“Müdafiə Xətti” yazıçının saxlanması ilə bağlı bəyanat yayıb
“Müdafiə Xətti”i yerli hüquq-müdafiə təşkilatı yazıçı Kəramət Böyükçölün (Nəcəfzadə) polis tərəfindən saxlanılması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, yazıçı polislər tərəfindən hər hansı qanuni əsas göstərilmədən saxlanılıb və bu, narahatlıq doğurur.
“Kəramət Böyükçöl son günlərdə “Facebook” üzərindən canlı yayımlar edərək bir çox şəxsi, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevi sərt tənqid edən çıxışlar edirdi. Prezidentin siyasətini, ölkəni sarmış korrupsiyanı, ədalətsizliyi, insan haqlarının kütləvi pozulmasını, özünüsenzura və xof mühitini, sosial problemləri dözülməz adlandıran yazıçı prezidenti insanların ağır durumunu anlamağa və bu zərərli siyasətindən imtina etməyə çağırırdı”, – bəyanatda deyilir.
“Müdafiə Xətti” bildirir ki, Kəramət Böyükçölü evindən aparan polislər ona qarşı zorakılıq edib. Həmin anda etdiyi canlı yayımı kobudluqla dayandırıblar. Yazıçının tələbinə baxmayaraq, onlar mənzilə daxil olaraq onu zorla aparıblar:
“Kəramət Böyükçölə onu tutmanı əsaslandıran heç bir sənəd və ya şifahi izahat təqdim etməyiblər. Kəramət Böyükçöl bu qanunsuz basqılardan onu qorunmaqda yardım etməyə çağıran bəyanat da yaymışdı. Tutmanın ötənaxşamkı sərt tənqidi çıxışdan sonra həyata keçirilməsi və zorakı üsullarla, kobud qanun pozuntularıyla müşayiət olunması bunun siyasi sifariş əsasında və tənqidə görə edildiyini bir daha təsdiq edir”.
“Müdafiə Xətti” yazıçı-jurnalistin tutulmasına təcili aydınlıq gətirilməsini, polisdə işgəncə və ləyaqəti alçaldan rəftar hallarını nəzərə alaraq onun sağlıq və psixoloji durumu haqqında cəmiyyətə dərhal məlumat verilməsini, onun müstəqil vəkillə təmin edilməsini tələb edir:
“Habelə Kəramət Böyükçölün tutulması zamanı qanun pozuntusu və zorakılığa yol vermiş polis işçilərinin hərəktlərinin araşdırılmasını və onların məsuliyyətə cəlb olunmalarını tələb edirik”.
Asqustun 18-də polis yazıçı Kəramət Böyükçölü yaşadığı evdə saxlayaraq aparıb. Həmin zaman yazıçı sosial şəbəkə vasitəsilə canlı yayımda olub.
Canlı yayımdan görünür ki, polislər onun yaşadığı evin qapısını döyür. Qapını açan yazıçı onlardan niyə gəldiklərini soruşur. Polislər gəlmə səbəbi kimi qonşuların şikayət etdiyini söyləyiblər. Şikayətin hansı qonşu tərəfindən edildiyini soruşan yazıçıya polis açıqlama vermir. Bu zaman bir nəfər mülkigeyimli şəxs evə daxil olaraq canlı yayımı dayandırır. Bundan sonra gənc yazıçı evindən aparılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın
sorğusu
na cavabında deyib ki, Kəramət Böyükçöl qonşularının və kirayədə qaldığı evin sahibinin şikayətləri əsasında saxlanılıb:
“Həmçinin Kəramət Böyükçölün saxlanılması həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır. Belə ki, son günlər Kəramət Böyükçölün sosial şəbəkələrdə sərxoş vəziyyətdə özünü aparması izləyiciləri və yaxın ətrafında onun sonda intihar edəcəyi fikri yaradıb. Sosial şəbəkələrdə bununla bağlı şərhlərə də rast gəlmək mümkündür. Dostları və izləyiciləri onun intihar edəcəyi ilə bağlı həyəcan təbili çalırdı. Ona kömək edilməsi ilə bağlı çağırışlar edilirdi. Bu baxımdan Kəramət Böyükçölün saxlanılmasının səbəbi, haqqında olunan şikayətlərdən başqa, həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır".