytları da ola bilər: burada sən ucuz kampaniyalarla tanış ola bilərsən. THY, “Pegasus”, “Wizzair”, hətta bəzən AZAL da kampaniyalar edir (əvvəlki qiymətlərdən kəskin fərqlənməsə də).

skyscanner.com

,

opodo.com

,

edreams.com

,

skycheck.com

,

tripadvisor.com

 kimi ucuz bilet satan saytlar da sənə bələdçilik edə bilər.

Macarıstanın ​“WizzAir”​ aviaşirkəti 2016-cı il martın sonlarından başlayaraq ucuz qiymətə Bakı-Budapeşt-Bakı reysini həyata keçirəcək. Bu yolla Avropaya çox ucuz çıxa bilərsən. Ancaq ona qədər müxtəlif aviaşirkətlərin Tbilisidən həyata keçirdiyi uçuşlardan istifadə etmək olar.

Bundan əlavə, “WizzAir” Gürcüstanın Kutaisi şəhərindən 5 istiqamətdə – Budapeşt, Katovice, Kiyev, Varşava, Vilnüsə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tbilisidən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat).

Məsələn, AZAL-ın 19-26 yanvar Bakı-Budapeşt-Bakı reysinin qiyməti 743 manatadır. Ancaq “WizzAir”-in həmin tarixlərdə həyata keçirdiyi Kutaisi-Budapeşt-Kutaisi reysinin qiyməti isə 50 avrodur. Təxminən 15 dəfə ucuz. Bakıdan Kutaisiyə getmək isə cəmi 17,5 manat edir.

Əsas məsələ hər hansı Avropa ölkəsinə çatanacandır. Sonrakı mərhələlərdə istər avtobus, istər qatar, istərsə də təyyarə ilə səyahətlər sənə ucuz başa gələcək.

Biletin ucuz olmasını istəyirsənsə, uçuşdan minimum 60 gün öncə almalısan. Onu da nəzərə al ki, həftəsonu uçuşları adətən baha olur. Daha 10 faizə yaxın qənaət etmək istəyirsənsə, həftəiçi (xüsusən də 2-ci gün) uçuşlarını seç. Gecələr aeraporta getmək çətin olduğundan əksər insanlar gündüz reysləri ilə getməyə üstünlük verir. Odur ki, gündüz uçuşlar nisbətən baha olur. Biletinin biraz da ucuz olmasını istəyirsənsə, gecəyarısından sonrakı reysləri seçməlisən.

Təbii bu məsləhətlər AZAL, British Airways, Air Frans, Lufthansa və s. kimi bahalı aviaşirkətlərin uçuşlarına aid olmaya bilər. Bu qaydalara əməl etməklə Avropanın ucuz aviaşirkətlərindən aldığın biletlərdə endirim əldə edə bilərsən. Məsələn, RyanAir (

http://www.ryanair.com

); EasyJet (

http://www.easyjet.com

); German Wings(

http://www.germanwings.com

); WizzAir (

http://wizzair.com

); Corendon (

http://www.corendon.com

); Vueling (

http://www.vueling.com

) və s.

Bütün bunların köməyilə sən təyyarə biletini ucuz əldə edib, büdcənin böyük hissəsini digər əyləncələrə və ya gələcək səyahətlərə ayıra bilərsən.


Harda qalaq: mehmanxana, hostel, yoxsa…?

Səyahəti bahalı və ya ucuz etmək insanın öz əlindədir. Biri var 5 ulduzlu otellərdə gecələyərək bir ölkədə 5-6 günlük istirahət edəsən. Biri də var bel çantanı çiyninə atıb, öncədən rezerv etdiyin sinifləndirilməmiş (ulduzsuz) mahmanxanaları seçərək 20 günə 4-5 ölkə, 15-ə yaxın şəhər gəzəsən. İkisinin qiyməti təxminən eynidir. Seçim sənindir. Məsələn, 1000 avro ilə iki nəfərə 20 günə 4-5 ölkə, 15 şəhər gəzmişik (təbii bura təyyarə biletini və viza xərclərini daxil deyil). Mehmanxana, daxili nəqliyyat xərcləri, qidalanma daxil olmaqla.

