”Kənd Təssərüfatı Nazirliyi gözə kül üfürür”

Vahid Məhərrəmov: “Məqsədləri ictimaiyyəti aldatmaqdır”

Source:


Vahid Məhərrəmov: “Məqsədləri ictimaiyyəti aldatmaqdır”

Kənd Təsərrüfatı Nazirliyinin icmallaşdırma və statistik təhlil şöbəsinin bildirdiyinə görə, Azərbaycan dünyada ən çox cins heyvan idxal edən 15 ölkədən

biridir.

Bununla belə nazirlikdən bildirilib ki, 2016-cı ildən başlayaraq respublikadan az sayda olsa da, cins heyvan ixracına başlanılıb. Bir baş cins heyvanın təqribi ixrac qiyməti 2 min 350 ABŞ dolları təşkil edir.

Bildirilib ki, Azərbaycandan cins mal-qara ixracı üçün Mərakeş, Özbəkistan, Misir, Qazaxıstan, Pakistan, Türkmənistan, İran, Küveyt, Gürcüstan, Tacikistan, Qırğızıstan, BƏƏ və Qətərə potensial bazarlar kimi baxıla bilər:

“Azərbaycandan 2016-cı ildə idxal 4 min 799 baş, ixrac isə 128 baş təşkil edib. Bu ilin səkkiz ayında həmin göstəricilər müvafiq olaraq 2 min 189 baş və 64 baş olub. 2015-ci ildə aparılan siyahıyaalmaya görə, ölkə üzrə 442 mindən çox təsərrüfatda mal-qara saxlanılır. Cins tərkibinin yaxşılaşdırılması məqsədilə təkcə 2016-cı ildə “Aqrolizinq” ASC-nin xətti ilə 4 min 555 baş iribuynuzlu damazlıq heyvan ölkəyə gətirilərək, güzəştli qiymətə lizinq yolu ilə satılıb. Həmçinin ötən il 103 min 359 heyvan süni mayalandırılıb və 73 min 728 baş buzov alınıb”.

Nazirlik qeyd edib ki, “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq, ötən il 12 min 113 buzova görə 10 min 535 heyvan sahibinə 1,2 milyon manatdan çox subsidiya verilib.

“Göygöl rayonunda Süni Mayalama Mərkəzinin yaradılması bu sahədə dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirib. Respublika Süni Mayalama Mərkəzi ilə paralel olaraq 12 regional süni mayalama məntəqəsi yaradılıb”.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov nazirliyin açıqlamasını Meydan TV-yə şərh edərkən reallığın çox acınacaqlı və heyvandarlıq sahəsinin bərbad olduğunu dedi:

“Son vaxtlar Kənd Təsərrüfatı Nazirliyi “barmaqdan sorub” nəsə etmək istəyir. İndiki bərbad vəziyyətdə görüntü yaradıb imitasiya ilə məşğul olmaq gözə kül üfürməkdən başqa bir şey deyil”.

Konkret misallara gəlincə, Vahid Məhərrəmov bildirdi ki, Azərbaycan uzun müddətdir Avropadan cins mal-qara idxal edir. Bu mal-qaranın dəyəri 3-5 min avro civarında dəyişir.

“Baltikyanı respublikalarda keçirilən tədbirlərdə fermerlər bizə deyirdi ki, onların əldə etdikləri cins heyvanlar 9 tona yaxın süd verir, Avstriyadan aldıqları malların hər birinin qiyməti 1200 avrodur. Azərbaycan isə hər bir mal-qaraya 3-5 min avro arasında vəsait ödəyir. Hətta bir müddət əvvəl 5 min avro verirdilər”.

Ekspert bildirib ki, mal-qaranın tələf olması tendensiyası da dayanmır.

“Nazirliyin açıqlamasından belə anlaşılır ki, adaptasiya edilən cins mal-qaranı 2 min dollara qonşu ölkələrə satmağa nail olurlar. Keçən ilin hər ayında 10-dan artıq cins mal-qara ixrac olunub, bu il isə 8 baş. Deməli, azalma var. alanlar da Orta Asiya respublikalarıdır, onlar da mal-qaranın Azərbaycanda adaptasiya olduğunu hesab edib alırlar. Təsəvvür edin ki, 3 min avroya Avropadan mal-qara alırlar, amma adaptasiya olunmuşu 2 min dollar sata bilmirlər”.

Vahid Məhhərmov iddia edir ki, cins mal-qara sahəsində yaranmış vəziyyət hökumətin məsələyə elmi əsaslarla yanaşmadığının nəticəsidir. Bir süni mayalandırma mərkəzinin işi ilə nailiyyət qazanmaq qeyri-mümkündür:

“Avropa ölkələrində bu sahəyə elmi əsaslarla yanaşıldığından, institutlar işlədiyindən yüksək keyfiyyətli cins mal-qara yetişdirilir. Ona görə nazirliyin gəlir əldə edəcəklər barədə dedikləri boş söhbətdir. Adi bir missal, ayda 8 baş mal-qara ixrac edirlər, amma 2 min 189 baş idxal olunub. Deməli, hər ay ölkəyə 182 baş cins mal-qara gətirilib, 8 baş ixrac olunub. Ona görə ciddi nəsə gözləmək əbəsdir, məqsədləri ictimaiyyəti aldatmaqdır”.

Ana səhifəXəbərlər”Kənd Təssərüfatı Nazirliyi gözə kül üfürür”