Kənd sakini: ”Bələdiyyə sədri 30 min manatı mənimsəyib”

Bələdiyyə sədri: “Şikayətçi qadın bələdiyyə sədri olmaq istəyirdi”

Source:

Bələdiyyə sədri: “Şikayətçi qadın bələdiyyə sədri olmaq istəyirdi

“Yollarımız bərbad, əkin-biçin üçün su yox. Belə də kənd olar? Kəndlinin suyu, əkin-biçini olmadı, daha onun şəhərdə yaşayandan nə fərqi olur? Dolanışığımız pisdir”, – deyir Zaqatalanın Bəhmətli kəndinin sakini Gülbənd Durmuşova.

G.Durmuşova bildirir ki, Zaqatala rayonu Bəhmətli kənd bələdiyyəsinin sədri Nailə Qurbanova Dünya Bankı tərəfindən kənd yolunun təmiri üçün ayrılmış 30.000 manatı mənimsəyib: “Nəticədə biz çox pis vəziyyətdə qaldıq. Yollar bərbad, gediş-gəliş çətindir. Bələdiyyə sədrinin bizə vurduğu ziyan bununla bitmir. Bu gün əkin-biçin sahələrimizi suvara bilməməyimizin səbəbkarı da Nailə Qurbanovadır”.


“Bələdiyyə sədri kəndə su çəkilməsinə imkan vermədi”

Şikayətçi bildirir ki, Bəhmətli kəndinin əkib-biçin üçün münbit torpaqları olsa da, suvarmaq üçün su olmadığından kənd camaatı torpaqları əkə bilmirlər:

“2015-ci ilin sentyabrında kənd mədəniyyət evində keçirilən iclas zamanı su probleminin həll edilməsi üçün Alazan çayından kəndə suyun çəkilməsi məsələsi qaldırılsa da bələdiyyə sədri Nailə Qurbanovanın təkidi ilə su problemi arxa plana keçirildi. Əvəzində 8 km uzunluğunda olan yolun təmiri məsələsinə baxıldı. Dünya Bankının ayırdığı 30.000 manat pulu yolu təmir etmək adı ilə bələdiyyə sədri Nailə Qurbanova mənimsədi. 8 km yola isə cəmi 7-8 maşın çınqıl, müəyyən hissəsinə isə tullantı daş-kəsək səpilməklə işlərini bitmiş hesab etdilər”.


“Kəndimizdə təsərrüfat iflic olub”

Gülbənd Durmuşova deyir ki, 30.000 manatlıq işin icrasını bələdiyyə sədrinin həyat yoldaşı Qüdrət Kiçikov həyata keçirib:

“ 7-8 maşın çınqıl istifadə etməklə qalan pulun mənimsənilməsi cinayət əməlidir. Hazırda isə həmin yol tamamilə bərbad vəziyyətdədir. Bələdiyyə sədrinin kəndimizə vurduğu ziyan bununla da bitmir. Kəndin mal-qara otarmaq üçün örüş torpaqları qalmayıb. Nailə Qurbanova hamısını icarəyə verib pul qazanmaqla məşğuldur. Bəhmətli kənd camaatı həmişə maldarlıqla, taxılçılıqla, qarğıdalı, tütün əkməklə məşğul olub. Ancaq indi bələdiyyə sədri Nailə Qurbanovanın qanunsuz fəaliyyəti nəticəsində Bəhmətli kəndində təsərrüfat iflic olub”.


“İnanırıq ki, talançılıq faktı ciddi araşdırılıb tədbirlər görüləcək”

Kənd camaatı bütün bunlarla bağlı prezidentə şikayət ərizəsi ilə müraciət ediblər. Cavab gözləyirlər:

“İnanırıq ki, bu talançılıq faktı ciddi araşdırılıb, tədbirlər görüləcək. Prezident cənab İlham Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsi üçün müvafiq sərəncamlar, tapşırıqlar versə də, Zaqatala rayonunda bunlara əməl olunmur. Mən Bəhmətli kənd icma qrupunun üzvü kimi cənab İlham Əliyevdən xahiş edirəm göstərdiyim faktları yerində araşdırıb, təcili tədbirlər görülməsinə tapşırıq versin”.


Nailə Qurbanova: “Vətəndaşın dedikləri tamamilə yalandır”

Məsələyə münasibət öyrənmək üçün Bəhmətli Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyənin sədri Nailə Qurbanova bildirdi ki, vətəndaşın dedikləri tamamilə yalandır: “Şər-böhtandır. Səbəbi də var. O xanım vaxtilə kəndin bələdiyyə sədri olmaq istəyirdi. Təhsili yoxdur deyə mümkün olmadı”.

O ki qaldı kəndə yolun çəkilməsinə, Nailə Qurbanova bildirdi ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində kəndin 8,6 km-lik yoluna daş, çınqıl, şebel töküblər: “Vəsait isə bizə verilməyib. Təşkilatla Dünya Bankı həll edib. Yəni, bizlik nəsə yoxdur. Həmin ərazidəki yollar çox yaxşı vəziyyətdədir”.

AzFakt.com-da dərc edilən daha bir məlumatda deyilir ki, Zaqatalanın 17 saylı Yol İstismar İdarəsi 2012, 2013, 2014-cü illərdə 3 milyon manatlıq tenderin qalibi olub. Ancaq şirkətin təmir etdiyi yollar bir neçə aydan sonra sıradan çıxıb. Yolun alt qatına tökülməsi lazım olan materialların pulu mənimsənilib. Sadəcə yollara 5-6 sm qalınlığında asfalt örtüyü döşənib. Nəticədə, kənd yolları qısa zamandan sonra bərbad vəziyyətə düşüb.

Ana səhifəXəbərlərKənd sakini: ”Bələdiyyə sədri 30 min manatı mənimsəyib”