Kəpənəklər

Şairələr, deputatkalar, vətənpərvər gözəllər…

Source:

Kəpənəklər çox gözəl varlıqlardır. Fauna aləmindən, həşərat sinfindən,  pulcuqqanadlılar tipindən ən sevdiyim nümayəndələr kəpənəklərdir. Mən kəpənəklər barədə yazmaq istəyirəm. İstəyirəm, kəpənəklər barədə danışım.

Deyilənə görə, kəpənəklərin ömrü bircə gün olur. Vaxtım olmadığından, bunu heç bir bioloqla, ya da zooloqla dəqiqləşdirə bilməmişəm. Bəlkə də kəpənəyin ömrü bir yox, iki gündür. Amma bunun söhbətimizə dəxli yoxdur. Çünki mövzumuz genişdir, çoxşaxəlidir, köşə üçün ayrılmış yer isə çox dardır. Çoxşaxəli mövzunu isə dar yerə sığışdırmaq çox çətindir. Bilənlər bilir, bilməyənlər də, yəqin başa düşər.

Kəpənəklər kifayət qədər sirli məxluqlardı. Məsələn, bütün günü ora-bura uçur, güldən-gülə, çiçəkdən çiçəyə qonur, öz varoluşlarının dözülməz xəfifliyi ilə adama yanıq verirlər. Kənəkələrin yünjül qanadlarına və yüngül həyatına baxanda, insan öz ağır həyatından, bədəninin ağırlığından, qayğıların ağırlığından əziyyət çəkir. Başa düşür ki, həyat ədalətsizdir. Məsələn, varlığın biri yüngül qanadlı, həyatı rəngli və şən çiçəklərə qonmaqla keçən kəpənək kimi doğulduğu halda, sən minimum 50 kiloluq, ayaqlarını yerdən üzə bilməyən, çiçəklərin üstünə qona bilməyən bir məxluq kimi gəlirsən dünyaya.

Sizə deyim ki, kifayət qədər ədalətsiz təsadüfdür. Məsələn, mən çiçəklərin üstünə qona bilmək imkanından məhrum olduğuma görə çox əzab çəkirəm. Hamının arzulamaq haqqı var. Mənim də ən ülvi arzularımdan biri rəngli, şən, parıltılı, zərli qanadlarımı havada bir-birinə çırpa-çırpa uçmaq, uçmaq, uçmaq, yorulanda isə qırmızı, yaşıl, ya da mavi çiçəklərdən birinin üstünə qonmaq, dincəlmək, qanadlarımı günə verməkdir. Bu mənim arzumdur.  İnsan arzularına əmr edə bilmir.

Kəpənəklərin doğuşu da çox maraqlıdır. Məsələn, onlar əvvəl iyrənc, çirkin, iylənmiş qurdlar kimi doğulur, yamyaşıl tut yarpağından yeyib, bədənlərinə ağ ipək saplardan barama sarıyır, sonra qəfildən o baramanı deşib, ordan qəşəng, gözəl, parıltılı, zərli varlıqlar şəklində çıxırlar. Dünənə qədər, yəni qurd olduqları vaxtlarda onlara iyrəndiyindən əl vurmayan adamlar indi kəpənəyə heyranlıqla baxırlar. Onu tutmaq üçün saatlarla arxasınca qaçırlar. Sonra daha da sərt tədbirlərə əl atıb, xüsusi kəpənəktutan torlar düzəldirlər. Dükanlarla kəpənəktutan torlar satılır. Yekə-yekə kişilər, arvadlar bu torları alıl, kəpənək tutmağa gedirlər.

Romantik şairlər kəpənəklər barədə şeirlər yazır. Kəpənəklər barədə yazdıqları şeirlərə görə qonorar da alırlar. Kəpənəklər həm də romantik şairlərin ilham mənbəyi, ilham pəriləridir. Onlar öz sevgilərini, sevgililərini kəpənəklərdə görür, kəpənəklər onların gözlərinə gözəl qadınlar, qızlar, şairələr, deputatkalar, vətənpərvər gözəllər, həqiqət carçıları kimi görünürlər.

Bəstəkarlar romantik şarilərin kəpənəklərə yazdıqları şeirlərə mahnılar bəstələyir. Onlar da buna görə qonorar alırlar.  Müğənnilər kəpənəklər barədə mahnıları həvəslə oxuyurlar. Minlərlə insan konsert salonunda oturub, kəpənəklər barədə oxunan mahnıları alqışlayırlar. Bu mahnıları oxuduğuna təşəkkür əlaməti olaraq, müğənnilərə gül-çiçək bağışlayırlar. Müğənnilər bu mahnılardan yaxşı pul qazanırlar. Kəpənəklərə görə neçə-neçə ailə çörək yeyir. Kəpənəklər neçə-neçə adamın, ailənin, neçə-neçə arvad-uşağın çörək ağacıdır.

Ana səhifəMənim FikrimcəKəpənəklər