“MTN işi” üzrə növbəti məhkəmə iclası olub
Fevralın 22-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Sübahir Qurbanov və Teymur Quliyevin hər birinin 16 il, Natavan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il, Zaur Məmmədovun 14 il, Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il, Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan başqa o, generalların rütbədən azad edilməsi barədə prezidentə, digər şəxslərin rütbəsi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsini ,zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar qəbul edilməsini, təqsirləndirilən şəxslərə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.
Prokuror təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə olunması ilə bağlı da qanunvericiliyin tələblərinə uyğun qərar çıxarılmasını xahiş edib.
Proses martın 1-də təqsirləndirilən şəxslərin vəkillərinin çıxışları ilə davam edəcək.
MTN-in sabiq baş idarə və idarə rəisləri – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar. Onlar bir sıra ağır cinayətlərdə ittiham olunurlar.
MTN naziri Eldar Mahmudov 2015-ci ildə vəzifəsindən azad ediləndən sonra həmin qurumun əməkdaşları və yüksək rütbəli şəxslərin bir sıra cinayətlər törətmələri məlum olub.