Kənd təsərrüfatının yol xəritəsi – IV yazı

Source:

Prezidentin 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş 12 strateji yol xəritəsindən biri “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair” dir. Həcminə görə ən böyük, 177 səhifəlik  xəritədir. Əhəmiyyəti və ona bəslənilən ümidlər böyükdür. Çünki ölkənin ərzaq təhlükəsizliyi və idxaldan asılılığının azaldılması çox vacibdir.

Lakin sənədin yeganə üstünlüyü elə həcmidir, ümumən indiyədək şərh etdiyim digər 3 xəritədən də bəsit və qeyri-konkretdir. İngilislər demişkən: “Bla-bla-bla!”. Sanki SSRİ-nin inzibati amirlik sisteminin Dövlət Planından xortlayıb gəlib: “bunu dəstəkləyəcəyik, o birisini stimullaşdıracağıq, üçüncüsünü təşviq edəcəyik, digərini inkişaf etdirəcəyik” və s. Nəticədə bu və bu olacaq, əla yaşayacağıq.

Deyilir ki, 2020-ci ildə sırf aqrar sahənin hesabına ÜDM 1,235 mlrd. manat artacaq, “Made in Azerbaijan” brendi yaradılacaq və s. Sanki tostlar məcmuəsidir. Hələ arada bəzi məsələlər üzrə “ayrıca proqramlar, plan və ya strategiyalar hazırlanacaq”, – deyə vurğulanır. 177 səhifə azdır, yenə yazacaqlar!

Xəritənin bazar iqtisadiyyatına aidiyyatı azdır. Çünki oradakı planların institusional dəstəyi (mülkiyyət hüququ və rəqabətin müdafiəsi və s.) haqda heç nə deyilmir. Məsələn, kənd təsərrüfatında kooperasiyanın inkişafı haqda xeyli danışılır. Həqiqətən lazımlı şeydir! Amma qanunlar işləmirsə, məhkəmələr ədalətsizdirsə, əminlik hissi olmadığından insanlar birgə fəaliyyət göstərməyəcək: bir-birinə, dövlətə etimad yoxdur axı. Kooperativlər haqda da normal qanunvericilik yoxdur, sahibkarların torpaqları yerli icra başçıları tərəfindən keyfləri istəyəndə zəbt olunur, “Azərişıq” kimi təşkilatlar inhisarçı vəziyyətindən sui-istifadə edərək sahibkarların başına oyun açır. Bu məsələlər həll olunmasa, digərlərinin əhəmiyyəti yoxdur!

Düzdür, sənəddə dünyadakı və Azərbaycandakı statistikanın (etimad edib-etməmək başqa məsələdir) və trendlərin təhlili maraqlıdır. Məsələn, orada deyilir ki, bitkiçilik sahəsində göstəricimiz ümumi dünya göstəricisindən aşağı, heyvandarlıq sahəsində isə əksinə, əsaslı şəkildə yuxarıdır. Aqrar təsərrüfatımızın ekstensiv istehsal üsulu ilə işləməsi də dəfələrlə vurğulanır. Zəif tərəflərimizin güclü tərəflərimizdən xeyli çox olması 41-42-ci səhifələrdə açıq-aşkar göstərilib. Yəni özünütənqid az deyil və bu, yaxşı haldır. Amma bəzi məsələlərdə səmimiyyət yoxdur. Məsələn, kənd təsərrüfatına ayrılmış kreditlər üzrə rəqəmlər həqiqəti əks etdirmir, çünki həmin vəsaitin xeyli hissəsi “şapka”ya, rüşvətə gedib, bir sözlə, oğurlanıb. Buna görə də, Xəritədə növbəti bürokratik qurumların (Ərzaq Təhlükəsizliyi Komissiyası və s.) yaradılması təklifləri narahatlığı daha da artırır.

Ümumiyyətlə sənədi oxuyanda yeganə ümid yerimizin Rusiya olduğu təəssüratı yaranır: Rusiya bazarı böyükdür, kənd təsərrüfatı məhsullarına ehtiyacı çoxdur, gəlin pomidor, xiyar, xurma, gilas, alma, fındığın ixracını artıraq. Arada bir neçə dəfə İran, hərdən Avropa da xatırlanır. Məsələn, Rusiya hazırda Qərb sanksiyalarına görə öz istehsalını artırmır. Axı Xəritənin özündə də deyilir: “Rusiya Azərbaycanın idxal etdiyi əsas 10 məhsul üzrə aparıcı ixracatçı olub, Azərbaycanda bu məhsullara tələbatın demək olar ki, 37 faizini ödəyir”. Bəs ağlımıza gəlmir ki, Rusiya da yəqin bizə öz ixracını artırmaq istəyir? Bəlkə əvvəlcə özümüzü təmin edək. İdxala lüzum qalmasın?! Özümüzü normal təmin edə bilmirik, dünyaya meydan oxuyuruq…

Təkcə, bu Xəritənin icrasına 1,17 mlrd. manat vəsait xərclənəcək…

Ana səhifəAnalitikaKənd təsərrüfatının yol xəritəsi – IV yazı