Keyfiyyətsiz Peyvənd – Mif yoxsa reallıq?



Həkimlər deyir ki, Azərbaycan ancaq peyvəndləmə sayəsində öz mövqelərini qoruya bilir – rəsmi məlumatlara görə, ölkədə bütün uşaqların 97 faizə qədəri qızılcadan peyvənd olunub. Peyvənd olunmayan uşaqların sayı az görünə bilər, əslində isə belə deyil.



Meydan TV həkimlərin narahatlıqlarından və ölkədə peyvəndə qarşı çıxanların çoxalması səbəblərindən danışır.



Avropadan daha yaxşı”

Azərbaycan qızılcaya qalib gələn Avropa ölkələri onluğuna daxildir – 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu bu münasibətlə Azərbaycanı təbrik edib. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın sözlərinə görə, qızılcadan başqa Azərbaycanda suçiçəyi, poliomelit, difteriya və epidemik parodontitin də kökü kəsilib.

“Bu, o deməkdir ki, bizdə vəziyyət Avropanın bir çox ölkəsindən daha yaxşıdır”, – Əliyeva deyir. Onun sözlərinə görə, bu cür nəticələri uşaqların dəqiq və vaxtında vaksinasiyası sayəsində əldə etmək mümkün olub.

Səhiyyə Nazirliyinin rəsmi statistikasına görə, qəbul olunmuş cədvəl üzrə peyvənd olunmuş uşaqların faizi 95-97 faiz arasıdır. 5-3 faizin içində tibbi göstərişlərə görə peyvənd vurulması mümkün olmayan və valideynlərinin peyvəndən imtina etdiyi uşaqlar var.

Son zamanlar Azərbaycanda daha çox sayda valideyn uşaq poliklinikalarının təklif etdiyi vaksinləri şübhə altına qoyur.



Qapalı mövzu”

10 yaşlı Tunar Ələkbərlinin anası Aytən Fərhadova da ölkədə vurulan peyvəndlərə etimad etməyənlərdəndir. Onun sözlərinə gözə, oğlu doğulandan ilk peyvəndlərini vurdursa da, ziyanını görəndən sonra qeydiyyatda olduqları poliklinikada qalan bütün peyvəndlərdən yazılı imtina edib.

“Vurdurdum, AKDS-dən [göyöskürək, difteriya, tetanusa qarşı peyvənd] sonra qızdırması oldu, ondan sonra imtina etdim”.

10 yaşlı Tunar Ələkbərlinin anası Aytən Fərhadova
10 yaşlı Tunar Ələkbərlinin anası Aytən Fərhadova

Fərhadovanın sözlərinə görə, o, çevrəsində dəfələrlə uşaqların peyvənddən sonra ağır fəsadlar yaşadığının şahidi olub və bunun istifadə edilən peyvəndlərin keyfiyyətsizliyi ilə bağlı olduğunu düşünür. Amma apardığı araşdırma nəticəsində, o, səhih məlumatlar əldə edə bilməyib, sadəcə şübhələri ilə baş-başa qalıb. Bildirdiyinə görə, poliklinikada peyvəndlərin tərkibi ilə bağlı onun suallarını cavablandırmaq istəməyiblər.

“Mən faktiki peyvəndin əleyhinə deyiləm. Amma bilmək istəyirəm ki, o peyvənd nədi. Bu peyvəndlər mənim üçün qapalıdı [tərkibini nəzərdə tutur – müəllif qeydi]. Mən səhiyyəyə inanırammı? Yox. Ona görə də peyvəndlərdən birdəfəlik imtina elədim”, – Aytən Fərhadova deyir.


