Kəndimizdə bir müsavatçı var

Nobelə layiq azərbaycanlılar və ya 27 illik dinc mübarizə

Source:

Bizim “rayon müxalifətçiləri” deyə bir anlayışımız var. Bu ad altında hansı fədakarlıqlar, prinsipiallıq, qəhrəmanlıqlar var, bunu hamımız bilmirik. Deməli, rayonlarda vəziyyətin nə qədər ağır olduğunu bilirik. Müxalif siyasi fəaliyyətlə məşğul olmaq, demək olar ki, mümkünsüz hala gətirilib. Amma davam edənlər var. 27 ildir, mübarizə aparanlar var. Təsəvvür etmək belə çətindir. Bu müddətdə minlərlə adam satılıb. Amma satılmaz insanlar var.

Bizim kənddə bir müsavatçı var – Kamran müəllim. Müəllim olduğuna görə belə də deyirlər, amma çox vaxt sadəcə “bəy” deyirlər. O kənddə, deyəsən, qonşu kəndlərdə də yeganə müxalifətçi odur. Ona guya zarafatla, ya da hörmətlə “bəy” deyənlər hiss eləmirlər ki, o kəndlərdə yeganə “bəy” adına layiq adam odur. Mənim hər iki həbsimdə narahatlığını bölüşüb. Gedəndə də görüşdüm Kamran bəylə. Qısa söhbətimiz oldu, amma “başını sal aşağı” deyən kəndlilərin arasında ada kimi həmsöhbət gördüm o söhbətdə.

Rayon müxalifətçilərinə adətən lağ edirlər, onları donkixotluqda qınayırlar, həqiqəti başa düşməməkdə, yaşaya bilməməkdə günahlandırırlar. Guya başını aşağı salıb, otlayanlar yaşamağın çəmini tapa biliblər, amma hər kənddə, adətən, 1 nəfər olan bu müxalifətçi reallıq hissini itirib. Rayon müxalifətçisi isə bunlara dözür, hər kəslə səmimi mübahisəyə girişir. Həqiqət o qədər onun tərəfindədir ki, hər mübahisədə “əə, yaxşı. Nə isə. Görürük də neynəyə bilirsiz” sözləri ilə qarşı tərəf çıxıb gedir. Hər seçkidə öz partiyasından namizədi təbliğ edir – o kənddə yeganə təbliğatçı olsa da. Seçki komissiyasında həmkəndliləri ilə üz-göz olur, amma ədalətin yanında olmaqdan əl çəkmir.

Rayon müxalifətçisi kasıb yaşayır, Bakı ilə əlaqəsi adətən yalnız qəzetlər vasitəsilə olur, bir də partiya sədri rayona gələndə çıxır görüşünə. Hakimiyyət orqanlarından kimsə ona ilişməz, ta ki yuxarıdan sifariş gəlməyə. Qanunla yaşayır, ona görə də ona münasibətdə qanunlar az-çox işləyir.

Bu qədər lağlağı, donkixotluq eyhamlarına baxmayaraq, onun elə növ hörməti var ki, kənddə başqa heç kimdə yoxdur. Hər kəs anlayır ki, bu adam onların edə bilmədiyini edir. Cəsarətləri çatmayan işi görür. Əsas məsələ heç görülən işdə də deyil. İnsanlar etiraf etməsələr də, bilirlər ki, rayon müxalifətçisi onların ümid etməyə cəsarət etmədiklərinə ümid bəsləyirlər. İdealistdirlər, qarın uğrunda çox şeyini satan və ya sata bilən adamların arasında ideayalarla yaşayan nadir adamlardırlar, amma qələbəyə o qədər inanırlar ki, tək bir ümidlə 27 il mübarizə aparırlar.

