Təcridxana işçiləri AXCP üzvünün məktublarının ünvanına çatdırılmasına imkan verməyiblər
AXCP üzvü, hazırda həbsdə olan Kəmalə Bənənyarlının qızı Səidə Xəlilova bu gün anası ilə
görüşüb. Görüş barədə Meydan TV-yə məlumat verən Səidə Xəlilovanın sözlərinə görə, anası ona
özünü yaxşı hiss etmədiyini deyib və Beynəlxalq Qızıl Xaç Komitəsinin ona baş çəkməsini istəyib.
Bundan başqa, vəkili Əshabəli Mustafayevlə də görüşmək istədiyini söyləyib.
Kəmalə Bənənyarlı qızına içərdə baş verənlər haqqında da məlumat verib. Deyib ki, Tural
Abbaslı karserə salınmayıb, Orxan Eyyubzadə isə təcridxananın əməkdaşları ilə mübahisə edib.
Mübahisənin yaranma səbəbləri bəlli deyil. K.Bənənyarlı özünü hələ də yaxşı hiss etmədiyini deyib.
Təcridxana işçiləri K.Bənənyarlıya qızı ilə görüşü zamanı müdaxilələr edib, yazdığı məktubların
ünvanlarına çatdırılmasına icazə verməyiblər.
Kəmalə Bənənyarlı mayın 7-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum
edilib.