Mən kənddə, 11 nəfərlik ailədə doğulmuşam. Evin doqquz uşağından biri kimi. Şəhər adamlarına qəribə gələ bilər, amma kənd yerində adətən ailələr geniş olur. Son illərə baxmayın, indi əyalətdə də uşaqların sayı ildən-ilə azalır. Amma mən doğulanda kənd yerində doqquz uşaq dünyaya gətirmək kənd adamları üçün dünyanın ən sadə işi idi. Cinsi savadsızlıq bir yandan, uşaqları rifah içində böyütmək məcburiyyətini hiss eləməmək də bir yandan.
Kənd adamı fikirləşir ki, nə var axı, uşağı böyütməyə? Əlinə bir tikə çörək ver, ötür çölə. Bir az böyüyən kimi də, oğlandısa qabağına bir dəstə quzu qat, otarsın. Qızdısa, bir az toralan kimi qapı-bacanı süpürsün, pambıq yığsın, mal-qaraya baxsın, xalça-palaz toxusun.
Pambıq demişkən, bəzi rayonlarda, bir çox ailələrdə övlad həm də gəlirli işdir. Məsələn, atam həmişə deyirdi ki, beş qızım var, hərəsi gündə yüz kilo pambıq yığsa, bir mövsümə ailənin bir illik dolanışığını çıxartmaq olar. Böyüyəndə də ərə gedəcəklər, qızdan adama nə ziyan gələcək?
Bəli, atam və onun kimi kənd kişilərinin düşüncəsinə görə, qızdan adama bircə zərər gələ bilərdi. Bir də gördün, böyüdü, oxumaq istədi, şəhərə getdi, orda da qoşuldu bir gədəyə və adımızı batırdı. Kənd kişilərinin qızları ilə bağlı bütün qayğıları, qorxuları bununla məhdudlaşır.
Mən belə bir kənddən, belə bir ailədən başımı götürüb, şəhərə gəlməyi bacardım. Bu böyüklükdə ailənin, bu qədər bacı-qardaşın arasında dərs oxuya bilmək sizə asan gəlməsin. İşdən-gücdən, səsdən-küydən kitab-dəftər açmağa vaxt tapanda da, kinayələr, lağa qoymalar, «buna bax, guya oxuyub, alim olacaq» tənələri… Böyüyəndən, bir az kitab oxuyandan sonra başa düşdüm ki, çoxuşaqlı ailələrdən, kasıb evlərdən dahilərin çıxmağı çətindir, istisnadır. Çoxuşaqlı ailələrdən çıxan böyük yazıçılar, filosoflar ancaq ağır həyatlarını ədəbiyyata, fəlsəfəyə çevirməyi bacarmaqla uğur qazana biliblər. Yoxsa, sistemli şəkildə, səliqə-səhmanla oxumayan, təhsil almayan adamdan böyük və ciddi uğurlar gözləmək mənasızdır. Məhrümiyyətlər, çətin şərait, imkansızlıq mənim də təhsilimi adda-budda, yarımçıq almağıma səbəb oldu. Buna baxmayaraq, nələrisə bacardım…
Nisbətən sərbəstliyimi, nisbətən azadlığımı, yaşamalı olduğum ikili-üçlü həyatı qazanmaq da mənə asan başa gəlmədi. Bu yarımçıq azadlığı, yarımçıq sərbəstliyi də zərrə-zərrə, qram-qram, bəzən ağlaya-ağlaya, bəzən döyüşə-döyüşə qazandım. Elə şəhərə qədəm qoyduğum gündən də eşitdiyim sual bu oldu: nə vaxt orda birin tapıb, ərə gedəcəksən? Orda subay gəzsən, qohum-qonşuya nə deyəciyik?
Bu sualı az qala hər gün eşidə-eşidə ali məktəbi bitirdim. Diplom aldım. Jurnalist oldum. Bütün təhsilim, diplomum, ixtisasım valideynlərimin gözündə heç nədir. Onlara kürəkən lazımdır. Çünki, mən ərə getməyənə qədər qohum-qonşunun yanında öyünə bilməyəcəklər.
Çünki yaxşı yerə, ən azından sadəcə ərə verilmiş qızla müqayisədə ali təhsilli qız heç nədir. Yarımçıqdır. Təsdiq olunmayıb o qız. Qiymətini almayıb. Təsdiq olunmaq, qiymətini almaq, valideynlərin fəxr yeri olmaq üçün o mütləq ərə getməlidir. Dəxli yoxdur, lap o oğlan avaranın, narkomanın, hətta cinayətkarın biri olsun. Sən, ali təhsilli, savadlı, ziyalı ola bilərsən. Elmi iş müdafiə edə bilərsən. Amma yanında lap sənə heç yaraşmayan, avara, düşük bir gədə olmasa, heç kim sənə hörmət etməyəcək. Cəmiyyət sənin qiymətini ancaq o vaxt verəcək ki, sən o avara, nəşəxor, oğru, cibgir, fərqi yoxdur, adamı tapıb, ona ərə gedəsən.
Sonra da bizi qınayırlar. Qınayırlar ki, ərə getməkdən ötrü ölürsünüz. Oxumuş, ziyalı, müasir kişlərimiz, hətta qadınlarımız belə bizi ittiham edirlər ki, ali təhsilli qızlar ərə getmək xətrinə düşük, avara, səviyyəsiz adamlara ərə gedirlər. Halbuki, başqa yolumuz yoxdu. Cəmiyyət bizi ərə getməyincə, yanımıza bir avara gədə salmayınca ciddiyə almır, sözümüzün kəsəri olmur.
Daha bir iradları da budur ki, 20 yaşları olan kimi ərə getmək istəyirlər. Bunda da bizim günahımız yoxdur. Biz nə edək ki, ölkədə 40 yaşlı kişi asanlıqla on altı yaşlı qızla evlənir. Amma qadının yaşı 25-i keçən kimi ona qarımış qız kimi baxırlar, oğlanlar yeniyetmə qızlara baxır, hətta yaşı qırxı keçmiş kişilər belə, mümkün qədər gənc qız axtarır. Ona görə də, bizim mümkün qədər cəhənnəm olub, tez ərə getməyimiz məcburiyyətdir, cəmiyyətin, ailənin, toplumun bizdən tələbidir. Kefimizdən belə eləmirik. Guya biz istəmirik ki, cavanlıcımızı yaşayaq, kafe-restoranlarda yaşıdlarımızla əylənək, mədəni tədbirlərə qoşulaq, xarici ölkələrə səfər edək? 20 yaşımız olan kimi ərə getmək, uhaq doğmaq, gəncliyimizi fəda etməkdən, tezbazar arvadlaşmaqdan ötrü guya ürəyimiz gedir?
Yox. Biz qadın olmaq istəyirik. Amma toplum bizdən arvadlıq tələb edir.
Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.