Məsuliyyətsizlik epidemiyası

Həkim-pediatr Dilgəm Şahbazlı hesab edir ki, pasientlərin suallarına cavab verməkdən imtina nəticədə Azərbaycana baha başa gələ bilər – axı valideynlər buna görə vaksinasiyadan imtina edir:

“Bəzi uşaqlarda ola bilər ki, hərarət həddindən artıq yüksəyə qalxsın, həddindən artıq kəskin reaksiya versin. Əslində o zaman pis olardı ki, orqanizm virusa və ya vurusun məhsuluna qarşı heç bir reaksiya verməsin. Bu demək olardı ki, orqanizmin immun sistemi həddindən artıq zəifdi”.

Həkim-pediatr Dilgəm Şahbazlı
Həkim-pediatr Dilgəm Şahbazlı

Amma bəzən peyvənddən sonra uşaqlarda yan təsir üç günlük qızdırmadan daha artıq olur, hətta qıcolmaya qədər. Pediatr bildirir ki, bunun bilavasitə peyvəndlə əlaqəsi yoxdur. Sadəcə peyvənd edən həkim nəzərə almalıdır ki, həmin vaxt uşağın hər hansı xəstəliyi və ya peyvəndin tərkibi ilə bağlı əks-göstəriş varmı. Yəni ağırlaşma halları əsasən həkim məsuliyyətsizliyi və valideynlərin məlumatsızlığı ilə bağlı olur.

“Belə şayə vardı ki, dövlət peyvəndləri ziyandı, özəldə vurdurmaq lazımdı. Özəldə də fantastik qiymətlər var”, – Bir yaşlı Atillanın atası Zaur Qurbanlı deyir.

 Aytən Fərhadovadan fərqli olaraq, Qurbanlının poliklinikada sorğusuna diqqətlə yanaşıblar. Peyvəndlər vurulmazdan əvvəl onu ətraflı məlumatlandırıblar.

“Poliklinikada dedilər ki, camaatın qorxduğu Hindistan istehsalı peyvənddir, onun yeganə fərqi ondadır ki, tərkibindəki hansısa elementlər çıxarılmır, ona görə uşağa qızdırma verə bilir. Ümumiyyətlə, 3 gün qızdırmanın olması çox normaldır. Ziyandan heç bir söhbət gedə bilməz. Bizə dedilər ki, Kanada peyvəndləri də var, Belçika da, onlar da pulsuzdu, hansından istəyirsiz vurduraq. Biz Hindistana da etiraz etmədik.Heç bir problem də olmayıb indiyə qədər”, – Qurbanlı deyir.

Bir yaşlı Atillanın atası Zaur Qurbanlı
Bir yaşlı Atillanın atası Zaur Qurbanlı

Azərbaycan Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin sözlərinə görə, vaksinlərin keyfiyyəti ilə bağlı şübhələrinə görə uşaqlarına peyvənd vurdurmayan vaşlideynlər övladlarını təhlükə ilə üz-üzə qoyur.

2017-ci ildə Azərbaycan Gürcüstanla sərhəd rayonlarında əlavə immunizasiya aparıb – burada yerli əhalinin 98 faizə qədəri peyvənd olunub.

Həkim Dilgəm Şabanlının fikrincə, 3-5 faiz peyvənd olunmamış uşaq göründüyü qədər də kiçik rəqəm deyil, xüsusən də qonşu ölkədə tüğyan edən epidemiyanın fonunda.

Azərbaycan Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev
Azərbaycan Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev

“Dövlətin pozitiv öhdəlikləri var. Biri də vətəndaşların səhhətinin qayğısına qalmasıdır. Bununla bağlı sosial qanunvericilik də mövcuddur. Sadəcə əməl olunmur. Həm maarifləndirmə həyata keçirilməlidir. Bu, ölüm təhlükəsi olan kifayət qədər ciddi məsələdir. Odur ki, həyati təhlükəsi olan xəstəliklərə qarşı peyvəndləri dövlət valideynlərin iradəsinin əleyhinə olsa belə, məcburi həyata keçirməlidir”, – Zaur Qurbanlı belə deyir.

Ana səhifəVideoKeyfiyyətsiz Peyvənd – Mif yoxsa reallıq?