Keçmiş MTN polkovniki: “İstintaq İdarəsinin sabiq rəisi məndən qisas alır”

Mənbə: e-hüquq

“Baş prokuror Kamran Əliyevin oğlu DTX-da hərbi xidmət keçirdi…”

Keçmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) generalı, uzun illər nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev, eləcə də onun tabeliyində işləmiş üç polkovnik Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun apelyasiya məhkəməsi davam edir. Fevralın 13-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan general Mövlam Şıxəliyev vəsatətlə çıxış edib. O, prokurordan ona qarşı irəli sürülən ittihama hüquqi qiymət verməsini istəyib.

Generalın vəkili Ceyhun Yusifov aydınlıq gətirərək izahat verib ki, Mövlam Şıxəliyev ittiham aktında yazılanlara sübut tələb edir.

Hakimlər generalın vəsatətini əsassız sayaraq, təmin etməyib. Şıxəliyev bununla kifayətlənməyib. O bildirib ki, rüşvət alma ittihamı üzrə sənədlər ortaya qoyulmalıdır, sübutlar olmalıdır: “İşin içində möhürlənmiş sənəd yoxdur”.

Digər təqsirləndirilənlər də Şıxəliyevin vəsatətini müdafiə edib. Zərərçəkmişlər isə əksinə, onun əleyhinə çıxıb. Hüseyn Səfərov etirazını belə ifadə edib:

“Camaatdan hədə-qorxuyla, zorla pul alıblar, hələ danışırlar da. Biz vəsatətin rədd olunmasını istəyirik”.
Məhkəmə Mövlam Şıxəliyevin bu vəsatətini də təmin etməyib.

Daha sonra Mövlam Şıxəliyev əmlakarın üzərinə qoyulan həbsin götürülməsini, ona bəraət verilməsini, ədalətli qərar qəbul edilməsini istəyib.

Məhkəmə bu vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, vəsatətdə olan məsələlərə məhkəmə sonda qiymət verəcək.

Foto: Mövlam Şıxəliyevin yaxınlarının arxivindən

Keçmiş MTN polkovniki Yasin Məmmədov da çıxışında təqsirsiz olduğunu deyib. O, istintaqdan şikayətlənib,,çoxsaylı pozuntulara yol verildiyini bildirub. MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Yasin Məmmədov deyir ki, ona qarşı irəli sürülən ittihamlar birinci instansiya məhkəməsində sübuta yetirilməyib. Lakin Bakı Hərbi Məhkəməsi onun haqqında ittiham hökmü çıxarıb.

Yasin Məmmədov bildirib ki, 1-ci Qarabağ döyüşlərində 6 qardaş iştirak ediblər:

“Vətənə borcumuzu yerinə yetirəndən sonra bəzi səbəblərə görə Azərbaycandan kənara – Rusiyaya getdik. Orada iş qurduq. Sonradan Bakıya gəldim və Milli Təhlükəsizlik Nazirliyində işə düzəldim. Həmin dövrdə mənim yaxşı imkanım var idi. İşə ən bahalı maşında gəlirdim. Nazir Namiq Abbasov mənə deyirdi ki, şəxsi maşınınla nazirliyə gəlmə, kənardan elə fikirləşərlər ki, dövləti çapıb-talayırıq. Mən həmin dövrdə nazirlikdə bir çox işlər gördüm. Şəxsi vəsaitimi nazirliyin binasının təmirinə xərcləmişəm. 2400 manata kompüter almışam iş üçün. O vaxt böyük pul idi. Mən xidmətdə çırmaqlaşa-çırmaqlaşa yüksəlmişəm. Bunu bir xətlə silmək insafsızlıqdı. Mən kimlərinsə sifarişilə buradayam…”.

Yasin Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinin keçmiş rəhbəri Eldar Əhmədov, müstəntiqlər Əli Babayev və Qasım Məmmədovu qanunsuz istintaq aparmaqda ittiham edib. Onun sözlərinə görə, vaxtilə bir sıra ümumi iclaslarda Eldar Əhmədovun fəaliyyətini tənqid edib. Bu üzdən fürsət düşən kimj Eldar Əhmədov ondan qisas alır.

Yasin Məmmədov. Foto: Meydan TV

O, vaxtilə tabeliyində çalışdığı, hazırda birlikdə mühakimə olunduğu Mövlam Şıxəliyevlə münasibətlərindən də danışıb:

“Mənim ümumuiyyətlə, əvvəldən Mövlam Şıxəliyevlə aram olmayıb. Xidmət dövründə Mövlam Şıxəliyev mənə düşmən kimi baxıb. İndi necə olur ki, biz mütəşəkkil cinayətkarlıqda mühakimə olunuruq? Mövlam Şıxəliyev xidmət dövründə mənə heç nə etibar etməyib. Adama belə ittiham verərlər? Eldar Əhmədov və Qasım Məmmədov barəmdə mənfi fikirlər formalaşdırıblar. Bu formada da barəmdə qanunsuz ittihamedici hökm çıxarılıb”.

