Zərərçəkən təqsirləndirilənlərin uzunmüddətli həbsini deyil, zərərin ödənilməsini istəyir
Prezident İlham Əliyevin köməkçisi, uzun illər Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik etmiş Kərəm Həsənovun bacısı Rəna Ağarzayevadan fala baxmaq adıyla 2 milyon manat almaqda ittiham olunan iki nəfərin işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Prokuror təqsirləndirilən şəxslərdən Ceyhun Zeynallının 13 il, Şəfəq İsmiyevanın isə 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı hazırda ev dustaqlığında olan Şəfəq İsmiyevanın hökmdən sonra məhkəmə zalında həbs olunmasını da çıxışında qeyd edib.
Şəfəq İsmiyeva və Ceyhun Zeynallıya qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İttihama əsasən, Şəfəq İsmiyeva “İnstagram”da səhifə açıb, özünü “Maya” adlı falçı kimi təqdim edərək, bu məqsədlə ona müraciət etmiş Rəna Ağarzayevanı aldadıb.
Zərərçəkmiş qismində Rəna Ağarzayevanın əri Sənan Ağarzayev tanınıb. O bildirib ki, iki il ərzində ailəsindən 1 milyon 998 min manat pul alınıb. Bu ziyanın yalnız 293 min manatı ödənilib. O əlavə edib ki, təqsirləndirilən şəxslərin uzunmüddətli həbsini yox, ziyanın ödənilməsini istəyir.
Şəfəq İsmiyeva əvvəl Rəna Ağarzayevadan 1 milyon 400 min manat aldığını deyirdi. Lakin son məhkəmə iclasında məbləği dəqiq xatırlamadığını vurğulayaraq, zərərçəkmişin dediyi qədər olmasını da istisna etməyib.
Şəfəq İsmiyeva ilkin izahatında Rəna Ağarzayevanı təkbaşına aldadıb, ondan pulları aldığını desə də, sonradan ifadəsini dəyişib. O bildirib ki, hadisəni qeyri-rəsmi şəkildə birlikdə yaşadığı Ceyhun Zeynallı ilə birlikdə törədib. O iddia edir ki, alınan məbləğlərin böyük hissəsini də Ceyhuna verib. Onun sözlərinə görə, hətta pulun alınması üçün də dəfələrlə birlikdə gediblər.
Ceyhun Zeynallı isə özünü təqsirli bilmir, Şəfəq İsmiyevanın ona böhtan atdığını deyir. Onun sözlərinə görə, Şəfəq İsmiyeva ona bir neçə dəfə pul versə də, həmin vəsaitlərin bu yolla əldə etdiyini deməyib. Ceyhun Zeynallı bildirib ki, Şəfəq “WesternUnion” vasitəsilə xaricə dəfələrlə böyük məbləğdə pul göndərib. Əgər məhkəmə banklara sorğu versə, nə qədər pul göndərdiyi aydın olar.
Ceyhun Zeynallının vəkili bildirib ki, Şəfəq İsmiyeva onun müvəkkili ilə görüşmək üçün dəfələrlə böyük məbləğlərdə pul təklif etməsi haqda mesajlar göndərib. O mesajlarda hər dəfə 50-70 min manatlıq təkliflərdən söhbət gedir.
Məhkəmə prosesi dekabrın 15-də vəkillərin çıxışı və təqsirləndirilən şəxslərin özlərinin son sözü ilə davam edəcək.