Həm də bu 27 il ərzində bir dəfə də zorakılığa, dincliyə təhlükə yaradan vasitələrə müraciət etməyiblər. Onları təhqir də ediblər, döyüblər də, işdən də qovublar, qohumlarını da cəzalandırıblar, onlara lağ da ediblər, amma onlar bunun əvəzində həmişə dinc, sivil, hüquqi üsullarla mübarizə aparıblar. Nəticəsi olsa da, olmasa da, zorakılıq etməyiblər. Müqayisə üçün deyim ki, hətta Nelson Mandela da qaraların terrorçu dəstəsini bir müddət dəstəkləyib.

Mən başqa ölkələrdə uzun müddət mübarizə aparan adamlar haqqında oxumuşam, Birmada, CAR-da, Latın Amerikasında və s.. Amma bizim rayon müxalifətçiləri kimi inamlı, ümidli insanlar haqqında oxumamışam. Onlar öz kəndində, şəhərində fərdi qəhrəmanlıq nümunəsi yaradırlar. Zaman-zaman ümiddən düşəni də olur, inamını itirəni də, lap satılanlar da olub. Amma bizim rayon müxalifətçilərimiz yenə var, onlar partiya fərqinə də baxmadan mübariz, sınmayan insanlar kimi hələ də öz balaca, darısqal, təmirsiz qərargahlarında demokratik Azərbaycanı gözləyirlər. 1-2 ilimiz həbsdə keçəndə, eşitmədiyimiz tərif qalmır, demək olar ki. Amma ömrünü, gəncliyini, hətta qocalığını bu işə sərf edən, bütün məhrumiyyətlərə dözən adamlar var ki, çox vaxt yada düşmürlər. Aralarında xeyli qocalar var, bilirlər ki, öləcəklər, istədiklərini görməyəcəklər, amma davam edirlər.

Mən tutulandan sonra anama işlədiyi məktəbdə təzyiq vardı. Direktor başqa müəllimlərə deyirdi ki, ona salam verməsinlər. Bunun nə qədər ağır olduğunu evdə dinləmişəm. 27 il bu və bundan ağır təzyiq altında yaşayan adamları düşünəndə isə ətim ürpəşir. Və bu ağır mübarizədə dinc mübarizədən heç vaxt imtina etməmək… artıq ət ürpəşməyinin ötəsində bir şeydir, bu.

Bildiyimə görə, Nobel mükafatını fərdi verirlər. Təşkilat da olsa, insan da olsa, 1 ilin mükafatı bir neçə nəfərə verilsə də, kütləvi səciyyə daşımır. Amma mən rayon müxalifətçilərimizin sınmayan, həyatları ilə dinc mübarizənin kitabını yazan nümayəndələrini sülh üzrə Nobel mükafatına layiq hesab edirəm. Bilmirəm, bir təşkilat yaradıb onları ora üzv edib namizədliyini vermək lazımdır, yoxsa necə, amma onlar buna layiqdirlər – Qorbaçovdan da, Obamadan da çox layiqdirlər.

Bəxtiyar Hacıyevin məhkəməsində iştirak etmək üçün 2011-ci ildə Gəncəyə getmişdik. Orda, deyəsən, Ümid partiyasının qərargahında görüşdük. AXCP, Müsavat təmsilçiləri də gəlmişdi. Qocalmış, vaxtından əvvəl saç-saqqalı ağarmış, bəziləri beli bükülmüş, kasıb, amma ürəklərində heç vaxt ölməyən ümid gözlərinə yansıyan insanlar yarıqaranlıq, balaca, təmirsiz otağa yığıldılar. Biz isə əksəriyyətimiz gənclər, deyə-gülə işıq saçırdıq. Onlar bizə baxdılar, gözlərində heç vaxt sönməyən həmin ümidlə gülümsədilər. Bəzilərinin gözləri yaşardı. Biri kövrək halda dedi ki, “nə yaxşı sizin kimi gənclər var. Biz bilmirdik bunu. Elə bilirdik, davam etdirən yoxdur. Amma siz varsınız. Davam edir”.

Ana səhifəMənim FikrimcəKəndimizdə bir müsavatçı var