Sabiq nazirin uzun müddət idi ki, şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi
Martın 27-də Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri və Özbəkistandakı keçmiş səfiri Namiq Abbasov vəfat edib.
Sabiq nazirin uzun müddət idi ki, şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.
1940-cı ildə Ordubad şəhərində anadan olan Namiq Abbasov 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Namiq Abbasov 1962–1976-cı illərdə “Abşeron” qəzetində redaktor, sonrakı illərdə Abşeron Rayon Partiya Komitəsinin II katibi vəzifəsində işləyib.
O, 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb və 2 il sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbini bitirib.
Namiq Abbasov 1992-ci ilədək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini kimi vəzifələrdə işləyib.
N.Abbasov 1992–1994-cü illərdə Milli Təhlükəsizlik nazirinin müavini və birinci müavini, 1995-2004-cü illərdə nazir vəzifəsində olub.
Namiq Abbasov 2004–2012-ci illərdə Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsində çalışıb.