“Müstəntiq çıxardığı bəraət qərarını ləğv edib”
“Meydan TV-də material dərc edildikdən bir neçə gün sonra Ayveni həbs etdilər. İndi Şüvəlan türməsində saxlanılır. Ona dələduzluq maddəsiylə cinayət işi açıblar”.
Bunu ayyarım əvvəl Meydan TV-yə müraciət etmiş və sonradan həbs olunmuş Qusar sakini Ayven Şamuradovun atası Qəhrəman Şamuradov deyir.
“Əslində Ayven Qusarın prokurorundan və müstəntiqindən şikayətçi olduğuna görə onu belə “cəzalandırmaq” qərarına gəliblər. Müstəntiq onun barəsində çıxardığı bəraət qərarını ləğv edib, onu eyni maddə üzrə yenidən cinayət məsuliyyətinə cəlb edib. Hələ üstəlik, cinayət işinin miqyasını şişirtmək, epizodların sayını artırmaq üçün işə başqalarını da qatıb. Məqsədsə yuxarılara şikayət etməsinin bədəlini Ayvenə uzunmüddətli həbsdə saxlamaqla ödətməkdir”, – atası vurğulayır.
Oktyabrın 28-də Meydan TV-də Qusarın Quxuroba kənd sakini Ayven Şamuradovun şikayəti əsasında material dərc olunub. O, Qusar Rayon Prokurorluğunun müstəntiqinin əməllərindən şikayətçi idi.
Ayven Şamuradov deyirdi ki, fındıqçılıq, meyvəçilik və heyvandarlıq təsərrüfatları, torpaq sahələri, xeyli heyvanı olub. Bir yaxın qohumu onunla əvvəlcə təsərrüfatlara şərik olub. Sonra bütün təsərrüfatlara sahiblənmək qərarına gəlib və Ayvendən şikayətçi düşüb.
Ayvenin iddiasına görə, həmin şəxs ondan rayonun hüquq-mühafizə orqanlarına şikayət edib, şərləyib. Polis və Prokurorluqla əlbir olub, onu tutdurub, bütün təsərrüfatlarını əlindən alıb, bundan sonra barəsindəki cinayət işinə xitam verilib. Ayven həbsdən buraxılandan sonra başına gələnlər barədə Prezident İlham Əliyevə, Baş prokurora yazıb. Bundan sonra barəsindəki xitam qərarı ləğv edilib. Ayven Şamuradov danışırdı ki, müstəntiq onu daha uzunmüddətli həbsə göndərəcəyi ilə hədələyib. Ayven Şamuradov barəsində saxta ərizələr toplandığını biləndə rayondan didərgin düşüb.
O, Meydan TV-yə bunları demişdi:
“Rayon prokurorluğunun müstəntiqi Rahim Zülbalıyev yenə mənə zəng vurub və 178-ci maddə üzrə cəlb olunduğumu deyib. Özünün bəraət verdiyi iş üzrə təzədən cinayət işi başlayıb. Halbuki, vaxtilə mənim şərikim olmuş xalam oğlu təsərrüfatlarımı əlimdən alandan sonra özü ərizəylə müraciət edib, dəymiş zərərin ödənildiyini, məndən şikayətçi olmadığını bildirib. İndi müstəntiq tanıdığım-tanımadığım adamlardan təzyiq yoluyla mənə qarşı saxta sübutlar toplamağa çalışır ki, məni həbs etsin”.
Ayven Şamuradov təkrar şərlənib həbs olunacağından ehtiyat etdiyinə görə Qusarı tərk etdiyini deyirdi:
“Evim-eşiyim, təsərrüfatlarım, bağlarım – nəyim vardısa, üzümə dayanıb əlimdən aldılar. İndi Qusardan kənarda kirayələrdə qalıram. Yenə məndən əl çəkmirlər. Mən vaxtilə Baş Prokurorluğa şikayət etdiyimə görə, müstəntiq mənimlə qərəzlidir, deyir, nə yolla olursa olsun, səni həbsxanaya atacam”.
Qusar rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, Ayven Şamuradovla bağlı bir neçə nəfər ərizəylə müraciət edib. Ərizələr araşdırılarkən onun bir neçə nəfərə qarşı dələduzluq etməsiylə bağlı əsaslı şübhələr ortaya çıxıb və cinayət işi başlanıb. O, təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Yeri müəyyən edlimədiyi üçün həbsli axtarış qərarı çıxarılıb. Noyabrın 16-da yeri müəyyən edilib, gizləndiyi Xaçmaz rayonunda həbs edilib.
Qəhrəman Şamuradov deyir, Ayven Şamuradovla bağlı ərizəçilər elə əvvəlkilərdir:
“O işlərə ki, xitam vermişdilər, həmin işlər üzrə şikayətçiləri çağırıb təzədən ərizələrini alıblar. Məsələn, guya Ayven birindən torpaq alıb, pulunu verməyib. Həmin adamdan əvvəl də ərizə almışdılar, ancaq araşdırıb gördülər ki, torpaqla bağlı notarial qaydada alqı-satqı olub, Ayven tərəfindən pul da notariat kontora ödənilib. Ya məsələn, bir südçü qadını üzünə qoyublar, guya həmin qadın Ayvendən süd almaq üçün ona 8 min pul verib, ancaq Ayven nə süd verib, nə də pul qaytarıb. Araşdırmada məlum olmuşdu ki, Ayven 8 min manatın qarşılığında həmin qadına 8 min 900 manatlıq süd verib. Yəni hələ qadın ona borclu qalıb. Bütün araşdırılıb xitam verilmiş işləri təzədən qaldırıblar. Məqsəd də Ayvendən ötən il onlardan şikayətçi olduğuna görə qisas almaqdır”.