Bu arada, ulduzsuz mehmanxana deyimindən qorxma. Kifayət qədər təmiz, şəhər mərkəzinə yaxın olanları var. Hətta əksər hostellərin 2 nəfərlik otaqları da olur. Hostel deyəndə 20 nəfərlə bir otaqda qalacaqsan düşüncəsini unut.


Qalacağımız yeri necə tapaq?

Turistlərin ən çox istifadə etdiyi mehmanxana axtarış saytı

www.booking.com

–dur. İstər az büdcə ilə səyahət et, istərsə də büdcən 5 ulduzlu mehmanxanaya yetsin. Bu sayt sənə hosteldən tutmuş 5-7 ulduzlu mehmanxanalara qədər hər variantı təklif edir. Mən bütün səyahətlərimdə qalacağım yeri bu saytın köməyilə tapmışam.

Digər məsləhətli mehmanxana axtarış saytları:

www.expedia.com

;

www.orbitz.com

;

www.kayak.com

;

www.trivago.com

;

www.momondo.com-dur

.

Daha çox gəzib-görmək istəyən hostellərdə gecələyə bilər. Ən məşhur hostel axtarış saytları

www.hostels.com

və www.hostelsworld.com-dur.  Uzunmüddətli səfərə çıxırsansa, sənə mehmanxanada qalmaq sərfəli olmaz. Üstəlik, hosteldə özün kimi səyahətçilərlə tanış ola, dostlaşa, onlardan bilmədiklərini öyrənə, maraqlı məlumatlar ala bilərsən.


Qonaq qəbul et,  qonaq ol

Biri də var Couchsurfing (divan-divan, ev- ev gəzmək mənasına gəlir). Birlik 2003-cü ildə dünya səyyahları üçün internetdə qurulub. Onlar bir-birinin evində pulsuz qalırlar. Couchsurfing-in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilir. Bunun üçün www.couchsurfing.com-da səhifə yaratmaq, maraqlarına uyğun məntəqə, ev sahibi seçmək lazımdır. Bu variant sənə təhlükəli görünə bilər. Nəticədə tanımadığın birinin evində qalmaqdan gedir söhbət. Ancaq istifadəçiləri çoxdur. Yoxlaya bilərsən. Üstəlik, Couchsurfing vasitəsilə təkcə qalmağa yer yox, həm də gedəcəyin şəhərdə səni gəzdirəcək bələdçi də tapa bilərsən. Bu xidmət bəzən pullu, bəzən də könüllü ola bilir. Bunda da seçim sənindir.


Otellərin qorxulu röyası Airbnb

Bir də var otellərin nifrət obyekti Airbnb. Bu saytdan qeydiyyatdan keçməklə gedəcəyin şəhərdə qalmaq üçün ucuz otaq, ev tuta bilərsən. Airbnb evinin otaqlarından birini və yaxud da evini kirayə vermək istəyənləri bir araya toplayan sosial saytdır. Başqa seçimlərdən fərqi də odur ki, evində qalacağın ailə sənə haraları gəzəcəyin, şəhərdəki maraqlı kafe, restoranlar, alış-veriş edə biləcəyin və s. yerlər haqqında məlumat verir. Sayt  San -Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb. Evlərinin kirayə haqqını verə bilməyən Brian Chesky ve Joe Gebbia otaqlarının birini kirayə vermək məcburiyyətində qalıblar. Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub. 2008-ci ildə

airbedandbreakfast.com

 belə yaranıb. Bir müddət sonra saytın adı airbnb olub. İndi turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimidir. Bu da seçimin ola bilər.

Səyahəti maksimum ucuz etmək lazımdır ki, növbəti səfərlərə pulumuz qalsın.

Ana səhifəXəbərlərKiçik büdcə ilə səyahət etmənin yolları