Yasin Məmmədov əlavə edib ki, ona 2015-ci ildə ittiham vermək istəyiblər, amma sübut tapa bilməyiblər:

“Mən  sonradan Dövlət Təhlükəsizliyi Xidmətində işimi davam etdirdim. 2020-ci ildə təqaüdə çıxdım. Həmin illər ərzində prezidentin korrupsiyaya qarşı apardığı siyasəti üzrə istintaq qrupuna rəhbərlik etmişəm. Rüşvətlə bağlı həbs olunan icra başçılarının istintaqını aparmışam. Amma sonradan özümü ittiham etdilər. Rüşvət alma ilə bağlı əməliyyat keçirilir, çəkiliş aparılır, möhürlənmiş sənədlər götürülür. Amma bizə qarşı irəli sürülən ittihamların heç birində belə bir hal yoxdur. 14 ildən sonra yada düşüb ki, kimlərdənsə rüşvət almışıq. Zərərçəkmiş şəxslərin barəsində ekspertiza rəyləri, hökmlər var. Bunların heç biri də ləğv olunmayıb. Belə olan halda biz onlardan necə rüşvət ala bilərik? Bu işdə bir nəfər də olsun, şahid yoxdur. Amma yanız zərərçəkmiş var. Belə ittiham olar?”.

Yasin Məmmədov deyib ki, Baş prokuror Kamran Əliyevin oğlu Kənan Əliyev Dövlət Təhlükəsizliyi Xidmətində hərbi xidməti keçib:

“Onu mənim şöbəmə vermişdilər. Mən ona əsgər kimi yox, bir istintaqçı kimi yanaşırdım. Xarici dil bilirdi, yaxşı savadlı idi. Ona görə də istəyirdim ki, xüsusi xidmət orqanlarında xidmətini davam etdirsin. Amma özü bunu istəmədi. Bu gün barəmdə Baş prokurora mənfi fikirlər çatıdırırlar. Amma Baş prokuror məni öğlundan maraqlansa, necə istintaqçı olduğumu bilər”.

Yasın Məmmədov vurğulayıb ki, sonradan maddi baxımdan imkansız duruma düşüb:

“Oğlum təhsil haqqını toplamaq üçün ofisiant işləyib. Hansı məmurun övladı ofisiant işləyər? Biz bu günlərə belə yollar keçərək gəlmişik. Mənim əmlakımın olması ilə bağlı müvafiq sorğular verilib. Amma heç bir əmlakım olmadığı üzə çıxıb. Axırda 1996-cı ildə qardaşımın aldığı əmlakın üzərinə həbs qoyulub. Bu biabırçılıqdır”.

Yasin Məmmədova mərhum zərərçəkmiş Cahangir Məmmədovdan 80 min manat tələb etməsi haqda da ittiham verilib:

“Bu da absurd ittihamdır. Yazırlar ki, guya biz ondan pul tələb etmişik, o da evini satıb, bizə verib. Bundan sonra Cahangir intihar edib. Cahangirin arvadı məhkəmədə ifadə verdi və bildirdi ki, Cahangiri qardaşı Arif öldürüb. Cahangirin özü də istintaq altında olanda deyirdi ki, onu bu günə qardaşı salıb. Deyirdi ki, qardaşıma yaxşı işlər görmüşəm, o isə  həbsdə olanda mənə baxmır”.

Əfsəl Həsənəliyev. Foto: Meydan TV

Zərərçəkmiş Əfsəl Həsənəliyevin ittihamına toxunan Yasin Məmmədov deyib ki, bu şəxs həbsdə olan zaman qisas almaq niyyəti olub:

“Əfsəl Həsənəliyev deyir ki, guya kredit götürüb, həmin pulu da bizə verib. Amma həmin pulu Əfsəl Həsənəliyev taxta biznesinə yatırıb. Ukraynadan taxta alaraq bura gətirib. Onun taxta sexi də var. Əfsəl Həsənəliyev kimdir? Cibində diktafon gəzdirən bir şantajçıdır. O, səsini yazmadığı adam, hakim, prokuror yoxdur. Hakimlərin, prokurorların səsini yazır, sonra da onları şantaj edir”.

Yasin Məmmədov iddia edib ki, Mövlam Şıxəliyev ona qarşı düşmən mövqedə olub:

“Mənim həyatımı məhv edib. Mən daha yüksəklərdə ola bilərdim, rütbəm arta bilərdi. Bunların qarşısını alan şəxs olub. Xidmət dövründə toylara, yas yerlərinə gedə bilməmişəm. Mənə icazə verməyib. Xidməti fəaliyyətimlə bağlı mən də daim qusur axtarıb. İndi mənim birlikdə ittiham edirlər. Belə bir biabırçı ittiham heç vaxt görünməyib. Mövlam Şıxəliyevlə eyni icraatda ittihamın verilməsini belə, özümə qarşı hörmətsizlik hesab edirəm”.

Sabiq MTN-çilərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi fevralın 20-də davam edəcək. Növbəti məhkəmə iclasında digər keçmiş MTN-çilər çıxış edəcək.

Adları çəkilən sabiq MTN-çilərdən Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda digər üç nəfər də məhkəmə zalında həbs edildi. Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edildi.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.

Ana səhifəSiyasətKeçmiş MTN polkovniki: “İstintaq İdarəsinin sabiq rəisi məndən qisas alır”